“Hər il yaşıllıqların məhv edilməsi ilə bağlı yüzlərlə iş məhkəməyə göndərilir”
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ANSPRESS-in forumunun qonağı olub

- Yay aylarında insanlar ailəliklə yaşıllıqlara, meşələrə getmək istəyir. Amma artıq bir neçə ildir ki, belə yerləri tapmaq olmur. Çünki, bütün yaşıllıqlarda bahalı restoranlar, istirahət mərkəzləri fəaliyyət göstərir. Belə yerlərdə isə istirahət etmək hər kəsin cibinə uyğun deyil.Sizcə, yaşıllıqlar, meşələr xalqın ixtiyarında olmamalıdırmı? Yoxsa, belə yerlər yalnız bir neçə iş adamının varlanması üçündür və sıravi vətəndaşlar onlara yalnız kənardan baxmaqla "istirahət" etməlidir?


- Mən şəxsən çox şadam ki, Nazirliyin fəaliyyət göstərdiyi və mənim orada çalışdığım müddətdə biz cəmiyyətin, ictimaiyyətin ekoloji problemlərə münasibətini əsaslı sürətdə dəyişmişik Artıq buna biganəlik demək olmaz. Halbuki əvvəllər məhz belə idi. Lakin hələlik bu münasibətə məsuliyyətli də demək olmaz. Sadəcə öz məsuliyyətini hiss etmədən tələbkarlıq atmosferi var. Sizin konkret sualınıza gəldikdə gülməli paradoks ondan ibarətdir ki, mən şəxsən Azərbaycanda meşələrin icarəyə verilməsinin əleyhdarıyam. Lakin qanunlar bunu nəzərdə tutur. Və meşəni icarəyə götürmək istəyən vətəndaşlar da məhz sizin istifadə etdiyiniz arqumentə müraciət edirlər. Onlar da deyirlər ki, bu, xalqa məxsus olmalıdır və buna görə də siz bizə həmin əraziləri icarəyə verməlisiniz. Əgər siz cəmiyyətin adından danışırsınızsa (mənim üçün bu, çox vacibdir) onda öz aranızda bir ümumi məxrəcə gəlin və hökumətdən nə istədiyinizİ aydın ifadə edin. Sualın konkret mahiyyəti ilə bağlı isə onu deyə bilərəm ki, Azərbyacnda 1 milyon 214 min ha meşə fondu ərazisi var və bundan cəmi 450 hektarı müxtəlif formalarda əsasən rekriasiya məqsədləri üçün bir qayda olaraq 1 illik, bəzi hallarda 5 illik müqavilələr əsasında (qanunla müqavilə 10 ilə qədər bağlanıla bilər) vətəndaşların istifadəsinə verilmişdir. Ümumiyyətlə əvvəlki illərə nisbətən icarəyə verilən ərazilər 2-3 dəfə azalmışdır. Bu da bizim bu məsələyə çox ehtiyatla yanaşmağımızın əksidir. Amma etiraf edim ki, icarəyə verilən ərazilərin böyük əksəriyyəti çox yaxşı qorunur və ağacların kəsməsi hallarına demək olar ki, heç vaxt yol verilmir. Rəqəmlərdən də görürsünüz ki, meşələrdə və dağlarda restoranda yox, öz çadırında istirahət etmək istəyənlər üçün imkanlar heç də məhdudlaşdırılmayıb. Yeri gəlmişkən, bu imkandan mən özüm geniş istifadə edirəm. Və sizi öz şəxsi təcrübəmdən əmin edirəm ki ,Azərbayacnda bir çox yerlər var ki, orada sizin istirahətinizə heç kim mane olmaz və vəhşi təbiət toxunulmamışdır. Bunun bircə şərti var ki, özündən sonra təbiəti elə də toxunulmamış şəkildə qoyub qayıdasan. Meşə ərazilərinin müvəqqəti icarəsindən əldə olunan vəsait Vergilər Nazirliyinin vasitəsilə dövlət büdcəsinə ödənilir. Və nəhayət, meşə fondu ərazilərində əsaslı tikinti aparmaq olmaz, ancaq müvəqqəti tikililərə icazə verilir. Harada əsaslı tikili varsa, bunlar bizim üçün əvvəlki dövrlərdən qalmış problemdir.

