Şah matəmi, mat bayramı
İranda İslam İnqilabının qələbə çalmasının 29-cu ili tamam olur

Sabah İranda İslam İnqilabının qələbə çalmasının 29-cu ili tamam olur. Maraqladır: adətən bu inqilabın bayram edildiyi gün iranlılar bir-birinə həm mübarəkbadlıq verir, həm də başsağlığı, təsəlli. Bayram qələbə çalmış inqilaba, təsəlli isə o günlər İranın verdiyi qurbanların ruhuna düşür. Bu günü iranlılar müqəddəs Aşura təziyəsi ilə müqayisə edirlər. Şəhadət və hüzn günü kimi. İran dünya xəritəsində getdikcə azalan ideoloji dövlətlərdəndir. Çin, Kuba, Şimali Koreya, bir az Rusiya və daha bir-iki başqa dövlət. İran inqilabının baş verdiyi ərəfəyə qayıdaq. Onda görərik ki, bu gün onun ətrafında dolaşan problemlərin demək olar ki hamısının təməli həmin dövrdə qoyulub. Tehran politolqoları Məhəmməd Rza Pəhləvinin idarəçilik üsulunu şərh edərkən onun hərbi diktaturaya üstünlük verdiyini iddia edir və bildirirlər ki, şah bütün qubernator və səfirləri özünün etibar etdiyi generallar arasından təyin edirdi. Həmin vaxtda İran demək olar ki, feodal qaydaları ilə idarə olunurdu. Bütün bu problemləri aradan qaldırmağa hazırlaşan şah İranın inkişaf planını hazırladığını və ölkədə inqilab etməyə hazırlaşdığını elan edir. Ağ inqilab vasitəsilə o ölkəyə Amerika və ABŞ kapitalını cəlb etmək məqsədilə yeni sənaye kompleksləri salmağı planlaşdırır. Həmçinin feodal sistemini dağıtmaqla torpaq islahatı aparır. ilk vaxtlarda bütün sahələrdə əldə olunan irəliləyişlər diqqət çəkir. Ölkə inkişaf edir, yeni zavodlar açılır, yollar salınır, məktəb və səhiyyə kompleksləri yaradılır. Həmin vaxt İran böyük neft gəlirləri ilə də öyünürdü. Amma, buna baxmayaraq ölkədə aparılan islahatlar xarici kapital hesabına həyata keçirilirdi. Şah bu məqsədlə təkcə Amerikadan 10 milyard dollar kredit alır. İran politoloqları İranın bu inkişafını əslində oğurluq sayırlar. Onların fikrincə, bütün islahatlar paytaxt Tehranda aparıldığından kəndlər dağılırdı. Onlar bütün istehsalat və sənaye sahələrinin Amerika və İngiltərənin əlində cəmləşdyindən inkişafın bu yolunu dövlət müstəqilliyi üçün sərfəsiz, hətta təhlükəli sayırdılar. Eləcə də ölkədə qurulan sənaye komleksinin bütün avadanlıqlarının Avropadan gətirilməsi təqdir olunmur. Çünki bu tendensiya yerli elmin və texnikanın inkişafına əngəl yaradırdı-deyirlər. Bu prosesləri ölkədəki siyasi gərginlik müşayiət edirdi. İranda yaranmaqda olan sosial-siyasi böhran şahın bütün səylərinə baxmayaraq, daha da genişlənir və artıq 70-cı illərin sonlarında özünün son həddinə çatır. Getdikcə daha çox bəlli olurdu kı, yuxarıdan edilən 'Ağ inqilab' və ya şahın İranı dövlətin iştirakı ilə Avropa kapitalizmi yoluna gətirmək və ölkənın sürətli inkişafına nail olmaq kursundan narazı qüvvələrin sayı artır, bir tərəfdə xalqın narazı olduğu şah var, o heç də hər zaman konstitusiya normaları ilə hesablaşmır, hüquq və azadlıqları istədiyi kimi məhdudlaşdırır, o biri