|
İqtisadiyyat / 22.12.2008 12:23 2009-cu ildə neftin qiyməti orta hesabla 50 dollara çata bilər
OPEK rəhbərliyi əmin edir ki, qurumun neft hasilatının azaldılması ilə bağlı qəbul etdiyi qərar bazara böyük təsir göstərəcək
«İndi əsas məsələ neftə olan tələbatla bağlıdır. Hazırda dünya iqtisadiyyatına sənaye istehsalında artım lazımdır». Bu fikirlə çıxış edən neft üzrə ekspertlər gələn il qara qızılın qiymətinin orta hesabla 50 dollar olacağını proqnozlaşdırır. Analitiklər hesab edir ki, OPEK rəhbərliyi tərəfindən hasilatın azaldılması ilə bağlı qərar bazara o qədər də ciddi təsir etməyib. Bununla yanaşı, OPEK rəhbərliyi əmin edir ki, qurumun neft hasilatının azaldılması ilə bağlı qəbul etdiyi qərar bazara əhəmiyyətli dərəcədə təsir edəcək və qara qızılın qiyməti ilin sonuna kimi sabitləşəcək. Qeyd edək ki, 2009-cu ilin yanvar ayında OPEK üzvü olan ölkələrin nazirləri Küveytdə Ərəb İqtisadi Sammitində bir yerə toplaşacaq və yenidən neft bazarındakı mövcüd vəziyyəti müzakirə edəcək. OPEK təmsilçiləri hesab edir ki, qiymətlərin dəyişməsinə spekulyativ amillər hələ də ciddi təsir edir. Məhz bu səbəbdən istehsalçılar vəziyyətin idarə olunması üçün müvafiq metodlar tapılıdırlar. OPEK ölkələri nfetin bir barelinin 75 dollar olmasını ədalətli qiymət hesab edir. Xatırladaq ki, ötən həftə neftin qiyməti 34 dollardan da aşağı düşüb. Bu isə son 5 ildə qeydə alınan ən aşağı rəqəmdir. Qeyd edək ki, qara qızılın iyul ayında qeydə alınan pik qiymətindən sonra neftin qiyməti 4 dəfə, ilin əvvəli ilə müqayisədə isə 77 faiz azalıb. Buna görə də OPEK-ə üzv ölkələrin Əlcəzairdə keçirilən iclasında gündəlik hasilat kvotasının 2 milyon barel azaldılaraq 24,8 miylon barelə endirilməsi barədə qəbul olunub. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|