Sabah Kukla Teatrında foto-video sərgisi keçiriləcək
«Reallığın Aynası-3» adlı foto-video sərgi xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasına həsr olunub

Mayın 16-da Azərbaycan Dövlət Kukla Teatrında “Reallığın Aynası - 3” adlı foto-video sərgi keçiriləcək. ANS PRESS-in məlumatına görə, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasına həsr olunan tədbir “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi tərəfindən keçirilir. Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı isə tədbirə təşkilati dəstək verir.
Avropa Əlilliyi olan İnsanların Hüquqlarının Müdafiəsi Günündə keçirilən bu tədbir cəmiyyətin əlilliyi olan insanlara qarşı münasibətinin müsbət istiqamətə dəyişilməsi və onların bu cəmiyyətə inteqrasiyası prosesində iştirakı məsələsinə diqqətin cəlb edilməsi məqsədi daşıyır. Tədbirdə həmçinin müxtəlif reabilitasiya mərkəzləri tərəfindən göstərilən geniş sahəli xidmət növləri nümayiş olunacaq. Əlil-uşaq təşkilatları “Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası” mövzusu ilə bağlı öz foto- və video-işlərini təqdim edəcəklər.

Tədbirdə foto-video müsabiqədə iştirak edənlər fəxri diplomlarla, qaliblər isə dəyərli hədiyyələrlə aşağıdakı nominasiyalar üzrə mükafatlandırılacaqlar.

1. Ən yaxşı fotoşəkil;
2. Ən yaxşı sosial çarx;
3. Tamaşaçılar simpatiyası prizi./ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 15.05.2008 13:29

© anspress.com