Pul ödədiyimiz halda niyə işıqsız qalırıq?
Oxucu məktubu Salam ANSPRESS. Son günlər Bakı şəhərinin müxtəlif rayonlarında elektrik enerjisində müəyyən kəsilmələr baş verir. Konkret olaraq Yasamal rayonu Mirəli Seyidov küçəsindəki abonentlərin işığı bəzi gecələr saat 02.00-də kəsilir və bir də səhər saat 06.00-da elektrik enerjisinin verilməsi bərpa edilir. Pullar ödəndiyi halda bu enerji kəsilməsinin səbəbi nədir? Qənaət, yoxsa başqa səbəblər var? Hörmətlə Rasim Əlimuradov
Cavab Suala "Bakıelektrikşəbəkə"nin mətbuat katibi Tanrıverdi Mustafayev cavab verir: “Son günlər idarəmiz Bakı şəhərində geniş miqyaslı yenidənqurma işləri aparır. Trasfarmatorların yağı dəyişdirilir, sıradan çıxanları varsa yenisi ilə əvəz olunur. Həmçinin bir çox yerlərdə elektrik naqilləri istifadəyə yararsız haldadır. Onların dəyişdirilməsi prosesi gedir. Bundan başqa, köhnə sayğaclar da dəyişdirilir. Təxminən 1970-ci illərdə qurulan şəbəkə demək olar ki, kökündən dəyişdirilir. Onun üçün də bəzi yerlərdə elektrik enerjisinin kəsilməsi labüddür. Bəzən olur ki, gündüz əhalini narahat etməmək üçün gecə səhərə qədər işləyirik. Ancaq biz bu haqda KİV vasitəsi ilə əhalini əvvəlcədən məlumatlandırırıq. Bu yenidənqurma prosesi Bakı şəhəri və Bakının 11 rayonunu əhatə etdiyi üçün 1 il, ən pis ehtimalla il yarım davam edə bilər”. Bundan başqa T. Mustafayev bildirir ki, “Biz borcu olan abonentlərin işığını kəsməkdə maraqlı deyilik. Bu "Bakıelektrikşəbəkə"nin məcburiyyət qarşısında atdığı son addımdır. Bu addımın böyük effekti olub və bir çox borclu abonent işığı kəsildikdən sonra borcunu ödəyib. Öz növbəsində borcunu ödəyənlərə həmin gün, elektrik enerjisinin verilməsi bərpa edilir”.
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 24.05.2007 13:49
© anspress.com
|