- Son bir neçə ildə yol kənarlarına xaricdən gətirilmiş ekzotik ağac və kolların əkildiyini görürəm. Hələ bu yaxınlarda Bakıdan kənar bölgələrin birində də bunun şahidi olmuşam. Cox təccübləndim. Bilmək istərdim ki, niyə çinar, palıd, vələs, qoz, şabalıd, ağcaqayın, cökə və s.. insan orqanızmi üçün əvəzsiz xeyiri olan yerli ağaclar yada düşmür? Görəsən çörəyin qiyməti günü gündən artdığı bir dövrdə, təbiətimizə yad olan əcnəvi ağacları gətirməkdə dövlətimizin marağı və məqsədi nədir?

- Bakıda və yaxud başqa şəhərlərdə, ümumiyyətlə meşə fonduna aid olmayan ərazilərdə ağac əkmək bizim vəzifəmiz deyil və biz bu işlə məşğul deyilik. Bizim etdiyimiz odur ki, Bakının, başqa şəhərlərin rayonların rəhbələri, ayrı-ayrı nazirilklər, ali məktəblər, ümumiyyətlə istənilən kollektiv ağac istəyi ilə bizə müraciət etdikdə heç bir ödənişsiz onlara istədikləri qədər ağac veririk. Harada istəyirlərsə orada da əksinlər. Təkcə 2007-ci ildə belə müraciətlərə cavab olaraq nazirlik 700 min ağac paylamışdır. Ümumiyyətlə , nazirliyin ən uğurlu işlərindən biri yetərincə ting yetişdirməyə nail olmasıdır. Bu dəqiqə bizim hər il 30-40 milyon ədəd ting materialımız olur və problem artıq bütün bunların harada və hansı qüvvə ilə əkilməsidir. Əsasən bunlar sizin sadaladığınız cinslərdir. Yeni yetişdirməyə başladığımız əlavə cinslər isə zeytun, ardıc və s. növlərdən ibarətdir. 30 oktyabr 2007-ci il tarix Prezident İlham Əliyevin "Avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması" barədə sərəncamına əsasən, bir neçə nazirliyə, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rekonstrtuksiyası başa çatmış avtomobil yollarının ətrafında yaşıllıq zolaqlarının yaradılması tapşırılmışdır. Adi hallarda bu işlə Nəqliyyat Nazirliyinin yaşıllaşdırma idarəsi məşğul olur. Lakin bu halda xüsusən irihəcmli layihədən söz getdiyi üçün ölkə rəhbərliyi bu işi o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliynə də tapşırıb. Bu sərəncama əsasən Ələt-Hacıqabul yolunun kənarında nazirliyin öz daxili imkanları hesabına artıq yaratdığı 5 km-lik zolağa əlavə olaraq daha 28 km-lik yolkənarı ərazilərdə noyabr-mart ayları müddətində torpaq planlaşdırma işləri aparılmış ,5 min ton üzvi kübrə əraziyə gətirilərək yayılmış və 100 min yerli növlərdən olan ağaclar əkilmişdir. Sərəncama əsasən bu işlərə eyni zamanda 3,5 milyard vəsait ayrılmışdır ki, bunun da 2,8 milyon manatı İsrail texnologiyasına əsasən 28 km-lik məsafələrdə damcılı suvarma sistemləri quraşdırılır İcraçı da elə tenderdə qalib gəlmiş İsrail şirkətidir.Yerdə qalan vəsaitə isə başqa ölkələrin yolkənarı yaşıllaşdırma uğurlu nəticə vermiş ağac və kol cinsləri gətirilməsi və bununla da yerli növ çeşidinin də zənginləşdirilməsi məqsədəuyğundur. 23 min kol və ağacın Bolqarıstandan və bir sıra başa ölkələrdən gətirilməsi həyata keçirilir ki, bunlar da əsasən iqlim tələblərinə cavab verir və doğrudan da zahirən də çox gözəl yaraşıq verən ağac və gül kollarıdır. Misal üçün, Atlas Sidri. Bildiyiniz kimi bu sidr quraq ərazilərə küləkli ərazilərə çox dözümlüdür və eyni zamanda çox gözəl görkəmə malikdir. Yaxud İspaniya sidri. Bu da eyni xüsusiyyətlər malikdir. Yaxud Arizona sərvi. Bu da uzun ömürlü və quraqlığa dözümlü unikal ağacdır. İlk dəfədir ki, Azərbaycana ardıc növləri gətirilmişdir. Bu növ 20 metrə qədər hündürlüyü olan ağac əmələ gətirir, illərlə yağışsız şəraitə dözür və min ildən çox yaşaya bilir. Düzdür, bununla bərabər tenderin qalibi olan şirkətin təklifi ilə 1000 ədəd Siciliya palması da gətirilmişdir ki ,bunlar da küləyə və soyuğa dözümlüdür. Onların gətirildiyi ərazidə sonuncu qışda 14 dərəcə şaxta olmuşdur ki, bu ağaclar bu şaxtaya dözdü. Hər halda müqavilənin şərtlərinə görə hər bir qurmuş və ya məhv olmuş ağacı şirkət yenisi ilə əvəz etməyi öz üzərinə götürmüşdür. Buna görə də bu eksperimentə daha dözümlə yanaşmağınızı rica edirik. Onu da nəzərə alın ki, hər ağacın qiyməti Bakıdakından 5-8 dəfə ucuz başa gəlib.

