«Sərbəst toplaşmaq azadlığı» haqqında qanun layihəsinə əlavə və dəyişiklərlə bağlı sənəd MM-in insan hüquqları daimi komissiyasında müzakirəyə çıxarılıb
Sənəddə xüsusi mülkiyyətlərin qarşısında sərbəst toplaşmaq hüququ tanınır, ziyarətgahlarda, ibadətgahlarda və qəbiristanlıqlarda sərbəst toplaşma ilə bağlı qadağa götürülüb

Azərbaycanın «sərbəst toplaşmaq azadlığı» haqqında qanun layihəsinə əlavə və dəyişikliklər haqqında qanun layihəsi bu gün Milli Məclisin insan hüquqları daimi komissiyasında müzakirəyə çıxarılıb.
Azərbaycanın Venesiya Komissiyasındakı üzvü Lətif Hüseynov təklif olunan əlavə və dəyişikliklər haqqında məlumat verərək bildirib ki, onların bir çoxunu Venesiya Komissiyası, ATƏT-in demokratik təsisatları və insan haqları komitəsi tövsiyə edib. Sənəddə xüsusi mülkiyyətlərin qarşısında da sərbəst toplaşmaq hüququ tanınır, toy və yas mərasimlərində isə sərbəst toplaşmaq hüququ məhdudlaşdırıla bilər, ziyarətgahlarda, ibadətgahlarda və qəbiristanlıqlarda sərbəst toplaşma ilə bağlı qadağa götürülüb, vətəndaşlığı olmayanlar və əcnəbilər də sərbəst toplaşmaq hüququna malikdirlər. Yeni qanun layihəsində eyni məkanda və eyni zamanda vətəndaşların əks toplantı keçirmək hüququ tanınır. Hər hansı orqanın qarşısında toplantı keçirilməsi ilə bağlı məsafə isə 300 metrdən 200-dək azalır. Polisin güc tətbiq etməsi yaranan təhlükəyə adekvat olmalıdır. Toplantıda yalnız hüquq pozuntusuna yol vermiş iştirakçılar məsuliyyətə cəlb edilə bilər./ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 15.05.2008 17:33

© anspress.com