Qazaxıstan Azərbaycana taxıl satmağa razılıq verib
Qazaxıstan hökuməti ilə əldə olunan razılığa görə, Azərbaycana 150-200 min ton taxıl idxal ediləcək
Qazaxıstan hökuməti bu ilin yazından payızına kimi taxıl ixracına qadağa qoysa da, Azərbaycan şirkətlərinə taxıl satmağa razılıq verib. Kənd Təsərrüfatı Nazirliyin şöbə müdiri Sabir Vəliyev bildirib ki, taxıl məsələsi Qazaxıstanın paytaxtı Astanada keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan hökemətlərarası komissiyasının iclasında öz həllini tapıb. Sabir Vəliyevin sözlərinə görə, Qazaxıstan hökuməti ilə əldə olunan razılığa görə, əvvəllər ödənilmiş müqavilələr əsasında Azərbaycana 150-200 min ton taxıl idxal ediləcək.
Qazaxıstan aprel ayında şəxsi taxılının ixracını dayandırıb və məhsula qoyulan qadağa payızadək davam edəcək. Qadağa dünya bazarında taxıla olan yüksək qiymətlər nəticəsində daxili bazarın müdafiəsi və istehsalçıların bu məhsulu ölkə xaricində baha qiymətə satması məqsədilə qoyulub.
Qeyd edək ki, Azərbaycanın idxal şirkətləri aprelədək, yəni Qazaxıstanın taxıl ixracına qoyduğu qadağadan əvvəl bu ölkənin taxıl istehsalçıları ilə müqavilə bağlayaraq, ilkin ödəmələri ediblər. Lakin qadağadan sonra məhsulun bir hissəsini ödəmiş Azərbaycan şirkətləri Qazaxıstanda idxal problemləri ilə qarşılaşıblar.
Azərbaycandakı taxılın təxmini həcmi 410 min ton təşkil edir. Əlavə 15-20 min ton taxıl «Bakı taxıl terminalı»nın payına düşür. Kənd Təsərrüfatı Nazirliyi 2008-ci ildə 2,3 - 2,4 milyon ton taxıla ehtiyac olduğu halda bu rəqəmi 3 milyon tona qədər artırmağı nəzərdə tutur. İstehsal olunacaq məhsulun 1,5 mln. tonunu ərzaq taxılı təşkil edir. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 16.05.2008 00:10
© anspress.com
|