"İstiq Lalın dilini anası bilər. Ana isə Azərbaycandır"
Qarşıdan Azərbaycanın ən böyük bayramı gəlir. Bütün rəsmi və qeyri-rəsmi bayramlarımızın bayraqdarı
....Doğrudur, pafosu sevmirəm. Amma indi deyəcəklərimin kimlərəsə pafoslu görünə biləcəyi də məni qətiyyən narahat etmir. Qarşıdan Azərbaycanın ən böyük bayramı gəlir. Bir nömrəli bayramı. 28 may. Respublika günü. Bütün rəsmi və qeyri-rəsmi bayramlarımızın bayraqdarı. İnanın ki, mən bu sözləri bu günün yuvarlaq mahiyyətinə, demokratik başlanğıcımızın 90 yaşına diferamba kimi demirəm. Bu, yeganə gündür ki, orda «bayram və bayraq» sözlərinin ritmi və rifmi heyrətamiz qanunauyğunluqla üst-üstə düşür. Azərbaycan Demokratik Respublikası çoxdan statistikadan çıxaraq rəmzə çevrilib və bu rəmzə münasibət əslində bütöv bir dəyərlər kompleksinə münasibətimmizi formalaşdırır. Bu gün bizim 28 maya yanaşmağımız əslində demokratik ənənələrə yanaşmağımızdır. Onu qəbul etdiyimiz qədər demokratik, onu etiraf etdiyimiz qədər tarixə səmimi, ona sadiq olduğumuz qədər sədaqətliyik. Əlbəttə səhvsiz də olmur, qüsur yalnız doğulmamış, yaranmamış vücudlarda ola bilər. Onların da doğulmaması, yaranmaması faktının özünə bir qüsur kimi yanaşmasaq. Bu baxımdan ADR-in fəaliyyətində qüsur axtaranları, hətta ittiham edənləri də başa düşmək olar. Elə cümhuriyyətçiləri hakimiyyətdə oluqları dövrdə İrəvanı Ermənistana verməkdə günahlandıranları da. Amma bizim istəyimizdən, iradəmizdən asılı olmayan nəsnələr də var ki, onların məğzinə müdaxilə edə, yerini dəyişə, çəkisini azalda və ya artıra bilmərik. Azərbaycan Demokratik Respublikası birincidir. Düzdür, o süqut edib, bir daha enməmək niyyətilə qaldırdığı bayrağı şimal küləyi yerindən oynadıb, ora-bura çırpıb. Amma bu gün onun tarixdəki birinci yeri dəyişmək mümkün deyil. Ola bilsin ki, ikinci demokratik respublikanın yaranma və formalaşma tarixi daha zəngin, daha dramatik, bu müddətdə əldə edilənlər daha artıq olsun. Amma bu faktın özü belə ADR-in xidmətlərini inkar etmir. Tarix təftişi sevmir. Xüsusilə də müfəttiş Xlestakov olanda. Sonu gülməli olur. Bu baxımdan Azərbaycanın sovet tarixinin də obyektiv təhlilə ehtiyacı var. Bu dövrdə də hər şey pis və ya hər şey yaxşı olmayıb. Bu dövr Azərbaycana azı dövlət institutları hazırlayıb. Elə ona görə də Azərbaycan müstəqilləşəndə demək olar ki, bütün nazirlikləri var idi. Bəzilərinin adı, bir parasının qismən təyinatı dəyişdi. Sonradan bir sıra yeni nazirlik və komitələr də yaradıldı. Müdafiə Nazirliyindən başqa hər şey. Amma əksər dövləti təsisatlar var idi. Hətta xarici işlər nazirliyimiz belə var idi. Çox az şəxsi personala malik olsa da, hər halda var idi. Azərbaycan müstəqil olanda sadəcə olaraq sükan arxasında oturanlar və istiqamət, tutulan yol dəyişdi. sözümün canı odur ki, hər şey bizim əlimizdə deyil. Biz tarixi dəyişə bilmərik. Uzaqbaşı hansısa prosesi ləngitmək mümkündür. Bu gün Azərbaycanda ADR-in xatirəsi layiqincə yad edilir. Amma daha çox ikinci mənada, yadlaşdırmaq, özgələşdirmək mənasında. Məncə, ADR-ə göstərilən münasibət onun görməli olduğu münasibət deyil. ADR nə müxalifətin, nə də inqtidarın irsidir. Bu, Azərbaycan dövlətinə məxsus dəyərlər toplusudur. İstiqlalın dilinin anası bilər. Bu ana Azərbaycandırsa. Mir Şahin © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 26.05.2008 15:58 © anspress.com |