Təzə dərd
Serblərin evində Kosovanı xatırladan çoxlu xatirə var
Qəflətən Serbiyaya yazığım gəldi. Bilirsiniz nə vaxt? Kosovonun öz müstəqilliyini birtərəfli qaydada elan etməsinə bir-iki gün qalmışdı. Artıq hamı intuitiv olaraq başa düşürdü ki, Kosovonun müstəqilliyinə heç nə mane ola bilməyəcək. Serbiya öz tərkib hissəsini qoruyub saxlaya bilməyəcək. Bir-iki istisnaları çıxsaq dünya Kosovonun qolundan tutmuşdu. Serbiyanın isə hamı ayaqlarına baxırdı. Və indi də gəlirəm məni Serbiyaya acıdan ana. Dediyim kimi hər şey gün və ya ABŞ-ın iradəsi kimi aydın idi. Kosova gedirdi. Elə bu zaman Serbiya dövləti hərbi təlimlərə başladı. Bütün dünya qarşısında tək-tənha qalmış Serbiyanın bu bəlkə də dövləti kişiliyinin son dalğası idi ki, emosiyalar üzərində şahə qalxırdı. Bax elə onda, o hərbi təlimlər fonunda Serbiyaya yazığım gəldi. Hamının bildiyi və artıq çoxdan razılaşdığı aqibətlə sən həm razılaşmaq istəmirsən, həm də razılaşmağa məcbursan… Kosovo artıq öz müstəqilliyini elan edib. Onu tanıyan dövlətlər var və onların sayı tədricən artır. Serbiya ordusunun hərbi təlimləri isə zəif, yazıq bir xox-dan uzağa getmədi. Doğrudur bu gün Belqradda həyəcan baş alıb gedir. Minlərlə serbin qəzəbi Kosovonu bir dövlət kimi etiraf edən dövlətlərin bu ölkədəki səfirliklərin binalarına, dükanların vitrinlərinə çırpılır. İnsanlar, sərf edəndə xalq, sərf etməyəndə vandal, azğın kütlə adlandırılan toplu bədənlərnindən kəsilən əzalarının ağrısını özlərini daşa-divara vurmaqla nümayiş etdirirlər. Və ən dəhşətlisi də bilirsiniz nədir, dünya sanki başsağlığı verirmiş kimi deyir: ' Tədricən sakitləşərlər… Serblər bütün dünyaya müharibə elan etməyəcəklər ki.' Yəni torpağın üzü soyuqdur, ölənlə heç kim ölmür və sair. Birləşmiş Ştatlar, Xorvatiya, Türkiyə və Serbiyanı tanıyan daha bir neçə dövlətin səfirlikləri hücuma məruz qaldı. Polisin bütün cəhdlərinə baxmayaraq serblər sakitləşə bilmir. Əlbəttə onları başa duşmək olar. Dərd təzədir. Evdə Kosovanı xatırladan çoxlu xatirə var. Onları belə tez unutmaq asan deyil və olmayacaq. Bu ölkədə Birləşmiş Ştatları xatırladan hər şey qəzəb hədəfidir. Buşun müqəvvasından tumuş Makdonaldsa qədər hər şey. Amma Serbiyanın əlindən alınmış Kosovonun yeni, müstəqil həyatı üçün lazım olan arayışlar toplanır, prosesə beynəlxalq hüquqi don geyindirilir. Serbiya ağrılı olsa da anlayır ki, o bu saat heç nəyə nail olmaq iqtidarında deyil. Müttəfiqlər isə ən yaxşı halda Rusiyanın Yuqoslaviya haqq-hesabında və NATO-nun bombardmanları zamanı özünü apardığı kimi aparacaq. Serbiyanın öz ekspertləri belə Belqradın gec-tez Qərblə inteqrasiyaya boyun əyməyə məhkum olduğunu yazır, bunu etməsə Serbiyanın özünün bir dövlət kimi məhv olacağını qeyd edir… Son seçkilər göstərdi ki, serblərin 65 faizi öz gələcəklərini Avropa İttifaqı ilə bağlayır. Belqrad qaynayır, küçələr barrikadaları xatırladır. Amma bütün bunlar siyasi böhran kimi qələmə verilmir. Başlıcası isə Kosovonun Serbiyadan ayrılmasının mümkünləşməsinin babalı Belqradın öz boynuna qoyulur. Yəni bildirilir ki, Miloşeviç devriləndən sonra idarəçiliyə başlayan demokratlar ölkənin başlıca problemlərini həll edə bilmədilər, Serbiya əhalisinin 21 faizi işsizdir. Adambaşına düşən umumdaxili məhsula görə isə bu ölkə Avropanın ən kasıblarındandır. Serb qəzetlərinə istinadən yazan Qərb mətbuatına görə isə bu gün gənc serblər Kosovonu yaxşı işə, iqtisadi sabitliyə dəyişməyə hazırdırlar. Serbiyada baş verənlərin maraqlı dövlətərin xüsusi xidmət orqanları ilə hər hansı əlaqəsi olduğunu rədd edən Qərb mətbuatı hətta Kremli də iğtişaşlardan uzaq tutur. Guya Moskva özünün maraqları olan yerdə fəaldır. Baxmayaraq ki, biz Putinin Kosovanın tanınacağı təqdir üçün Rusiyanın ev tapşırığının olduğu barədə bəyanatını ununtmamışıq. Birləşmiş Ştatların rolunu isə nə kiçiltmək, nə də şişirtmək istərdik. Nə qədər təəccüblü səslənsə də ekspertlərin bir qrupunun belə bir qənaəti ilə razılaşmağa məcburuq ki, Kosova məsələsinin bu şəkildə həlli əslində Ağ Evin İraq dalanı ilə birbaşa bağlıdır. Qoşunlarını İraqdan çıxarma möhlətini Kosova məsələsi ilə arxa plana atan Ağ Ev fürsətdən məharətlə yararlandı. Yoxsa onun Kosova nəyinə lazım idi ki… Təsadüfi deyil ki, prezidentliyə Respublikaçıların namizədi və Buşçu Con Makkeyn artıq ciddi irəliləyişlərə nail olub. Düzdür, çıxmayan Cana ümid çoxdur. Bəlkə elə buna görə də Serbiyanın lideri Koştuniça 'biz bu mübarizədə tənha deyilik. Putin bizimlədir!' deyə qürrələnir. Amma bu olduqca zəif təsəlliyə bənzəyir. Ölümcül xəstəni xəstəxanadan evə buraxan həkim allahın möcüzəsinə inam hissi aşılayır. Amma eyni zamanda xəstənin yaxınlarına, qohumlarına hər ehtimala qarşı tədarük görməyi də məsləhət bilir. Serbiyada baş verən son hadisələr də elə bir tədarük söhbətidir. Mir Şahin
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 24.02.2008 21:17
© anspress.com
|