Sabir Rüstəmxanlı: "Bir ömür yaşamışam, bu millətin iqtidarı, müxalifəti, bitərəfi ilə"
"Keşkə ad günləri filan olmayaydı, ümumi ad günləri olaydı... Məsələn, Qarabağın azad olunmasının 10 illiyi, Şuşanın işğaldan qurtulmasının 50 illiyi...
- Sabir bəy, ömür kitabının neçənci vərəqindəsiniz? -61-i çevirmişəm. Artıq 62-ci səhifəni də tamamlayıram. - Bu vərəq nəylə yadda qalıb? - Bəlkə də bu səhifə ömür kitabımın ən dolu səhifələrindən biridir. İldən-ilə fiikirləşirəm ki, bu vərəqi bitirdim, növbəti vərəq sərbəst şeir kimi olacaq. Misraların arasında çoxlu hava, improvizə gəzişmələri çoxluq təşkil edəcək. Hara gedəcəm, hardan gələcəm, istirahət və sair... Amma sonra görürəm ki, o biri səhifəni daha sıx, xırda hərflərlə yazmalıyam ki, fikirlərimin hamısına yer çatsın, lakin barmaq qoymağa, nəfəs almağa yer qalmır. Buna görə də çox zəngin ildir. Həm yaradıcılıq, həm də digər baxımdan. «Cavadxan» filmini bitirdim, «Difayilər» tarixi romanının üzərində işləyirəm. Həmin dövr Azərbaycan tarixinin ən parlaq dövrüdür. Elə bil ki, ucu-bucağı görünməyən dənizdəyəm, ha üzürəm, sahilə çata bilmirəm. Müəyyən yaşdan sonra adam hiss edir ki, yaradıcılıq həm də enerji mənbəyidir. Bəlkə bunun adı ilham pərisdir, bilmirəm. Amma hər halda əgər bunu texnika ilə müqaisə etsək, bunun bateriyası var, onu qoşmalısan ki, dolsun. İnsanın içərisində də belə bir enreji var, bu yaradıcılıq enerjisidir. Hərdən düşünürəm ki, başqa peşəylə məşğul olanlar necə yaşayırlar? Hansı enerjiylə qidalanırlar. Deyək ki, yalnız gününü sovurmaq, bir tikə çörək qazanmaq kimi... Bir az ayrı müstəvi də düşünən adamları təsəvvür edə bilmirəm. Yaradıcılıq uğurları, hələ uğurları demirəm, sadəcə, elə illər uzunu o yolla getməyin özü xöşbəxtlikdir. Artıq illər uzunu o yolla getməyin özü əsl xoşbəxtlikdir. Adamı kökdə saxlayan, cəmiyyətdən, dünyadan ayrılmağa qoymayan, bəlkə də cəmiyyətdən, dünyadan qovan da odur. İndi bu yaşda birdən hiss edirəm ki, nəyə görə böyüklərimiz ömrün müəyyən hissəsindən sonra tərki dünya olublar. Çox yaxşı başa düşürəm indi bunu... - Siz də bu fikrə düşmüsünüz? - Bəli. Tərki-dünya olmaq, özümlə daha çox qalmaq istəyirəm. Vaxt sıxıntısı var. Allah nə qədər ayırıb onu bilmirsən, amma deyiləcək sözlər də çoxdur. Bir şeydə deyim ki, mən həmişə ictimai baxımdan xarakter etibarılə, hadisələrin ön sırasında, mübarizə meydanında, səngərdə olmağa öyrəşmiş adamam. Kənarda özümü narahat hiss edərəm, evdə, Milli Məclisdə və ya başqa yerdə oturub, gedən mübahisələri seyr etsəm, özümü çox pis hiss edərəm. Çünki elə yer var ki, mən mütləq öz sözümü deməliyəm. Cavanlıqdan bu cür öyrəşmişəm. Amma elə bir vaxt gəlib, hiss edirsən ki, cəmiyyəti yalnız o şəkildə gündəlik mübarizələrlə dəyişmək mümkün deyil. Azərbaycan elə bir yerdir ki, ancaq başda oturanların diqtəsi ilə oturub-dururuq. Biz doğurdan da şahsevən millətik. Azərbaycan üçün ölkə başçısının mövqeyi çox önəmlidir. Məsələn, bu gün Azərbaycan ölkə başçısı ilə