- Qaçqınların və bölgələrdə yerli əhalinin meşələri qıraraq, odun məqsədi ilə istifadə etməsi hallarının qarşısını necə alırsınız və bu halların qarşısını almaq mümkündürmü?

- Bu məqsədlə müvafiq reydlər aparılır, aşkar olunmuş faktlarla bağlı kimliyindən asılı olmayaraq ciddi tədbirlər görülür. Eyni zamanda qeyd edək ki, qaçınlara müəyyan miqdarda, qanunla müəyyən olunmuş qaydada odun verilir. 2006- cı ildə 31116 m3 odun tədarük olunub, bundan Müdafiə Nazirliyinə 3290 m3, Sərhəd Xidmətinə 630 m3 və Daxili Qoşunların Hərbi Hissələrinə 280 m3 odun bölgüsü verilmişdir. Yerdə qalan oduncaq rayon icra hakimiyyətlərinin bölgüləri əsasında rayondakı məktəb, xəstəxana, o cümlədən qaçqınlara, şəhid ailələrinə verilmişdir. 2007-ci ildə 50035 m3 tədarük olunmuş odundan Müdafiə Nazirliyinə 4000 m3, Sərhəd Xidmətinə 2300 m3, Daxili Qoşunların Hərbi Hissələrinə 450 m3 və Fövqəladə Hallar Nazirliyinə 400 m3 odun bölgüsü verilmişdir. Yerdə qalan oduncaq rayon icra hakimiyyətlərinin bölgüləri əsasında rayonun məktəb, xəstəxana, o cümlədən qaçqınlara, şəhid ailələrinə verilmişdir.


- Niyə son vaxtlar agacların kəsilməsi prosesi daha da genişlənib? Niyə ağac kəsənlərə qarşı mübarizə sərtləşdirilmir?


- Qanunsuz ağac kəsənlərə qarşı mübarizəni sərtləşdirmək məqsədilə Nazirlik tərəfindən “Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac və kol bitkilərinin (o cümlədən şəhər yaşıllıqları) istifadəsi, mühafizəsi və qorunması Qaydaları” hazırlanmış və Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli 173 saylı Qərarı ilə təsdiq edilmişdir. 2007-ci ildə Nazirliyin təklifi ilə meşə fonduna daxil olmayan ağac və kol bitkilərinin (o cümlədən şəhər yaşıllıqları) zədələnməsi və kəsilməsi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin nəzərdə tutulan cərimələrin miqdarı 23 noyabr 2007-ci il tarixdə fiziki şəxslər üçün 25 dəfə (əvvələr cərimənin miqdarı şərti maliyyə vahidinin 25-30 misli olmuşdursa, hal-hazırda şərti maliyyə vahidinin 625-750 misli təşkil edir), vəzifəli şəxslər üçün 60 dəfə (əvvələr cərimənin miqdarı şərti maliyyə vahidinin 65-80 misli olmuşdursa, hal-hazırda 3900-4800 misli təşkil edir) artırılmışdır.


- Sizcə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşələrin belə qırılmasının qarşısını almağa niyə gücü catmır?


