İlham Əliyev Beynəlxalq Muğam Mərkəzinin tikintisi ilə tanış olub
Üçmərtəbəli mərkəzin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev YUNESKO-nun dəstəyi ilə yaradılan Beynəlxalq Muğam Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olub.

Muğam Mərkəzi ilə tanışlıqda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva, habelə ölkəmizdə səfərdə olan YUNESKO-nun baş direktoru Koişiro Matsuura, təşkilatın xoşməramlı səfirləri - İordaniya şahzadəsi xanım Ferial, İslandiyanın sabiq prezidenti xanım Viqdos Finnboqadottir də iştirak ediblər.
Mədəniyyət naziri Əbülfəs Qarayev tikinti işlərinin gedişi barədə ətraflı məlumat verib. Bildirilib ki, Heydər Əliyev Fondunun milli-mədəni dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan mərkəz Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə tikilir.
2005-ci ilin avqustunda Prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə təməli qoyulmuş Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarət olacaqdır. Bina forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımi avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilir. İnşaat işləri zamanı 2 mindən çox müxtəlif ölçülü şüşədən istifadə olunub.
Yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası olacaqdır. Bina müasir havalandırma və istilik sistemləri ilə təchiz ediləcək.
Tarın qolunu xatırladan dəhlizdə Azərbaycanın görkəmli muğam ifaçılarının büstləri qoyulacaq.
Prezident İlham Əliyev Mərkəzin salonunu, otaqlarınıı gəzib, maketinə baxıb, tikinti işlərinin yüksək səviyyədə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verib. /ANSPRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 15.05.2008 22:56

© anspress.com