“İslamın gücü səsgücləndiricilərdə yox, ilahiliyində, mahiyyətində və saflığındadır”
Hidayət Orucov: “Din pərdəsi altında gizlənmiş və İslamdan xəbəri olmayan bəzi şəxslərin «gücü» səsgücləndiricilərdədir və onlar bu «gücü» əldən vermək istəmirlər”

- Azanın səs gücləndiricilərlə verilməsi qadağan edilib. Qardaş dediyimiz Türkiyədə də bir çox məscidlərdə bundan istifadə edildiyi halda Azərbaycanda nəyə görə bu qadağan edilir?

- Azanla bağlı məsələ artıq arxada qalmış və həll edilmiş problemdir. Bu məsələnin yenidən gündəmə gətirilməsi, ümumiyyətlə, gündəmdən düşməməsi üçün göstərilən səylər onu deməyə əsas verir ki, kimlərsə bu məsələdə maraqlıdır və məqsədli şəkildə azanla bağlı problem yaratmaq istəyirlər.
Dəfələrlə bildirmişəm və bir daha bəyan edirəm ki, azan heç vaxt qadağan edilməyib, ümumiyyətlə, bu məsələ müzakirə mövzusu olmayıb və ola da bilməz. Sadəcə, Qafqaz Müsləmanları İdarəsi azanın yetərincə verilməsini tövsiyə edib və Dövlət Komitəsi də bu tövsiyəni müsbət qarşılayıb.
İslam milyonlarla kvadrat kilometr ərazini, onlarla ölkəni və yüz minlərlə insanın qəlbini fəth edərək bu günümüzə qədər gəlib çıxıb. Amma bunlar səsgücləndiricilər olmadan baş verib. Çünki İslamın gücü səsgücləndiriclərdə yox, ilahiliyində, mahiyyətində və saflığındadır. Təəssüf ki, din pərdəsi altında gizlənmiş və İslamdan xəbəri olmayan bəzi şəxslərin «gücü» səsgücləndiricilərdədir və onlar bu «gücü» əldən vermək istəmirlər.

- Azərbaycanda Vəhabilik təriqəti ilə bağlı narahatlıqlar varmı? Azərbaycanda müxtəlif qeyri-müsəlman sektaların yayılma prosesi gedir. Ayda müəyyən məbləğdə pul verməklə insanları özlərinə tabe edirlər. Siz bunun qarşısını almaq üçün nə işlər görürsünüz? Ümumiyyətlə, Azərbaycanda neçə qeydiyyatdan keçmiş qurum var?

- Dövlət təriqətlərüstü siyasət yeridir və Azərbaycan Respublikasının nə rəsmi dini, nə də rəsmi təriqəti var. Amma dövlət vətəndaşlarının vicdan azadlığını təmin etdiyi üçün hər kəsin seçiminə hörmətlə yanaşır. Birmənalı şəkildə bəyan edirəm ki, hansısa təriqət və ya təriqət mənsubları dövlət üçün problem yaradacaq gücdə deyil. Çünki dövlət Azərbaycan xalqının iradəsini ifadə edir və heç bir qüvvə bu iradəyə qarşı çıxa bilməz.
O ki qaldı qeyri-islam sektaların yayılmasına, mövcud vəziyyət heç də bəzilərinin düşündüyü və iddia etdiyi kimi deyil. Doğrudur, indiyədək bu sahədə maddi amillərdən, insanların sosial problemlərindən istifadə edilməsi halları müşahidə edilib və bu gün də belə hallara az da olsa rast gəlmək mümkündür. Lakin bu cür halların qarşısının alınması məqsədilə konkret tədbirlər həyata keçirilir və təhlillər göstərir ki, zaman keçdikcə qeyri-ənənəvi təriqətlərin və dinlərin təbliğatı zəifləyir və onların sıraları seyrəlir. Bunun bir neçə səbəbi var. Birincisi, həmin qeyri-ənənəvi dinləri və təriqətləri Azərbaycanda yaymaq istəyən qüvvələr artıq başa düşürlər ki, ölkəmizdə istəklərini reallaşdıra bilməyəcəklər.
Digər tərəfdən, Azərbaycan iqtisadiyyatı gücləndikcə insanların sosail rifah halı yaxşılaşır və maddi təminat qarşılığında bəzilərinin dinini dəyişməsi tendensiyası aradan qalxır. Bu məsələdə digər bir səbəb isə ölkədə aparılan İslami maarifləndirmədir. Çünki zaman keçdikcə insanların İslamla bağlı bigiləri artır.
İndiyədək Dövlət Komitəsində 488 dini icma qeydiyyatdan keçib və onların sayı günbəgün artır.