- ETSN yarandığı gündən meşələrin qanunsuz qırılmasına qarşı mübarızə aparmış və aparmaqdadır. Məhz bunun nəticəsidir ki, qanunsuz ağac kəsmə halları ilbəil azalmış, əksinə respublikaya ağac və ağac məhsullarının idxalı ilbəil artmışdır. Belə ki, 2006-cı ildə respublikaya idxal olunan ağac və ağac məhsullarının miqdarı 67664,7 min ABŞ dolları olmuşdursa, bu rəqəm 2007-ci ildə 78 mln. olmuşdur. Respublika üzrə 2007-ci ildə 10500 ha sahədə meşəbərpa işləıri aparılmışdır ki, bundan 3858 ha-I yeni meşələrin salınması, 6647 ha-ı isə təbii bərpaya kömək tədbirləri təşkil edir. Meşəbərpa məqsədilə ərazilərdə 11500 min ağac tingləri əkilmişdir. 2008- ci ildə meşəbərpa və meşəsalmanın plan-proqnozu 10700 ha-dır. Bundan 3800 ha yeni meşəliklərin salınmasıdır. Carıi ilin yaz meşə əkini mövsümündə verilən operativ məlumatlara görə 1136 ha sahədə meşə əkini işləri aparılmışdır. Ümumiyyətlə , deməliyəm ki, xalqa heç bir nazirliyin gücü çatmaz.


- Niyə Bakida qırılan yaşıllıqlara görə heç kim məhkəmə qarşısında dayanmayıb?


- Ümumiyyətlə, təkcə Bakıdakı yaşıllıqlarla bağlı hər il yüzlərlə iş məhkəmələr verilir. Amma hüquq pozmanın tərkibi xırda cinayət yaxud, cinayət tərkibi olmayan sayıldığı üçün bir qayda olaraq iş cərimə ilə bitir. Və bu cərimə 2008-ci ildə artıq orta hesabla hər hüquq pozmada 600-700 manat təşkil edir ki, bu artıq o qədər də cüzi deyil.O ki qaldı cinayət tərkibli məhkəmə prosesinə. Belə hallarda az deyil. Son illərdə 10 belə hal olmuşdur ki ,vətəndaşları ayrı-ayrı günahkarları prokurorluqda işə baxıldıqdan sonra məhkəmə cinayət işinə baxmış və hökm çıxarmışdır.

- "Şahdağ" milli parkı layihəsində hansı yeniliklər var?

- Şahdağ Milli Parkının ərazisinin genişləndirilməsi ilə əlaqədar gələcəkdə milli parkın işçi heyətinin sayının artırılması nəzərdə tutulur. Eyni zamanda, layihə çərçivəsində beynəlxalq standartlara uyğun müasir park infrastrukturu yaradılacaq ki, bu da ekoturizmin inkişafına təkan verəcəkdir. Layihə çərçivəsində Akademik Həsən Əliyev adına Ordubad Milli Parkının mövcud ərazisinin genişləndirilməsi nəzərdə tutulur, bu da öz növbəsində yeni iş yerlərinin açılmasına səbəb olacaqdır. Hazırda Ordubad Milli Parkının ərazisinin genişləndirilməsi istiqamətində müvafiq işlər aparılır. Layihə üzrə ikinci komponentdə davamlı kənd təsərrüfatı və təbii sərvətlərin idarə edilməsi üçün icma səviyyəsində investisiyalar çərçivəsində layihə ərazisində yerləşən 55 kənddə yaşayan əhaliyə dəstək göstəriləcəkdir. Bu komponentin icrası müddətində cəlb olunacaq texniki məsləhətçilərin köməyi ilə mövcud alternativ imkanlara əsasən (toxumlar, gübrələr, kənd təsərrüfatı avadanlıqları, kiçik miqyaslı irriqasiya, süd toplanması mərkəzləri və s) kənd investisiya planları hazırlanaraq kəndlərə dəstək göstəriləcəkdir. Bu işlərin yerinə yetirilməsi nəticəsində kəndlərdə yeni iş yerlərinin açılması nəzərdə tutulur. Həmçinin layihə çərçivəsində kəndlərə yaxın bələdiyyə torpaqlarında (inzibati ərazilərdə) güclü deqradasiyaya uğramış otlaqların bərpası və inkişafının idarə edilməsinə köməklik göstəriləcək və yem istehsalına əlavə olaraq, kənd təsərrüfatı maşınları kəndlilərə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaqda kömək ediləcəkdir. Layihənin üçüncü komponentinin icrası zamanı layihə ərazisində ekoloji cəhətdən davamlı, kiçik və orta miqyaslı kommersiya müəssisələrinin işə cəlb olunması məqsədi ilə yerli sahibkarlara kiçik qrantların verilməsi nəzərdə tutulur ki, bu da yerli iqtisadiyyatın inkişafı və kənd ərazilərində yeni iş yerlərinin açılması deməkdir. Qeyd etmək lazımdır ki, Kənd Ətraf Mühit üzrə imzalanmış sənədlərə uyğun olaraq layihənin icrası, əsasən, tender yolu ilə cəlb olunmuş beynəlxalq və yerli şirkət və məsləhətçilərin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə müvafiq tenderlər elan edilmiş və hazırda şirkətlərin seçimi aparılır. Seçiləcək şirkət və mütəxəssislərin layihə ərazisində işlərin başlanılması 2008-ci ilin yaz aylarında nəzərdə tutulur.

