Mayın 21-də Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək
Artıq təbliğat kampaniyasına başlayan namizədlər arasında azərbaycanlılar da var
Qonşu Gürcüstanda mayın 21-də keçiriləcək parlament seçkilərinin təbliğat kampaniyası davam edir. Mərkəzi Seçki Komssiyasının sədri Levan Tarxnişvilinin verdiyi məlumata görə, ölkənin siyasi qüvvələri seçki prosesinə 5 partiya və 7 blok şəklində qatılıb.
Mayın 21-də 3500 seçici 3600 məntəqədə 150 millət vəkilini seçəcək. Ən son məlumata görə, seçkiləri müşahidə etmək üçün artıq 16 beynəlxalq, 20 yerli təşkilat qeydiyyatdan keçib və ümumilikdə müşahidəçilərin sayının 5 min nəfərədək olacağı gözlənilir. Qeyd edək ki, ölkə seçicilərinin 6 faizə qədərini təşkil edən azərbaycanlılar müxtəlif siyasi qüvvələrin tərkibində həm mojaritar, həm də proporsional qaydada 13 namizədlə seçki kampaniyasına qoşulub. Levan Tarxnişvili bildirib ki, azərbaycanlılar parlamentə keçmək şansı olan bütün partiyalarda təmsil olunub. Yerli politoloqların proqnozlarına görə, 3 azərbaycanlı namizədin parlamentə keçmək şansı daha çoxdur.
Qeyd edək ki, Gürcüstanın seçki məcəlləsinə edilən dəyişiklərdən sonra parlamentə düşmək üçün mövcud olan baryer 7-dən 5 faizə endirilib. Artıq Gürcüstan parlamentində deputatların sayı da 125-dən 150-ə çatdırılıb. Parlament üzvlərinin yarısı mojaritar, digər yarısı isə proporsional, yəni partiya siyahısı ilə seçiləcək. İndi Gürcüstanın siyasi müşahidəçiləri parlamentdə təmsil olunmaq üçün mübarizənin 4 əsas siyasi qüvvə arasında getdiyini iddia edir. Daha dəqiqi, yeni yaradılmış Xristian-Demokratik Alyansının, Birləşmiş Müxalifətin, hakim milli Hərəkat və Respublikaçılar Partiyalarının şansları yüksək qiymətləndirilir. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 16.05.2008 01:55
© anspress.com
|