- Bildiyimiz kimi keçmişdə qılınc gucu ilə yayılmış dinlər var.Onlar kecmiş dövrlərin konstitusiyasi ile qeydiyyatdan keçibler, yoxsa indiki Konstitusiyaya uygun gəlir qılıncın tətbiqi?
- Mən sualın qoyluşu ilə razı deyiləm. Çünki dinlərin, ümumiyyətlə, əqidə və birbaşa insanın ürəyi ilə bağlı məsələlərin zorla, qılınc gücünə qəbul etdirilməsinin mümkünlüyünə inanmıram. İnsanın zorla, məcburiyyət qarşısında qəbul etdiyi əqidə müvəqqəti ola bilər. Bu baxımdan Azərbaycanda, ümumiyyətlə, dünyanın hansısa yerində İslam və ya başqa din zorla qəbul etdirilsəydi, bir müddət keçdikdən və məcburiyyət götürüldükdən sonra insanlar ondan imtina edərdi.


- Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsinə istinad edərək sualimi vermek istəyirəm. Mənim fikrimcə, bu maddə olke ərazisində yalniz tarixən mövcud olmuş dini qurumları əhate etməlidir. Bu gün isə onun şahidiyik ki, dini etiqad azadlıgını bəhanə edən bir çox insanlar ölkəmiz və xalqımız üçün gələcəkdə təhlukəli hesab edilə biləcək bir sıra dini cərəyanları, o cümlədən nurçuluq ve vəhabiliyi yaymaqla elə bir şərait yaratmaq istəyirler ki, güya, baxişlar da Azərbaycanda mövcud olub. Nəyə görə Sizin Komitə belı qanunsuz əməllərin qarşısını vaxtında almır?

- Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsinə görə, hər kəsin vicdan azadlığı, dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var. Hansı dinlərin və təriqətlərin yayılmasına qadağa qoyulması ilə bağlı məsələyə gəlincə, bu, Konstitusiyamızın 18-ci maddəsində açıq şəkilə ifadə edilib. Həmin maddəyə əsasən yalnız insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. Məncə, bunlardan sonra əlavə şərhə ehtiyac yoxdur.

- Nəyə görə hamının bildiyi Abu-bəkr məscidini baglamırsınız? Orada Mir-Mövsüm aganın ziyarətinə gedənləri “rafizi” adlandırırlar. Halbuki, ölkə prezidenti ve butun Azərbaycan xalgı o məscidi ziyarət edir.


- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidləri, dinləri, təriqətləri yox, dini icmaları qeydiyyata alır. Amma hansısa icmanın qeydiyyatını ləğv etmək Dövlət Komitəsinin səlahiyyətləri daxilində deyil. Bunu yalnız məhkəmə edə bilər.
Onu da qeyd etmək istəyirəm ki, Dövlət Komitəsi hər bir icmanın fəaliyyətini yaxından izləyir və qanunun tələblərinə əməl etməyən icmalar haqqında lazımi ölçü götürülür.
Dövlət Komitəsi mövcud qanunvericiliyin tələblərinə zidd fəaliyyət göstərən və Azərbaycan xalqının milli-mənəvi dəyərlərini aşağılayan dini icmaların qeydiyyatının ləğvi üçün məhkəmə qarşısında məsələ qaldırmaq hüququna malikdir. Ehtiyac olarsa, Dövlət Komitəsi bu hüququndan istifadə edə bilər.

- Niyə orta məktəblərdə Mənəviyyat dərsi tədris edilmir? Uşaqlar böyüdükdən sonra olur-olmaz dini təriqətlərə qoşulurlar. Bunun səbəbi isə onların dini bilgi sarıdan ac olmasıdır. Bunu qanuni şəkildə tədris etmək o qədər çətindir?


- Orta məktəblərdə şagirdlərə dinlərlə, xüsusilə İslamla bağlı lazımi bilgilərin verilməsi məsələsi artıq arxada qalmış və öz həllini tapmış məsələdir. Çünki hazırda ümumtəhsil məktəblərində «Həyat bilgisi» adlı fənn tədris edilir və eyni adlı dərslik hazırlanıb. Bu fənnin tədrisində əsas məqsədlərdən biri odur ki, gənclərin dinlər barədə lazımi bilikləri olsun. Hesab edirəm ki, gələcəkdə «Həyat bilgisi» dərsliyi daha da təkmilləşdirilə və onun proqramı genişləndirilə bilər.
Onu da deyim ki, əgər kimlərsə ümumtəhsil məktəblərində dinin tədris olunacağını düşünürsə, yanılır. Bu, mümkün deyil və qanunvericilik buna imkan vermir. Söhbət yalnız şagirdlərə dini bilgilərin verilməsindən gedir ki, bu da qeyd etdiyim kimi, artıq arxada qalmış və həllini tapmış məsələdir.