- Turizmin meşələrə yaratdığı problemlər necə həll edilir?


- Turizm meşələrdə ciddi problemlər yaratmır. Bəzi istirahət mərkəzləri mövcuddur ki, onların kanalizasiya sisteminin, təmizləyici qurğuların olmaması tərəfimizdən müəyyən edilmiş və onlara ekoloji normaların tələblərinin riayət edilməsi barədə müəyyən göstərişlər verilmişdir. Araşdırmalar göstərir ki, ağacla örtülü belə ərazilərdə icarədarlar tərəfindən ağaclar daha yaxşı qorunur.


- Azərbaycanın hansı rayonunda ekoloji çirklənmə artıb?


- Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən idarə olunan ətraf mühit və təbii ehtiyatların dövlət monitorinqi sistemi fəaliyyət göstərir. Bu sistem ətraf mühit komponentləri olan atmosfer havası, torpaq, su mühitində baş verən kəmiyyət və keyfiyyət göstəriciləri üzərində monitorinq nəzarətini həyata keçirir. Son bir neçə il ərzində dövlət monitorinq sistemi modernləşdirilmiş, analitik tədqiqat laboratoriyaları müasir cihaz və avadanlıqlarla təchiz olunmuş, fəaliyyətləri yenidən təşkil edilmişdir.Regionların ekoloji vəziyyətində baş verən dəyişikliklərə gəldikdə işğal olunmuş ərazilərdə Ermənilər tərəfindən törədilən ekoloji terrorizm bizi həddindən artıq narahat edir. Bu məsələ Nazirlik tərəfindən müntəzəm olaraq Beynəlxalq təşkilatlar qarşısında qaldırılır və müvafiq hesabatlar hazırlanaraq yayımlanır.Regionlarda narahatlıq doğuran digər məsələ içməli su kimi istifadə etdiyimiz və ölkə hüdudlarından kənarda formalaşan transsərhəd çayların qonşu ölkələr tərəfindən çirkləndirilməsinin davam etdirilməsidir. Məslənin vacibliyini nəzərə alaraq Nazirlik tərəfindən bu çayların ölkə ərazisinə daxil olduğu ərazilərdə suyun keyfiyyətinin daimi olaraq nəzarətdə saxlanılması məqsədi ilə Qazax və Beyləqan rayonlarında Analitik Tədqiqat laboratoriyaları yaradılmışdır. Dəgər məsələ ölkə ərazisində nisbətən ekoloji gərgin ərazi hesab olunan Abşeron yarımadasının ekoloji problemləridir. 100 illər ərzində Abşeron yarımadasında yığılıb qalmış ekoloji problemlərin, o cümlədən torpaqların neftdən təmizlənməsi, sənaye müəssisələrinin şəhər hüdudlarından kənara çıxarılmasına başlanılması, Abşeron yarımadasında hədsiz dərəcədə çirklənməyə məruz qalmış göllərin sağlamlaşdırılması istiqamətində işlər həyata keçirilir.


- Kürün məcrasının dəyişdirilməsini dəstəkləyirsinizmi?


