«Rüşvət almamışam»
İsmət Abasov: «Şəhərdə ziyalı ailəsində böyüsəm də, kəndin, fermer və sahibkarların problemlərinin həlli mənim üçün çox önəmlidir»
Kənd təsərrüfatı naziri İsmət Abasov ANSPRESS Forumu iştirakçılarının suallarını cavablandırıb
-Niyə Azərbaycanda ət və ət məhsullarının qiyməti bu qədər bahadır? Nazirlik bu qiymət artimi ilə niyə mübarizə aparmir? Aparirsa niyə yüksək səviyyədə nəticələr əldə ediılmir? Niyə bir ara keçirilən yarmarkalarin sayi azaldi?
-İlk öncə qeyd etmək istəyirəm ki, Kənd Təsərrüfatı Nazirliyi ölkədə qiymət siyasəti həyata keçirən orqan deyil. Nazirlik aqrar bölmədə dövlətin siyasətini işləyib hazırlayan onu həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Eyni zamanda hələ bir neçə il bundan öncə hökumət tərəfindən Kənd Təsərrüfatı məhsullarının qiymətləri liberallaşdırılmışdır. Qiymət artımının süni surətdə artmasının qarşısınının alınmasını biz Kənd Təsərrüfatı Nazirliyi olaraq ən əsas amil kənd təsərrüfatı məhsullarının artırılmasında görürük. Bunun üçün də əhalinin kənd təsərrüfatı və ümumiyyətlə ərzaq məhsullarına olan ehtiyacının tam ödənilmsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Respublika prezidentinin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında", "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında", "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" və digər sərəncamları kənd təsərrüfatı məhsullarının istehsalına təkan vermişdir. 2007-ci ildə 2006-cı ilə nisbətən yumurta istehsalı 14,5 faiz, ət 8 faiz , süd istehsalı 3 faiz artmışdır. Bununla yanaşı qiymətlərin süni qaldırılmasının qarşısını almaq məqsədilə 2006-cı ilin 22 iyulundan başlayaraq cənab Prezidentin göstərişi ilə şənbə və bazar günləri şəhərimizin 7 rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilir. Bu günədək 181 dəfə yarmarka keçirilmişdir və bu yarmarkalarda 36 256 ton müxtəlif kənd təsərrüfatı və emal sənayesi məhsulları satılmışdır. O cümlədən 2200 ton ət, 798 ton süd. Belə ki, ətin satış qiyməti bazarlarda 4-8 manat olduğu halda, yarmarkada 3,6- 4,4 manat, müvafiq olaraq süd məhsullarının bazarda 1,6 - 2,8-3,6 manat olduğu halda yarmarkalarda 1,2-2,3-3,2 manat olmuşdur. -Kənd təsərrüfatı məhsullarının qiyməti niyə artıb? -Qiymətlərin müəyyən qədər artmasının səbəbi dünya bazarında qiymət artımı ilə əlaqəlidir. Bildiyimiz kimi biz müəyyən ərzaq məhsullarını idxal edirik və belə olan halda dünya bazarında baş verən maliyyə prosesləri də burada öz əksini tapır. Belə ki, Avropa ölkələrindən idxal olan məhsullar avro ilə alınır və hamıya bəllidir ki, bu gün dünya bazarında avronun məzənnəsi ABŞ dollarına nisbətən yüksəlir. Bunun qarşısını almağın ən əsas amili bir də təkrar edirəm, ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının, emalının artımı ilə alınacaqdır. Bunun üçün ölkə rəhbərliyi tərəfindən hər cür dəstək göstərilir. -Niyə Azərbaycanda fermerlerlə sizin nazirlik arasinda uyğunlaşma yoxdur? Fermerler ətin qiymətini qaldirir ki, yem bahadir. Bunlari tənzimlemek o qədər cətindir? Kənd Təsərrüfatı Nazirliyi ilə fermerlər arasında geniş əlaqə və işbirliyi vardır. Onları maraqlandıran bütün məsələlər nazirliyin səlahiyyətləri daxilində həll edilir. Ətin qiymətinin müəyyən qalxmasında idxal olunan yemin qiymətinin baha olması öz təsirini göstərir. Bunları tənzimləmək üçün nazirlik bütün vasitələrdən istifadə edir , fermer və sahibkarları imkan daxilində toxumla, "Aqrolizinq" ASC vasitəsilə dərman preparatları, gübrələrlə, kənd təsərrüfatı maşınları və avadanlıqları ilə təmin edir. Onlara mütəxəssis köməyi təklif edilir, beynəlxalq layihələr vasitəsilə çox saylı xidmətlər göstərilir, mikrokreditlər verilir. -Fermer