- Azərbaycan telekanallarında yayımlanan dini verilişlərin səviyyəsi sizi qane edirmi və sizin qurum həmin kanallarla hər hansi bir birgə layihə işləyirmi?

- Dəfələrlə bildirmişik ki, maarifləndirmə tədbirlərinin aparılmasında kütləvi informasiya vasitələri, o cümlədən telekanallarla əməkdaşlığa, hətta birgə fəaliyyətə həmişə hazırıq. Dövlət Komitəsi təkcə telekanallarla deyil, eyni zamanda radio, qəzet və jurnallarla, həmçinin Mətbuat Şurası ilə yaxından əlaqələr qurur. Əməkdaşlarımız dini proqramlarda, ümumiyyətlə, dinlə bağlı məqsədəuyğun hesab edilən bütün layihələrdə yaxından iştirak edirlər. Eyni zamanda Dövlət Komitəsi dini mövzularda yazan jurnalistlər üçün seminar-treninlər təşkil edir ki, bu da onların ixtisaslaşmasına müsbət təsir göstərir. Yəni bu məsələdə Dövlət Komitəsi tərəfdən heç bir problem yoxdur və mən çox istəyərdim ki, bütün kütləvi informasiya vasitələrində dinlə bağlı yazıların, o cümlədən telekanallarda dini proqramların səviyyəsi daha yüksək olsun.


- Azərbaycandakı dini qruplar haradan maliyyələşir? Bunun qarşısı niyə alınmır?

- Dini qurumların maliyyə qaynaqları qanunvericiliklə müəyyənləşib. Əgər söhbət qeyri-qanuni maliyyələşmədən gedirsə, bu, yolverilməzdir və müvafiq dövlət orqanları, o cümlədən Dövlət Komitəsi bunu həmişə diqqət mərkəzində saxlayır. Şübhəsiz ki, bu sahədə indiyədək lazımi tədbirlər görülüb və gələcəkdə həmin tədbirlər mütəmadi davam etdiriləcək.

- Məni "molla kəbini" deyilən dini nigah maraqlandırır. Niyə dövlət nigahı olmayanlara "molla kəbini" kəsilmir? Sizcə, bu barədə göstəriş qanunsuz deyilmi? İkincisi, onsuz da mollalar nigahı olmayanlara da kəbin kəsir. Sadəcə olaraq, qadağanın olması mollalara daha çox pul istəmək üçün bəhanə verir. Məni maraqlandırır ki, qadağanın müəllifi kimdir?

- Şeyxülislam həzrətlərinin dövlət kəbini olmadan molla kəbini kəsilməsinə icazə verilməməsi barədə fətvası var. Bu, tamamilə normal və təqdirəlayiq addımdır. Çünki Azərbaycan dünyəvi dövlətdir və molla kəbininin heç bir hüquqi əsası yoxdur. Bununla belə heç kim molla kəbininin kəsilməsini qadağan etmir, sadəcə, dövlət kəbini olmadan molla kəbininin kəsilməsi yolverilməzdir.
Bu məsələyə təkcə dövlət qurumları, Qafqaz Müsəlmanları İdarəsi yox, valideynlər, hətta nigaha girən gənclər də ciddi yanaşmalıdırlar. Əks təqdirdə, onlar gələcəkdə ciddi hüquqi problemlərlə üzləşə bilərlər.