- bu barədə heç bir məlumat daxil olmayıb. Belə iri miqyaslı layihələrə baxarkən, nazirlik bir qayda olaraq layihə icraçılarından layihəni ictimaiyyətlə, o cümlədən yerli icmalarla açıq müzakirə etməsini tələb edir. Yalnız bundan sonra öz mövqeyini bildirir. Düşünürəm ki, belə bir layihə daxil olsa, eyni yanaşma təmin ediləcədir.


- Vaxtilə Yardimlı rayonun meşələri əzəmətli idi. Ancaq indi meşələrdən demək olar əsər-əlamət qalmayıb. Bəzi rayonlarda meşələr salınır. Bu hal Yardımlı rayonunun meşələrinə nə zaman şamil ediləcək? Ümumiyyətlə, Yardımlıda meşələrin bərpasına aid bir plan varmı?

- Bildiyiniz kimi 1990-cı illərdə Respublikada olduğu kimi meşələrin kütləvi qırılması halları Yardımlı meşələrinin də baş vermişdir. Lakin ETSN-nin yarandığıl gündən belə halların qarşısı qətiyyətli tədbirlər nəticəsində minimuma endirilmişdir. 2004-cü ildə qanunsuz qırıntıların miqdarı Yardımlı MMBM-də 1298m3 olmuşdursa, 2007-ci ildə bu göstərici 375,13 m3-ə endirilmişdir. Bununla əlaqədar 2 direktor, 2 baş meşəbəyi, onlarla meşə mühafizə xidmətinin digər işçiləri tutduqları vəzifədən azad olunmuşdur. 18.02.2003-cü ildə H.Əliyevin Sərəncamı ilə “Meşələrin bərpa edilməsi və artırılması”na dair Milli Proqram təsdiq edilmişdir. Adıçəkilən Proqramın icrası ilə əlaqədar olaraq Yardımlı rayonunda da intensiv meşəbərpa tədbirləri həyata keçirilmişdir. Bu baxımdan 2001-2008-ci ilin yaz -əkin dövrünə kimi 2448 ha-da meşəbərpa tədbirləri, o cümlədən 713 ha-da meşə əkini və səpini həyata keçirilmişdir. Bu da əvvəlki 8 ildəkindən 10 dəfə çoxdur. Buna baxmayaraq ,araşdırmalar göstərmişdir ki, bu əkinlərə qulluq nazirliyin tələblərinə tam uyğun gəlmir. Və bir sıra başqa səbblər nəzərə alınaraq bir neçə gün bundan əvvəl Yardımlı rayon meşə mühafizə idarəsinin rəisi tutduğu vəzifədən azad edilmişdir.


- Qarabağ uğrunda döyüşlərdə iştirak etmisiniz?


- Qarabağ uğrunda döyüşlərin qızğın getdiyi dövrdə mən Gənclər İnstitutu adlanan bir tədris müəssisəsinin rektoru vəzifəsində çalışırdım. Cəbhə bölgəsində mütəmadi olurdum. Şellidə, Marquşavanda ön cəbhədə səngərdə oturan əsgərlər ümid edirəm məni hələ unutmayıblar. Kəlbəcərdə, Qubadlıda, Laçında ,Zəngilanda, Füzulidə olmuşam. Sualınızda "sətiraltı" mənasını da görürəm. Ona görə də əlavə edə bilərəm ki, mənim iki oğlumdan biri İran sərhədində ,o biri isə Naxçıvanda cəbhə bölgəsində qulluq edən hərbi briqadanın tərkibində xidmətlərini keçiblər. Kiçik oğlum taqım komandiri olub. Mən bunu sizə fəxrlə deyirəm.


- Məktəblilərin iməciliklərdə iştirakı, sizin nazirliyin, yoxsa şəhər meriyasının təşəbbüsü ilə həyata keçirilir?


- Ümumiyyətlə, biz heç kəsi iməciliyə gəlməyə məcbur etmirik. Hətta öz işçilərimizi, nəinki məktəbliləri. Yuxarıda sualların birnə cavab verərkən qeyd etdiyim kimi çoxlu şitil yetişdirməyə nail olmuşuq. Və əkin mövsümlərində nə qədər çox insan , o cümlədən məktəbli bizə köməyə gələrsə ,hamısını minnətdarlıqla qəbul etməyə hazırıq.

Hüseynqulu Bağırovun forumçuların suallarına cavabları ilə burada tanış ola bilərsiniz

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 03.05.2008 19:44

© anspress.com