MDB ölkələri üzrə təxminən 117 ali məktəbdən süni yolla Azərbaycan ali məktəbərinə kütləvi köçürmələr olub
Beynəlxalq səviyyəli məşhur bir universitetin saxta məzunları ilə bağlı hərbi komisarlıqdan TQDK-ya 100 sorğu daxil olub
2008-ci ildə orta ixtisas məktəblərini bitirən məzunlardan bu günədək 1430 nəfər sənədlərini qəbul komissiyasına daxil edib. İyulun 20-dək sənəd qəbulunun davam edəcəyini deyən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədri Məleykə Abbaszadənin sözlərinə görə, III qrup abituriyentlər sənədlərini TQDK -ya daxil etməyə tələsməlidirlər. «İyunun 29-da bu qrupa daxil olan abituriyentlər imtahan verəcəklər». M.Abbaszadə qeyd edib ki, elektoron bazada qeydiyyat aparılması nəticəsində bir sıra maxinasiyaların da üstü açılıb: «İndiyədək 1 milyon 500 min nəfər azərbaycanlı gənc haqqında elektron bazada məlumat var.1992-ci ildən indiyədək kim imtahanlarda iştirak edibsə, onların haqqında məlumat elektron bazada saxlanılır». Prosesin üstünlüyündən danışan M.Abbaszadə qeyd edib ki, süni yolla ali məktəblərə daxil olanlar bakalavrı bitirib magistraturaya daxil olmaq istəyəndə, özləri haqda məlumatı o vaxt təzələməlidirlər ki, sənədlərində dəyişiklik olsun. «Belə olmadığı halda baş verən qeyri- qanuni hərəkət üzə çıxır. Bu cür 700 hal aşkarlamışıq. Onların arasında yalnız 32 nəfər xaricdə təhsil alan şəxslərdir. Bu diplomlar Azərbaycanda tanındığından onların sənədlərini qəbul etmişik. Bizim imtahanlardan keçməyənlər müxtəlif yollarla başqa ölkələrin filiallarına daxil olaraq, oradan dövlətin təhsil ocaqlarına köçürülüblər. Yalnız bir nəfər Alma-Ata Dövlət Universitetindən qanunu yolla köçrülüb. Süni yolla köçürülənlər isə hədsiz çoxdur. MDB ölkələri üzrə təxminən 117 belə ali məktəbin adı sıyahıda var. Amma 4 təhsil ocağı var ki, onlar haqda danışmamaq mümükün deyil. Dağıstan filialları və Moskva Açıq Universitetindən dövlət ali məktəblərimizə kütləvi köçürmələr var. Bir ildə 200 nəfər bu yolla dövlət universitetlərində peyda olublar. Ola bilsin ki, ölkənin müxtəlif ali məktəblərinə başqa ölkələrdən lap 200-400 nəfər köçürülsün. Amma bir ali məktəbdən - Mahaçqalanın və Dərbənddən- bir ildə o qədər adam köçürülməsi mümkün deyil. Buna əsas olmalıdır. Tutaq ki, həmin şəhərdə epidemiya yayıla bilər. Axı bu haqda heç yerdə informasiya yoxdur. Həmin adamlar haqqında bizim məlumat bazamızda informasiyamız var ki, onlar bizdə test imtahanlarından keçməyiblər. Müvafiq bal toplamadıqlarından heç yerə qəbul olunmayıblar. Elə həmin ili hansısa yolla Dağıstanda qəbul olunublar. Az keçməmiş isə nədənsə yenidən Azərbaycan ali məktəblərinə köçürülüblər». M.Abbaszadə hazırda özəl universitetlərdən saxta sənəd alanlar haqqında da danışıb. «Xüsusi ilə özəl ali məktəblərin məzunları haqda bizə sorğular daxil olur. Bizim beynəlxalq səviyyəli məşhur bir universitet var, adını çəkmək istəmirəm, bu onun reklamı olardı. Onun məzunları və həqiqətən orada oxumayan adamlar haqda hərbi komissarlıqdan sorğu məktubları gəlir. Bu il həmin universitetlə bağlı 100 belə sorğu almışıq. Təəssüf ki, bu proses hələ də davam edir. Bu məlumatları toplayıb prezidentə təqdim etmişik. Eyni zamanda, müvafiq orqanlara və nazirliklərə müraciət etmişik ki, bütün bunlar araşdırılıb hüquqi qiymət verilsin». Qeyri-qanuni yolla ali məktəblərdə peyda olan 700 nəfərdən heç biri magistratura imtahanlarında yüksək nəticə göstərə bilməyib:«Bu cür hallar dövlət qulluğuna qəbul imtahanları keçiriləndə aşkarlandı. Onların heç birinin adı bazada tapılmırdı. Həmin şəxslər güzəştlə imtahanlara buraxılsalar da, lakin onlardan heç biri imtahanlardan keçmədi». Gülnaz Qənbərli /ANSPRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 20.06.2008 16:28 © anspress.com |