təsərrüfatını inkişaf etdirmək üçün hansı dünya praktikasından istifadə olunur? -Ölkəmiz üçün faydalı hesab edilən dünya təcrübələrindən geniş istifadə edilir. Belə ki, Dünya Bankı ilə "Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi" layihəsi "Azərbaycan Kənd İnvestisiya " layihəsi, "Quş qripi" layihəsi, Beynəlxalq İFAD təşkilatı ilə "Dağ və yüksək dağlıq ərazilərin inkişaf etdirilməsi" layihəsi ,"Şimal-şərq inkişaf layihəsi" həyata keçirilir. Belə layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. -Kənd Təsərrüfatı Nazirliyinin konkret funksiyaları nədən ibarətdir? -Kənd Təsərrüfatı Nazirliyi Respublika Prezidenti tərəfindən 2005-ci il 20 aprel tarixli fərmanla təsdiq edilmiş əsasnaməyə uyğun fəaliyyət göstərir. Konkret olaraq kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. -Qarşıdan prezident seçkiləri gəlir. Bəzi ölkələrdə seçkilər yaxınlaşanda hakimiyyət qiymətlərin ucuzlaşacağını vəd edir. Bizdə niyə belə deyil? -Bəzi dövlətlərdə hakimiyyət ucuz nüfuz qazanmaq üçün qeyd etdiyniz hallara əl atırlar. Lakin Azərbaycanda ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz Cənab İlham Əliyev 2003-cü ildə bütövlükdə xalqın etimadını qazandığına görə prezident seçilib. Hal-hazırda isə ölkəmizin bölgədə lider dövlətə çevrilməsi bizə ölkə başçımızın əhalinin mütləq əksəriyyəti tərəfindən sevildiyini deməyə əsas verir. Və onun növbəti seçkidə prezident seçiləcəyi heç kəsdə şübhə doğurmamalıdır. -Nazir postundan nə qədər razısınız? -Mənə etimad göstərilib nazir postu verilib. Mən də bu vəzifədə var qüvvəmlə çalışıram ki, mənə göstərilən bu yüksək etimadı doğruldum. -Digər nazirliklərdə qazanc yeri çoxdur. Bəs Sizin nazirlik nə ilə yaşayır? Monopoliya, yaxud qazanc yeriniz varmı? -Ümumiyyətlə nazirliklərdə qazanc yerinin olmasını güman etmək düzgün deyildir. Bütün nazirliklərdə işləyən işçilər "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının qanununa uyğun dövlət büdcəsi hesabına əmək haqqı alır və dövlət qulluqçusu başqa fəaliyyət növü ilə məşğul olmur. Qazanc yeri kənd təsərrüfatı sistemində yalnız kənd təsərrüfatı məhsulları istehsal edən insanlara məxsusdur ki, onlar öz işlərini mövcud qanunlar çərçivəsində qurur və fəlaiyyət göstərirlər. -Azərbaycanda kənd təsərrufatı olmadığı halda Kənd təsərrüfatı Nazirliyini niyə saxlayıblar ? Hamıya məlumdur ki, hazırda hər şey Azərbaycana xarici ölkələrdən gəlir. Biznesmenlər onları hansı qiymətə istəyir, o qiymətə də satır . Nazirlik isə onlara müdaxilə edə bilmir. -Azərbaycanda kənd təsərrüfatı tarixən mövcud olmuşdur. Bu gün də əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və onun layiqli davamçısı möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında dinamik inkişafını davam etdirir. Respublikada 2007-ci ildə 2006-cı ilə nisbətən kənd təsərrüfatı məhsullarının istehsal artımı 4 faiz təşkil etmişdir. Ölkəyə idxal olunan məhsulların qiymətinə bazar iqtisadiyyatı qanunlarına uyğun olaraq nazirlik tərəfindən müdaxilə etməyə səlahiyyətlərimiz yoxdur. -Niyə Azərbaycanda yetişən meyvələr-Quba almaları və s. xarici ölkələrə ixrac olunduğu halda bizdə xaricdə iynə və müxtəlif zərərli dərmanlarla yetişdirilərək, yalandan şişirdilən dadsız meyvələr satılır? Bəziləri deyirlər ki bizim meyvələr bahlı olurlar. Ona görə də bu meyvələri xaricdə satmaq daha sərfəlidir. Bu, nə dərəcədə düzdür? -Azərbaycanda meyvə həm istehsalına , həm də keyfiyyətinə görə həmişə yüksək mövqedə durub. Ölkəmizdə meyvələrin çeşidi çoxdur və hər kəs tələbatına uyğun meyvə alır. Bizim meyvə bağlarında zərərli dərmanlar demək olar ki, istifadə edilmir. Ona görə də meyvələrimiz keyfiyyətli və dadlı olur. Bu səbəbdən də məhsullarımıza