tərəfdə isə şahın səhvlərindən bacarıqla istifadə edib ölkədə olduqca güclü bir qüvvəyə çevrilmiş ruhanilər dəstəsi var və bu qüvvəni hüquqları pozulmuş çox böyük narazılar kütləsı dəstəkləyir. Hətta İran ziyalılarının ən savadlı dairələri və onların ardınca gedən tələbə -gənclərin böyük hıissəsi də ölkədə islam qayda-qanunları və ənənələrinin saxlanılması tərəfdarı kimi çıxış edir. Və nəhayət 1978-ci ilin sentyabrında İranda ilk kütləvi aksiyalar başlayır. İndi artıq "Qara cümə" adlandırılan gündə isə İran qoşunları etirazkarlara qarşı silah işlədir. Nəticədə minlərlə adam həlak olur. Narazıların lideri, mühacirətdə olan İmam Xomeynin ölkəyə dönüşü Pəhləvi rejiminin çökməsini sürətləndirir. Və nəhayət 1979-cu il fevralın 11-də inqilab nəticəsində Məhəmməd Rza Pəhləvi devrilir və ailəsi ilə birlikdə ölkədən qaçır. Ayəttula Xomneyinin başçılığı ilə müvəqqəti yaradılan inqilabi hökümət həmin ilin dekabrında keçirdiyi referendumla İran İslam Respublikasının əsasını qoyur. Amerika və İngiltərə kimi ölkələrin əli İran neftindən üzülür. Və elə bu vaxtdan etibarən İran iqtisadi embarqolar və digər təzyiq metodları ilə üz-üzə qalır. SSRİ və Birləşmiş Ştatların dolayısı ilə iştirakı ilə başlanan İraq-İran müharibəsi yeni rejim üçün ilk ciddi sınaq olur. "Üç günə Tehranı tutacağam" bəyanatı verən Səddam Hüseyn nəinki dediyini edə bilir, hətta özü çətin vəziyyətə düşür. Bir milyona yaxın şəhid verən İran öz torpaqlarını qoruya bilir. Müharibənin vurduğu ziyanı aradan qaldırmaq, dövləti ayaqda saxlamaq və ölkədə mütəxəssis çatışmazlığı fonunda iri sənaye komplekslərinin süqutuna imkan verməmək məqsədilə Xomneyi rejimi bütün imkanlarından istifadə edir. İndi İran bölgənin iri dövlətlərindən biridir. Özünün peykini orbitə buraxıb. Birləşmiş Ştatlar başda olmaqla bütün aparıcı dövlətlərin etirazına baxmayaraq, öz nüvə proqramını inkişaf etdirir. Tehran nüvə sahəsinin inkişafına bu ilki büdcəsindən 135 milyon dollar ayırıb. Doğrudur, ötən ilin sonunda Birləşmiş Ştatların kəşfiyyatı İranın nüvə silahı əldə etmək istiqamətində apardığı işləri hələ 2003-cü ildə dayandırdığını bəyan edəndən sonra gərginliyin səngidiyi görünür. Amma bu yalnız görünür. Çünki ABŞ  İranla köhnə haqq-hesabını da unutmur. Müqavimət vəziyyəti alan İran isə nəinki nüvə sahəsini inkişaf etdirir, öz maraqları uğrunda hətta İraqda, Fələstində, Livanda belə mübarizə aparır. İran İslam Respublikası qapalı ölkədir. Bütün əks-arqumentlərə baxmayaraq, burada hakimiyyətin iradəsindən kənar mətbuat yoxdur. İnsan haqlarının pozulduğu barədə ardıcıl məlumatlar daxil olur. Ölkə müxalifətinin böyük bir hissəsi İrandan kənarda fəaliyyət göstərir. Amma Tehran bütün bunları özünün eksklüziv mürəkkəb geosiyasi vəziyyəti ilə izah edir. Başlıcası İranda müstəqilliyi qoruyub saxlamaqdır deyə. Doğrusunu isə allah bilir./ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 10.02.2008 22:03

© anspress.com