nəfəs alır, onunla oturur, onunla durur. Mən bu ab-havanı yaratdığına görə ölkə başçısını təbrik edirəm. Amma mən istərdim kii, cəmiyyət bir azda öz ruhununu tələbi ilə, öz tarixi vəzifələrinin tələbi ilə qarşısında duran müşküllər, problemlərin həlliylə həyatını qursun, onunla yatıb dursun, nəfəs alsın. Bu baxımdan ölkə başçısınını mövqeyi cəmiyyəti dəyişməkdə mühümdür. Bir vaxtlar prezident seçkilərində namizədliyimi verərəkən düşünürdüm ki, xalqa demək istədiklərimi yazıçı və şair kimi sözlə dəyişmək istədiklərimi, əlimdə vəzifə olarsa, onda daha asan həll edərdim. Amma parlamentdə 4-5-ci sırada əyləşən millət vəkilinin dedikləri ürəyini boşaltmaqdır, ciddi təsir göstərmir. Bu baxımdan ümid qalır cəmiyyətin mənəvi cəhətdən kamilləşdirmə yoluna. Lakin təəssüf ki, maarifləndirmə erası artıq keçib. Cəmiyyətdə ümumi səviyyənin dəşişdirilməsi əsas məsələdir. Yəni cəmiyyətin hər bir vətəndaşı elə tərbiyə sitstemindən keçməlidir ki, o, asanlıqla köklənə, məddaha, yaltağa əl quzusuna çevrilib bütün buyruqlara getməyə vadar olmasın. Demək istəyirəm ki, bu, çox önəmlidir. Bəziləri elə hesab edir ki, bu işlə ədəbiyyat məşğul olmamalıdır. Ədəbiyyat ancaq estetikadır, sözün gözəlliyidir, özü üçündür, vəssəlam. Mənsə belə hesab etmirəm. Ədəbiyyat cəmiyyətin ağrılarından doğmalıdır, onun gələcəyinin qurulmasına yardım etməlidir. Əgər bu cür deyilsə, ədəbiyyatın mənası qalmaz. Ədəbiyyat kiminsə qapısında qazdırdığı su quyusu deyil. O rəhmətlik Tağıyevin çəkdirdiyi Şollar suyu kimidir. O gərək bir yerdə durmasın, axıb getsin. Mən "quyu" yaradıcılığını qəbul etmirəm. Ədəbiyyat təmiz hava kimidir. Onun qapı-pəncərəsini açmaq lazımdır ki, hamıya çatsın. İndi bu yaşımda bunu daha çox hiss edirəm. - Siz ədəbiyyatı necə təsəvvür edirsiniz? - Mən ədəbiyyatı kommunal ev kimi hiss edirəm. Gərək onun bütün otaqlarında insanlar olsun. Ədəbiyyat uzaqdan yaraşıqlı görünüb içərisində yaşayış olmayan villalara bənzəməməlidir. - Ötən illərə görə təəssüf hissi keçirirsinizmi? - Bəli, düzünü deyim ki, təəssüflənirəm ki, ömrümün bir çox illəri bəzi işlərə sərf olunub getdi... Eyni zamanda özümü kənarda da hiss edə bilmirəm. Millətin elə vəziyyəti olur ki, mən ondan kənarda qala bilmərəm. Həyat məntiqi mənim ömür kitabımı, ömür yolumu çoxşaxəli edib. Dağ döşündəki yollar kimi yüz cığıra parçalanır, amma o yollar şükürki hərəsi bir mənzilbaşına gedir. Özü də xoş məramla. Mənim içimdə də xoş məramdan başqa bir şey yoxdur. - Sabir bəy, son illər ədəbiyyatda yazanlar çoxalıb. Hətta ədəbiyyata aidiyyatı olmayanlar belə kitab çıxarırlar. İndi əlinə qələm alanların əksəriyyəti keçmişi topa tutub, ədəbiyyatı dəstələrə bölürlər. Sizcə hələ də ədəbiyyatda «atalarla oğulların» müharibəsi niyə davam edir... Barışıq, həmrəylik yaradan insan kimi «atalarla oğullar» arasında barış yarada və bu problem çözə bilərsinizmi... - Son zamanlar Azərbaycanda son dərəcə istedadlı bir gənclik var. Öz xalqının və ədəbiyyatının keçmişi