Paytaxta yeni taksilər gətirilir
Bakıda köhnə taksilər yeniləri ilə əvəz olunacaq
Bakıda taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin yaxın vaxtlarda yeniləri ilə əvəz olunması nəzərdə tutulur. Bununla bağlı şəhərdə nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə əlaqədar tədbirlər planı çərçivəsində taksi parkının yeniləşdirilməsi həyata keçirilir. Nəqliyyat Nazirliyinin «Bakı sərnişin nəqliyyatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin şöbə müdiri Saleh Bədəlovun verdiyi məlumata görə, bununla bağlı respublika prezidentinin müvafiq sərəncamı da var və bu tədbirlər planına uyğun artıq bir sıra işlər görülüb: «Yaxınlarda Bakıya yeni 30 ədəd «Toyota» markalı taksilər gətirilib və daha 70 ədəd nəqliyyat vasitəsinin gətirilməsi gözlənilir».
Saleh Bədəlovun sözlərinə görə, yeni taksilər şəhərin mərkəzi, yəni taksiyə tələbatın çox olduğu küçələrdə əhaliyə xidmət göstərir: «Taksilərin öz keyfiyyəti isə çox yüksəkdir. Yeni taksilərin içərisinin təchizatı da hazırda şəhərdə bu kimi fəaliyyətlə məşğul olan avtomaşınlardan çox fərqli olacaq. Belə ki, bu nəqliyyat vasitələrinə gələcəkdə taksometrlər quraşdırılacaq. Çünki gediş haqqları ilə bağlı tariflər məlum deyil. Yəni gediş qiyməti hələlik Tarif Şurası tərəfindən müəyyənləşdirilməyib. Məhz tariflər müəyyən olunandan sonra taksometrlərin qoyulması həyata keçəcək». Şöbə müdirinin sözlərinə görə, taksilərin gətirilməsi yerli şirkətlər tərəfindən həyata keçirilir. O qeyd edib ki, son 6-7 ilin maşınları istisna olmaqla, rus istehsalı olan avtomobillər istismardan çıxarılacaq.
Saleh Bədəlovun sözlərinə görə, paralel olaraq bu gün Dövlət Yol Polisi, şəhər icra hakimiyyəti və Nəqliyyat Nazirliyi ilə birgə razılaşma əsasında Bakıda 134 yerdə taksi dayanacaqlarının yerləri müəyyənləşib. Hal-hazırda əsasən əhalinin sıx yaşadığı ərazilərdə və nəqliyyatın intensiv hərəkət etdiyi yerlərdə 30 dan artıq dayanacaq fəaliyyət göstərir. Onlarda da müasir tələblərə cavab verən səviyyədə taksi xidməti təşkil olunur. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 15.05.2008 23:56
© anspress.com
|