- Niyə Azərbaycanda dini mədrəsələrin açılmasına icazə verilmir ? Dini təhsil almaq istəyən insanlar İrana, Suriyaya və s. dövlətlərdə təhsil alır. Siz əminsinizmi ki, onlardan casus qisminde geri qayıdan olmur?
- Birincisi, Azərbaycanda kifayət qədər mədrəsə var və yeni mədrəsələrin açılmasına heç kim qadağa qoymayıb. Əgər belə bir qadağa olsaydı, dövlət qeydiyyatından keçən dörd mədrəsə fəaliyyət göstərməzdi.
Onu da deyim ki, biz hazırda mədrəsələrdə, ümumiyyətlə, dini təhsil müəssisələrində təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində çalışırıq və konkret tədbirlər həyata keçiririk. Hesab edirəm ki, yaxın vaxtlarda ictimaiyyət həm bunun şahidi olacaq, həm də mədrəsələrin fəaliyyətindəki irəliləyişləri hiss edəcək.
Biz xaricdə dini təhsil alanlara düşmən gözü ilə baxmırıq və baxa da bilmərik. Onların arasında xalqını, vətənini və dövlətini sevən mütəxəsisslər az deyil. Ancaq gənclərimizin ölkə daxilində dini təhsil almalarını daha məqsədəuyğun sayırıq. Çünki hər bir ölkənin və cəmiyyətin dinə baxışında fərqli xüsusiyyətlər olur və bu xüsusiyyətlər onların təhsilində özünü biruzə verir.
Hansısa xarici ölkədə dini təhsil almış azərbaycanlı gənc istər-istəməz həmin xüsusiyyətləri özü ilə birgə Azərbaycana gətirir və bu zaman problemlər, ziddiyyətlər yaranır. Çünki Azərbaycan cəmiyyəti həmin xüsusiyyətləri və fərqli çalarları qəbul etmir. Bu baxımdan dini kadrları özümüzün hazırlaması daha doğrudur. Bunun üçün də ilk növbədə dini təhsilin səviyyəsi yüksəldilməlidir. Dövlət Komitəsi Təhsil Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi ilə birgə bu istiqamətdə tədbirlər həyata keçirir.


- Cümə namazında məscidlərdə cammaat üçün yer çatmır. Yeni məcidlərin tikintisinə niyə icazə verilmir?
- Məscid tikintisinə heç bir qadağa qoyulmayıb və bu barədə deyilənlərin heç bir əsası yoxdur. Hazırda ölkənin müxtəlif bölgələrində məscidlər tikilir. Dövlət tərəfindən məscid və ziyarətgahların bərpasına milyonlarla dollar vəsait xərcləndiyi bir dövrdə məscid tikintisinə qadağan qoyulduğunu iddia etmək absurddur.

- Dini kitabların çoxu xarici dövlətlərdə çap olunur. Onların düşüncə təzi ve maraqları çərcivəsində niyə buna göz yumulur. Olmazmı ki, bu kitabları özümüz çap edək?
- Xarici ölkələrdən kitab ixrac edilməsi qanunvericilikdə qadağan edilməyib. Əgər söhbət zərərli dini ədəbiyyatın ölkəyə gətirilməsindən gedirsə, bu, tam nəzarətdədir. Yəqin ki, çoxları razılaşar ki, son dövrlər bu sahəyə nazərət daha da güclənib. Biz xaricdən məqəsədəuyğun sayılan dini ədəbiyyatın gətirilməsinə normal yanaşırıq, amma hesab edirik ki, ölkə daxilində də dini ədəbiyyatın nəşri işi genişləndirilməlidir. Dövlət Komitəsi artıq bu istqamətdə lazımi işlər görür və getdikcə bu problem aradan qalxacaq.

-Məlumdur ki, dini mövzularla baglı maariflənməyə ehtiyac var. Vaxtaşırı mətbuatda komitənin keçirdiyi seminar-treninqler barədə məlumatlar yayılır. Bu seminarlar ictimaiyyetin, əsasən, dindarların maariflənməsi üçün yetərlidirmi?

- Bu gün cəmiyyətimizdə dini maariflənməyə böyük ehtiyac var və bu ehtiyacı yalnız seminar-treninqlərlə ödəmək mümkün deyil. Seminar-treninqlər Dövlət Komitəsinin dini maariflənmə sahəsində hazırladığı və həyata keçirdiyi silsilə tədbirlərin tərkib hissəsidir və biz buna böyük əhəmiyyət veririk. Təsəvvür edin ki, seminar-treninqlər ümumtəhsil məktəblərindən tutmuş həbsxanalara, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına qədər böyük bir kontingenti əhatə edir. Onu da deyim ki, mətbuatda yazılan və telekanallarda işıqlandırılan məqamlar seminar-treninqlərin çox az bir hissəsini əhatə edir.

- Sizin məzhəbiniz hansıdır? Şiyə ya Əhli sunnə?
- Mən müsəlmanam və belə ayrımları qəbul etmirəm.

Hidayət Orucovun forumçuların suallarına cavabları ilə burada tanış ola bilərsiniz

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 17.05.2008 18:01

© anspress.com