Gennadi Zavolokinin əziz xatirəsinə
Çingiz Rüstəmov

İmkan olanda Rusiya teleefirində yayılan «İqray qarmon» verilişinə baxmağa çalışıram. 2001-ci ildə avtomobil qəzasında həlak olmuş Gennadi Zavolokinin müəllifi olduğu veriliş sovet illərində mərkəzi televiziyada yayılan «Drujba narodov»u çox xatırladır.

Uşaqlığımda «Drujba narodov»a baxmağı çox sevərdim. Ən azından ona görə ki, doğulduğum və böyüdüyüm Göyçənin rus və ermənicə musiqi yayan teleməkanına hər şənbə yarım saatlığına alternativ musiqi, özəlliklə də Orta Asiyanın elə o vaxtda, indi də çox doğma saydığım türk müsiqisi daxil olardı. Tuva, xakas, saxa türklərinin, lap elə Əfqanıstan türkmənlərinin musiqisi ilə ilk dəfə «Drujba narodov»un araçılığı ilə tanış olmuşam.

«İqray qarmon» sələfi olan «Drujba narodov»un ənənələrinə tam riayət etməsə də, amma hərdən etnik musiqiyə də yer ayırır. Məsələn, saxaların Qarabağ, Şirvan şikəstəsinə bənzər, musiqisiz ifa edilən uzun havasını da məhz ilk dəfə «İqray qarmon»da dinləmişdim və Azərbaycan muğamatının ən şah əsərləri olan zərb-muğamların özbəöz türk musiqisi olduğuna bir daha inanmışdım.

Bu verlişin məni heyrətə saldığı ən maraqlı məqamı isə Şimali Qafqaz kazakları ilə bağlı çəkilmiş verilişə baxarkən olub. Həmin verilişi Zavolokinin ölümündən bir-iki il sonra qızı Anastasiya çəkmişdi. Anastasiya Krasnodarda kazak atamanından müsahibə götürən zaman kazakların ayrıca bayrağının olduğunu da söyləmişdi və sonra bütün veriliş boyu kazak rəqslərinin və nəğmələrinin müşayiəti ilə həmin bayraq nümayiş etdirilmişdi.

Kazakaların bayrağı eynən üç rəngli Azərbaycan bayarğı idi, üzərində sadəcə ay-ulduz yox idi. Bu bayraq Rusiyada aparılmış son siyahıyaalmada 9 milyon adamın milliyyət qrafası qarşısında adını yazdığı kazak etnosunun həm ruslara, həm də dünyaya soy-kökünü unutmadığı, qanca özlərinə hansı xalqı yaxın sayması barədə verdiyi mesaj idi.

Tarixən Rusiya kazaklarının başbilənləri - Şoloxov kimi yazıçılar, Qumilyov kimi tarixçilər bu toplumun Çingiz xanın ordasının törəmələri olduğunu, sonradan dillərini itirərək ruscaya keçdiklərini, kazak adının qədim türkcədə yoxsul, hər şeydən məhrum olmuş mənasını daşıdığını söyləyirdilər. Çingiz xanın özünün də, atası Yesugeyin də kazak atamanı olması barədə məlumatlar Çin və uyğur mənblərində yer alıb.

Amma ruslar Avropa irqinə məxsus kazakların Çingiz xana heç bir dəxlini olmadığını iddia edir və bu fikri qəbul etmirdilər, orta əsrlərin ən böyük cahangirinin dünyaya bəxş etmiş muğalları indiki anlamla monqoloid irqinə məxsus sayırdılar. Eyni məntiqlə 1946-cı ildə Teymurun qəbirindən götürdükləri qalıqların üzərində işləyərək onun hansı irqə məxsus olması barədə aparılan araşdırmanın nəticələrini gizlətdilər. Araşdırmalar Çingiz xanın yaxın dostu olan Barlas noyonun törəməsi olan Teymurun indi çoxlarının təsvir etdiyi kimi yox, ucaboylu, sarışın, mavi gözlü və Avropa irqinə məxsus bir insan olduğunu ortaya çıxarmışdı. Rus alimləri dəfələrlə ekspertiza apardıqdan sonra «Bu, ola bilməz, axı o monqol törəməsidir» deyərək, ekspertizanın nəticələrini gizlətmişdilər, bu nəticələr yalnız 2000-ci ildən sonra açıqlandı.

Azərbaycanlıların soy-kökündə geniş rol oynamış, indi də bu torpaqlarda yaşayan muğallara da eyni məntiqlə yanaşır, onların Çingiz xanın ordası ilə heç bir əlaqəsi olmadığı vurğulanırdı. «Muğal» sözünün Qafqaz dil ailəsinə məxsus bir söz olduğu, muğalların Qafqaz dillilərdən törəmiş, yəni sonradan türkləşmiş bir tayfa olduğu iddia edilirdi. Amma XIX yüzilliyin ortalarına qədər Rusiyanın Novosibirsk vilayətində elə Azərbaycan dilinə çox yaxın olan bir türkcədə danışan, şamanizmə tapınan muqal tatarlarının olması faktını gizlədirdilər. Üstəlik Çin və Rusiya alimləri indi Monqolustan ərazisində yaşayan, lakin oraya XVI yüzillikdə gəlmiş xalxaların Çingiz xanın törəmələri olması fikrini dünyaya qəbul etdirmək istəyirdilər. Xalxalarınsa mifologiyasında nə Çingizdən, nə də onun türkcə yazılmış qanunlar toplusundan, yəni Böyük Yasasından izlər var.

Amma o vaxtlar qərbdə, xüsusilə də Hollivudda çəkilmiş filmlərdə Çingiz xanın özünün Avropa irqinə məxsus olduğu, lakin ordasında monqoloid irqinə məxsus əsgərlərin olduğu da vurğulanırdı. Hollivud əksər filmlərində olduğu kimi bunda da tarixi qaynaqların təsvirlərini əsas götürmüşdü.

Bu hipoteza Rusiyada Çingizin törəmələrini tapmaq üçün 2007-ci ildə aparılmış DNT analizləri zamanı da təsdiq edildi. Rusiya ordusunun istefada olan yüksək çinli komandirlərindən biri, kontr-admiral Qleb Kondratyev tam təsadüfi aparılmış DNT analizi nəticəsində Çingiz xanın törəməsi çıxdı. Qleb Kondratyev özü də görünüşcə tam Avropa irqinə mənsub bir insanıdır, mənşəcə kazak atamanları nəslindən olan Kondratyevlərin hətta 17-ci yüzillikdə yaşamış babalarında belə cüzi monqoloid cizgiləri olmayıb. Rusiya imperiyasında həmişə imtiyazlı durumda olmuş Kondratyevlər uzun yüzilliklər türk-tatar düşmənçiliyi ruhunda tərbiyə alsalar da, axırda türk olduqlarını qəbul etdilər. Qleb Kondratyev Moskva ətrafındakı malikanəsinin həyətində hətta türk çadırı da qurdurdu.

Kondratyevlərin başına gələnlər bəlkə də bütün Türk Dünyasının keçəcəyi örnək yoludur. Hər halda, genetikamız bizə Tanrı tərəfindən bəxş edilib və ondan imtina edə bilmərik, damarımızdan axan qan kimi bizə doğmadır. İndi kimlərsə bizə «azəri», kimlərsə «iranlı», kimlərsə də «azərbaycanlı» desə də, biz türkük və bu adımızı dana bilmərik. Danırıqsa, əslimizi danmış sayılarıq. Əslini dananlarasa bu xalqın verdiyi ad hamıya bəllidir…

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 25.10.2007 18:20

© anspress.com