ilə barışmayan, daha yeni şer istəyən axtaran... Yəni bu hissini özü gözəldir. Barışmamaq, inqilabi ruh, millətini və ədəbiyyatın sözünü daha böyük görmək, çox gözəl bir şeydir. Cavanların arasında bu yolda səmimi, sidq-ürəklə çalışanlar və öz imkanı daxilində yazanlar, həm də ədəbiyyat təşkilatçılığı ilə məşğul olanlar, hətta yurnal buraxanlar var. Bu jurnalların uğurlu cəhəti odur ki, senzor qoymurlar. Hər şeyi olduğu kimi göstərirlər. Ola bilsin ki, orada uğursuz şeylər də var. Amma bu ayrı-ayrı müəlliflərə aiddir. Müəyyən yaş həddi keçdikdən sonra bu aqressiya da keçir. Əslində, qurdalasan, o insanların içərisindəki, aqressiya bəlkə başqalarından çox özlərinə qarşı yönəlib. Sanki sərt mövqeləri ilə özlərini tərbiyə etməyə, böyük görməyə çalışırlar. Atalar-oğullar söhbəti isə həmişə olub. Dünya yaranandan bu belədir. Oğullar ataları bəyənməyiblər. Ataların gördüyü işlər onlara yetərli görünməyib. Müəyyən yaş həddinə gəldikdən sonra isə görüblər ki, bu onlardan asılı olmadan yaranan vəziyyətdir. Atalardan oğullara keçən problemlər sonra elə onların öz övladlarına qalıb. Onda başa düşəndə isə gec olur. Son 60-70 ildə bu o qədər sürətlə davam edib ki, aqressiya isə peşmançılığın nə vaxt bir-birini əvəz etdiyini hiss eləmirsən. Bir də zaman dəyişir. Vaxti ilə şer mövzusu kimi görmədiyin məsələlər gündəmə gəlir. Mən gəncliyə sərt yanaşmağın tərəfdarı deyiləm. Bütün bunlara bir az fəlsəfi yanaşmalıyıq. Bütün keçmiş bizim öz keçmişimzdir. Ədəbiyyatda müəyyən sıxıntılara, maneələrə rast gələn gənc yaşlı nəsli günahlandırır. - Bəs yaşlı nəsil gəncliyə nə qoyub? - Bu sualı hər bir adam özü özünə verməlidir. Mənsə belə deyərdim: parçalanmış Vətən, işğal olunmuş torpaqlar, qaçıqınlar, aclıq, səfalət, cəfalət, kitab çap etdirmək zülüm, rüşvətxorluq, korrupsiya, evsiz-eşiksiz bir nəsil gəlib gedir, cəmiyyətdə əsəbilik, mənəvi pozğunluq, mənəvəi aşınma... - Bütün bunları kim yaradıb? - Təbii ki, bizlər, bizdən əvvəlki nəsillər yaradıb. Ziyalısı alimi və hər bir vətəndaşı içində olmaqla. Ona görə də cavan nəsil ədəbiyyatçı özündən əvvəlkini ittiham edir, öz atasını da, babasını da. Ədəbi babasını da, siyasi babasını da qatır bir-birinə. Cavan nəsil deyir ki, siz niyə bizə Avropadakı kimi şərait yaratmamısınız və biz də onlar kimi daha rahat yaşaya bilmirik. Ona görə də cəmiyyətin əsəbilyi, stresi həm də ədəbi stresə çevrilir. Bu baxımdan olanları çox normal qəbul edirəm. Hesab edirəm ki, bizim dalımızca gələn cavanlar hələ çox ittiham edəcəklər bizi. Hətta bizdən asılı olmayan günahları da bizim boynumuza yıxacaqlar. Mən bir şəxs olaraq 20 ildir imikanlarımla vuruşmuşam. Sözlə, diplomatiya ilə, siyasi çıxışlarla, səfərlər və görüşlərlə filan... Amma görürəm ki, çox çətindir, hələ hər şey həll olunmayıb. Zülmət, sis-duman dağılmayıb, əksinə, hələ üstümüzdə qalır o... Bu baxımdan, gözünü açan cavan görəndəki, ondan yaşıl nəsil onun torpağını, Vətənini dünyanın başqa ölkələrindəki kimi qura