"Ermənistan dünya birliyindən tamamilə təcrid oluna bilər"
Beynəlxalq təşkilatlar rəsmi İrəvandan fövqəladə vəziyyətin ləğv edilməsini tələb edirlər

    Bu gün Ermənistanın konstitusiya məhkəməsi prezidentliyə namizəd Levon Ter-Petrosyan və Tiqran Karapetyanın prezident seçkilərinin ləğvi edilməsi haqqında qaldırdığı iddia ilə bağlı qərarını açıqlayacaq. Məhkəmə namizədlərin ifadələrini dinləyəndən sonra ayın 4-dən iddia ilə bağlı qapalı müşavirə keçirir. Və verilən məlumata görə, qərar bu gün saat 24 : 00-dan gec olmayaraq açıqlanacaq.

    Bu arada bütün beynəlxalq təşkilatlar Ermənistandakı vəziyyətdən narahtlığını ifadə edib və rəsmi İrəvanı ölkədəki fövqaladə vəziyyəti ləğv etməyə cağırıb. Ermənistan hakimiyyəti isə ölkədən xaricə informasiyanın sızmasının qarşısını almaq ücün vətəndaşların əsas internet resurslarına cıxışını əngəlləyib.
Birləşmiş Ştatlar isə Ermənistandakı daxili siyasi qarşıdurmada heç bir tərəfi dəstəkləmir. Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Tom Keysi bildirib. O, Ağ Evin Serj Sarkisyana prezident seçkilrində qalib gəlməsi ilə bağlı təbrik məktubu göndərmədiyini də xüsusi vurğulayıb. «Biz başa düşürük ki, Ermənistanda siyasi proses hələ başa çatmayıb. Məhz buna görə də Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Brayza İrəvanda səfərdədir. Onun əsas məqsədi qarşıdurmada olan tərəflər arasında danışıqlar aparılmasına yol tapmaqdır», - deyə Tom Keysi vurğulayıb.

    Keysi bildirib ki, rəsmi Vaşinqtonun əsas məqsədi ölkə daxili vəziyyətin sabitləşməsi və fövqəladə vəziyyətin tez bir zamanda ləğvidir. İrəvanda görüşləri başa çatdıran Metyu Brayza isə mətbuata açıqlamasında bildirib ki, rəsmi Vaşinqton Ermənistanda bütün tərəfləri sabitliyə və zorakılıq hallarına son qomağa çağırır. Amerikalı diplomat qeyd edib ki, ölkədə fövqəldə vəziyyət tezliklə aradan qaldırılmalıdır və yaranmış gərginliyin sovuşması üçün ən yaxın üsul tərəflərin dialoqa başlamasıdır. Dialoqa start vermək üçün isə kütləvi informasiya vasitələri üzərində məhdudiyyətlər aradan qaldırılmalı və ölkədə söz azadlığı bərpa olunmalıdır. Brayza əlavə edib ki, polis və məhkəmələr martın 1 və 2-də qeydə alınan qarşıdurmaları tam şəffaf araşdırmalıdır ki, cəmiyyətdə müxalifətin siyasi təqibə məruz qalması kimi təəssürat yaranmasın. Sonda Brayza xüsusi vurğulayıb ki, Birləşmiş Ştatların Ermənistanla gələcək əməkdaşlığı məhz ölkədə demokratik institutların vəziyyətindən asılı olacaq. Birləşmiş Ştatların özündə rəsmi İrəvana qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı fikirlər geniş səslənməyə başlayıb. Corc Taun Universitetinin Avrosiya proqramının strateji rəhbəri Kori Uelt İrəvandakı son hadisələrdən sonra Ermənistanın minilliyin çağırışı proqramı çərçivəsində ayrılan yardımdan məhrum edilməsini təklif edib. O, fikrini Ermənistan rəhbərliyinin martın 1-i və 2-də baş verən hadisələrə obyektiv münasibət bildirməməsi ilə əsaslandırıb. Azadlıq radiosuna müsahibəsində Kori Uelt bildirib ki, Amerikalılar və Avropalılar iddia etməməlidirlər ki, Ermənistanda demokratiya var. Çünki son hadisələr göstərir ki, bu ölkədə demokratiya anlayışından əsər-əlamət belə yoxdur. Qərb Ermənistanla münasibətlərinə yenidən baxmalıdır və nəzər almalıdır ki, Ermənistan Qərb üçün nə təhlükəsizlik, nə də ki, enerji məsələsində mühüm rol oynamır.