tələbat çox olduğundan onlar həm də xaricə ixrac olunurlar. Digər tərəfdən Azərbaycanda meyvələrin hamısının baha olması fikri ilə razılaşmaq olmaz. Təhlil etmişik ki, ölkəmizdə istehsal olunan meyvələr xaricdən idxal olunanlardan təxminən iki dəfə ucuzdur. İnsanlarımızın əksəriyyəti öz istehsalımız olan meyvələri almağa meyllidir. Bunu kənd təsərrüfatı yarmarkalarında apardığımız müşahidələr də təsdiq edir. -Prezident İlham Əliyevin fermerlərə dövlət dəstəyinin gücləndirilməsi məqsədilə yanacağa görə dövlət vəsaitinin ayrılmasından xeyli vaxt keçir. O vaxt Siz özünüz də kənd təsərrüfatı mallarının ucuzlaşacağını proqnozlaşdırırdınız. Amma bu ucuzlaşma baş vermədi. Niyə? Belə çıxmırmı ki, dövlətdən nə qədər çox vəsait ayrılsa da, fermerlər kənd təsərrüfatı mallarının qiymətini artırmaqda davam edəcək daha çox pul qazanmaq üçün? Bunun qarşısını almaq üçün mexanizm varmı? -Məlum olduğu kimi, kənd təsərrüfatı məhsulları istehsalçılarına 2007-ci ildə 80 milyon manat dövlət yardımı ayrılmış və bu vəsait Nazirlər Kabinetinin fevral 2007-ci il qərarı ilə təsdiq edilmiş qaydalara uyğun fermer və sahibkarlara verilmişdir. Biz dövlət komissiyası olaraq çalışmışıq ki, bu sahədə tam şəffaflıq olsun, nöqsanlara yol verilməsin. Hər bir istehsalçı becərdiyi torpaq sahəsinə müvafiq alacağı yardımı plastik kartlar vasitəsilə özləri bankomatlardan almışlar. Bunun üçün rayon və yerli icra nümayəndələri məsuldurlar. Düşünürəm ki, hər bir fermer və sahibkar özünə çatan yardımı özü plastik kartı vasitəsilə bankomatdan kodunu daxil etməklə alan zaman neqativ hallara yol verilməməlidir. -Niyə Azərbaycanın ərzaq təhlükəsizliyi ilə bağlı strategiyası yoxdur? proqrami yoxdur? - "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi proqramı" ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə 2 mart 2001-ci ildə təsdiq edilmişdir. Bu proqram Avropa Komissiyasının ekspertləri ilə ölkəmizin mütəxəssis və alimləri tərəfindən hazırlanmışdır. Proqram 2001-2010-cu illəri əhatə edir. Proqramın məqsədi kənd təsərrüfatı məhsulları istehsalının artırılması, ərzaq məhsullarının qiymətlərinin məqbul səviyyədə saxlanmasına yönəldilmiş tədbirlərin keçirilməsindən ibarət olmuşdur. Bununla əlaqədar Proqramda makroiqtisadi siyasət , xüsusən büdcə ,vergi, gömrük siyasətinin təkmilləşdirilməsi, kənd təsərüfatının inkişaf etdirilməsi, torpaq, meliorasiya tədbirləri nəzərdə tutulmuşdur. Göstərilən tədbirlər əsasən yerinə yetirilmişdir. -Siz şəhərdə və ziyalı ailəsində böyüşüm bir insansınız. Kəndin problemləri sizin üçün nə dərəcədə yaxındır? -Bəli, siz düz bilirsiniz. Mən şəhərdə ziyalı ailəsində böyümüşəm. Lakin 1976-cı ildən ali təhsil aldıqdan sonra bu günə qədər aqrar sahənin müxtəlif sahələrində çalışmışam. Ona görə də kəndin, fermer və sahibkarların problemlərinin həlli mənim üçün çox önəmlidir. -Londonda «Tesko» superamarketlər şəbəkəsində 1 litr çox keyfiyyətli təbii süd 70 pens, yəni 1 manat 15 qəpikdir. Bizdə isə bir litr aşağı keyfiyyətli - Rusiyada və ya Azərbaycanda quru süddən düzəldilmiş südü 1 manat 50 qəpiyə almaq olar. Londonda ən aşağı aylıq maaş 2000 dollar, bizdə isə orta maaş 140 dollardır. Bizdə ərzaq məhsullarının, xüsusilə də süd məhsullarının belə bahalığı nə ilə bağlıdır? -Mən düşünürəm ki, Azərbaycanda istehsal edilən südün keyfiyyəti heç də Böyük Britaniyada istehsal edilən südün keyfiyyətindən aşağı deyildir. Və zaman gələr ki, maaşlarımız da onların maaşları səviyyəsinə çatar. -Bir nazir kimi səmimiyyətlə cavab verməyinizi xahiş edirəm.Nazir işlədiyiniz dövrdə rüşvət almısınızmı? -Rüşvət almamışam. /ANSPRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 06.04.2008 10:42 © anspress.com |