Xalça muzeyinin təməlqoyma mərasimi olub
Yeni muzey binasının ümumi sahəsi 18 min 446 kvadratmetr olacaq

Mayın 15-də dənizkənarı Milli parkın ərazisində Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi binasının təməlqoyma mərasimi olub. Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Heydər Əliyev Fondunun təşəbbüsü və YUNESKO-nun dəstəyi ilə inşa olunacaq bina bükülmüş xalçanı xatırladacaq. Binanın layihəsini müsabiqədə qalib gəlmiş Avstriyanın HOFFMANN-JANZ-MATZAKA şirkəti hazırlayıb. Tikinti işlərini isə yerli AİKON şirkəti həyata keçirəcək.
Ümumi sahəsi 18 min 446 kvadratmetr olacaq üçmərtəbəli binanın birinci mərtəbəsində sərgi salonu, kitabxana, elmi xalçaçılıq toxuma və tikmə mərkəzi, suvenir və kitab köşkü, ikinci mərtəbədə danışıqlar və audiovizual təqdimatlar otağı, üçüncü mərtəbədə böyük tərtibat imkanlarına malik sərgi zonası olacaq. Binanın altında arxiv, anbar, laboratoriya, bərpa və konservləşdirmə şöbələri yerləşəcəkdir. Açıq havada heykəllərin və xalçaların nümayişi üçün sahə də nəzərdə tutulub. Muzeyin foyesində cəvahirat və bahalı bəzək əşyalarının sərgisi üçün seyf tipli otaqlar olacaq.
Layihəyə əsasən, binanın uzunluğu 121,25 metr, eni 22,3 metr, hündürlüyü 18,5 metrdir.
Mərasimə toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranı, YUNESKO-nun xoşməramlı səfirləri - İordaniya şahzadəsi xanım Ferialı və İslandiyanın sabiq prezidenti xanım Viqdos Finnboqadottiri hərarətlə qarşılayıblar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Avstriya şirkətinin nümayəndəsi Prezident İlham Əliyevə layihə haqqında məlumat veriblər.
Sonra Azərbaycanın qədim el sənətindən bəhs edən “Xalça” filmi nümayiş etdirilib. Filmdə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycanın xalq sənətlərinin, o cümlədən xalçaçılığın qorunmasına və inkişafına qayğısından da bəhs olunur.
Prezident İlham Əliyev və YUNESKO-nun baş direktoru Koişiro Matsuura təməlqoyma mərasimində nitq söyləyiblər. /ANSPRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 15.05.2008 22:26

© anspress.com