    Birləşmiş Ştatların «Nyu york tayms» qəzetində isə Koçaryan-Sarkisyan rejimini tənqid atəşinə tutan məqalə çap olunub. «Ermənistanın qara günləri» adlı məqalədə bildirilir ki, ölkədə görünməmiş radikal addımlara əl atılıb. Çoxlu sayda Ermənistan vətəndaşı həbs olunub, müstəqil yerli və xarici kütləvi informasiya vasitələrinin fəaliyyəti təmamilə dayandırılıb, ölkədə bütün növ etiraz aksiyalarına qadağa qoyulub. Bu da vətəndaşların ən sadə demokratik hüquqlarının pozulması deməkdir. Nəşrdə qeyd olunur ki, Birləşmiş Ştatlar və digər Qərb dövlətləri rəsmi İrəvanı başa salmalıdır ki, bu tipli davranış, xarici ölkələrlə münasibətlərə mənfi təsir etməklə yanaşı, Ermənistanın dünya birliyindən tamamilə təcrid olunması ilə nəticələ bilər.

    Avropa Şurası da Ermənistandakı prezident seçkilərindən sonra ölkədə yaranmış vəziyyətə görə narahatdır. Qurumun yerli və regional hakimiyyətlər üzrə konqresinin prezidenti Xalvdan Skard bildirib ki, Ermənistanda fövqəladə vəziyyətin elan olunması bütün ölkənin yerli strukturları üçün ağır nəticələrə gətirib çıxara bilər. O yaranmış vəziyyətdə bu il Ermənistanda keçirilməsi gözlənilən bələdiyyə seçkilərinin də sual altına düşdüyünü əlavə edib.

    Bu arada İrəvanda olan Avropa Şurası Parlament Assambleyasının müşahidə şurasının rəhbəri Con Preskott prezidentliyə namizəd Levon Ter-Petrosyanla görüşüb. Ter-Petrosyan bildirib ki, onun mövqeyi Ermənistanda fövqəladə vəziyyətin aradan qaldırılmasını, bütün həbs olunanların azad edilməsini, ölkədə müstəqil informasiya təminatının bərpasını və martın 1-də baş vermiş hadisələrin müstəqil araşdırılmasını istəyən Avropa Birliyi ilə üst-üstə düşür.

    Preskot isə öz növbəsində, ölkədə yaranmış vəziyyətlə bağlı ictimai müzakirələrin keçirilməsini təklif edib. O, bildirib ki, istənilən halda hökümət ölkədə normal siyasi münasibətlərin yaranması üçün fövqəladə vəziyyəti ləğv etməlidir. Preskot, bir sıra müxalifət liderləri ilə də görüşüb. Müxalifət fraksiyasından olan parlament deputatı Anaid Baxşyan bildirib ki, hakimiyyət müxalifətlə real dialoqa hazır deyil. Və bir çox hallarda bu dialoqdan imtina edir.

    Rəsmi İrəvan isə ölkədə baş verən hadisələrin beynəlxalq miqyasda yayılmasına qarşı daha bir məhdudiyyət qoyub. Son günlər Ermənistanda baş verən qarşıdurmaların lentə alındığı videogörüntüləri yayımlayan «youtub» saytının ölkədə fəaliyyəti dayandırılıb.

    Seçki sonrası etiraz aksiyalarında müxalifət tərəfdarlarına zorakılıq tətbiq edən İrəvan polisi bu gün də xeyli sayda qadının, qarşıdurmalarda həlak olan mülki şəxslərin məzarlarını ziyarət etməsinə icazə verməyib. İlk olaraq martın 1-də qanlı hadisələrin baş verdiyi Aleksandr Məsnyikanın abidəsi önündə yığışan qadınlar daha sonra qəbristanlığa getmək istəsələr də, polis fövqəladə vəziyyəti əsas gətirərək onlarıq qarşısını alıb. Qadınlar isə gülləri rəmzi olaraq toqquşmaların baş verdiyi meydanda yerləşən abidənin önünə qoyublar./ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 08.03.2008 20:40

© anspress.com