|
İdman / 22.12.2008 15:23 ANS TV UEFA Çempionlar Liqasının oyunlarının yayım hüququndan məhrum ola bilər
9 mövsüm Avropanınn ən nüfuzlu klub turnirinin yayımçısının 190 min avroluq təklifi qarşısında AzTV UEFA-ya 450 min avro təklif edib
Artıq 9-cu mövsümdür ki, Avropanın ən nüfuzlu klubu turniri UEFA Çempionlar Liqasının oyunlarını Azərbaycan tamaşaçısına təqdim edən ANS TV bu hüquqdan məhrum ola bilər. Buna səbəb ANS TV-nin yayım hüququna görə UEFA-ya təklif etdiyi 190 min avroya UEFA-nın razı olmamasıdır. UEFA nümayəndələri ANS TV-nin növbəti mövsüm üçün təklif etdiyi məbləğlə razılaşmayaraq digər Azərbaycan kanalının bundan dəfələrlə artıq məbləğ təklif etdiyi bildirib. UEFA rəsmisi bu günlərdə özünün yeni tərəfdaşının adını açıqlayıb. Doğrudur, ortada hələ rəsmi müqavilə yoxdur. Amma artıq kanalın adı bəllidir. Azərbaycanın rəsmi dövlət kanalı olan AzTV. Dövlət kanalı Çempionlar liqasının oyunlarının yayımı üçün UEFA-ya hər ilə görə 450 min avro təklif edib və Avropanın ali futbol qurumu bununla razılaşıb. UEFA bu sövdələşməyə gedərkən, Azərbaycan reklam bazarındakı vəziyyəti nəzərə almayıb. Azərbaycanda hər hansı bir telekanalın 3 il ərzində 1 milyon 350 min avronu qazanması fantastika olardı. Nəzərə alaq ki, UEFA oyunların yayımı zamanı baş sponsorluğa və reklam banerlərinin yerləşdirlməsinə qadağa qoyur. Həmçinin yayım zamanı UEFA-nın rəsmi partnyorlarına rəqib ola biləcək şirkətlərinin reklamların yerləşdirilməsinə də məhdudiyyətlər var. Bununla yanaşı Azərbaycan reklam qanunlarına görə, 1 saata sığan 12 reklam dəqiqəsinin 1/4 hissəsi yəni, 3 dəqiqəsi UEFA-nın öz partyorlarının çarxlarına sərf olunur. Azərbaycan reklamçıları da 1 milyon avrodan artıq xərcləritn 3 ilə ödənilməsini mümkünsüz sayır. Bu isə o deməkdir ki, AZTV bu məbləği təklif edərkən, gəliri nəzərə almayıb. Qeyd edək ki, ANS TV təkcə bu il ərzində Çempionlar Liqasının oyunlarının yayımına 55 min avro xərcləyib, reklamlardan isə cəmi 46 min 117 avro gəlir əldə edib. Bu isə o deməkdir ki, ANS bir mövsüm ərzində 8883 avro ziyan edib. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|