bilmir, yola çıxır yolu, suyu açır, suyu normal deyil, küçəsi zibilli, meşəsi qırılır, torpaqları səhraya çevrilir, onda təbii ki, bizi ittiham edir. Gələn nəsil də bunun öhdəsindən az bir zamanda gələ bilməyəcək. Biz çalışırıq ki, babalardan qalan problemlər bizdən sonrakılara keçməsin, amma təssüf ki, keçir. Bu təkcə bizdən asılı deyil. Qonşu dövlətlərin bizə qarşı olan Allahsız münasibəti, işğalçılıq, geosiyasi maraqlar və sair amillərdə var. Bunların hamısı var. - İndiyədək yola saldığınız doğum günlərini qeyd edərkən baş verən nələri unutmamısınız... - Deyim ki, doğum günlərində və bayramlarda bir az darıxıram. Sıxıntı gəlir içimə, nəylə bağlıdır, bilmirəm. Ən çox yadımda qalanı, unnutduğum ad günü olub. O vaxt 20 yaşım vardı. Eyni kursda oxuduğum qızlardan biri qalxıb dedi ki, Sabir gəl gedək şəkil çəkdirək. Soruşdum ki, nə münasibətlə? Cavab verdi ki, bu gün sənin 20 yaşın olacaq. Mənim üçün sürpriz oldu. Getdik şəkil çəkdiməyə. Əlimi atdım cibimə, gördüm cibimdə cəmi 20 qəpik var. Çox qəribə vəziyyət yaranmışdı... Mayın 20-də 20 yaşım olur, yanımda 20 yaşlı qız, cibimdə 20 qəpik pul... Bir də 50 yaşım olanda, gözləmədyim halda dövlət səviyyəsində, təmtəraqla yubiley qeyd edildi. Dövlətin qayğısı, nüfuz, hörmət.. birdən-birə hiss etdim ki, ömür boşa keçməyib. Hətta onadək dəvətnamələri belə paylamışdım. Birdən onları yığdılar ki, möhür vurulacaq. Soruşdum niyə. Dedilər prezident özü gələcək tədbirə. Bilirsiniz, bir ömür yaşamışıq, bu millətin iqtidarı, müxalifəti, bitərəfi ilə. Zaman keçdikcə görürsən ki, bunların hamısı eyni kətanın uzərindəki rəsm əsərinin rəngləridir. Vətən olmasa bunlar hamısı dağılıb gedər. Biz bir-birimsiz darıxdırıcı və mənasız olarıq. Ötən il isə ad günümü «Cavadxan» filminin çəkilişləri zamanı qeyd etdik. Bağın içində səssiz oturmuşdum. Kino işçiləri xəbər tutub gəldilər, ekspromtom yığışdılar, qeyd elədik. Çox vaxt ad günüm yollarda olur. Elə bu il də təyyarədə keçəçək. Sabah da mayın 20-də Kölnə uçacam. DAK-ın qurultayı ilə bağlı Almaniyaya gedəcəm. - Belə günlərdə nəyin xiffətini edirsiniz... - Çətin uşaqlığım olub. Heç ad günü keçirdiym yadımda deyil. Çünki belə bir ənənə yoxdur bizdə. Adətən Novruz və Qurban bayramları qeyd edilər, məhsul bayramları, biçin başlayanda xüsusi ayinlər həyata keçirilərdi. Biçin başlayn günü kişilər xüsusi səs ilə ayinlər icra edirdilər. İndi daha bunlar yoxdu, sanki başqa planetdən gəlmişdilər, o kişilər, çıxıb getdilər. Acılı keçsə də, daha çox gənclik illərini xatırlayırsan. Çünki, ildən ilə ondan uzaqlaşırsan. Keşkə ad günləri filan olmayaydı, ümumi ad günləri olaydı... Məsələn, Qarabağın azad olunmasının 10 illiyi, Şuşanın işğaldan qurtulmasının 50 illiyi, Azərbaycanın bütövləşməsinin 100 illiyi... Necə ki, müstəqilliyimizin əldə edilməsinin ildönümlərini qeyd edirik. Bax, onda dəlicəsinə sevinmək olardı. Gülnaz Qənbərli /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 20.05.2008 10:56 © anspress.com |