Corc Buş qolf oynamaqdan imtina edib
«Müharibə dövründə qolf oynamaq düzgün deyil»
ABŞ prezidenti Corc Buş İraqda həlak olmuş əsgərlərin analarının hisslərini təhqir etməmək üçün qolf oynamaqdan imtina edib. O, bu addımını onunla izah edib ki, müharibə dövründə qolf oynamaq düzgün deyil. ABŞ prezidenti bu barədə Yahoo! News və Politico.com saytlarına müsahibəsində belə deyib. C.Buşu qolf oynamaqdan imtinaya əsasən 2003-cü ilin avqustunda BMT-nin Bağdaddakı mənzil-qərargahının bombardman edilməsi vadar edib. Onun sözlərinə görə, hücum və bombardman zamanı BMT missiyasının rəhbər işçilərindən birinin həlak olması barədə xəbəri qolf meydanında oyun zamanı alıb. Corc Buş ABŞ prezidentliyinə Demokrat Partiyasından olan namizədlər Hillari Klinton və Barak Obamaya xəbərdarlıq edib ki, onların seçkiqabağı proqramlarına əsasən İraqdan qoşunların çıxarılması ABŞ-ı terrorçuların yeni hücumları təhlükəsi ilə üzləşdirə və Yaxın Şərqdəki mövqeyini zəiflədə bilər. Corc Buş İnternet istifadəçilərinin «İraqdakı müharibəyə İraqda kütləvi qırğın silahının olması barədə Sizdə yaradılmış yanlış fikirmi səbəb olub?» sualına da cavab verib: «Mən belə düşünmürəm. Bütün dünya kəşfiyyatı hesab edirdi ki, bu, mümkündür. Lakin məni bizim kəşfiyyatın uğursuz işləməsi məyus edib». Xatırladaq ki, İraqın kütləvi qırğın silahı ekhtiyatlarının mövcudluğunda ittiham edilməsi İraq müharibəsinin başlanmasının başlıca səbəblərindən biri olub. Lakin sonradan məlum olub ki, İraqda kütləvi qırğın silahı olmayıb: «Məni aldatdıqlarını hesab edirəmmi? Yox, belə hesab etmirəm. Düşünürəm ki, hər şeyin günahın ondadır ki, vəziyyəti təhlil edən xüsusi xidmət orqanları yanlış nəticəyə gəliblər». Corc Buş belə deyib.
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 15.05.2008 01:52
© anspress.com
|