|
Mədəniyyət / 22.12.2008 11:54 Tarkanın Bakıda verəcəyi konsert baş tutmaya bilər
Buna səbəb isə meqastarın "ermənilərdən üzr istəyirəm" kampaniyasına qoşulması barədə yayılan xəbərlərdir
Tarkanın dekabrın 30-da Bakıda Heydər Əliyev adına Sarayda verəcəyi konsert baş tutmaya bilər. Buna səbəb bu yaxınlarda Türkiyədə qondarma erməni soyqırımını qəbul edən bir qrup ziyalı tərəfindən təşkil edilən “ermənilərdən üzr istəyirəm” kampaniyasına Tarkanın da qoşulması barədə yayılan xəbərlərdir. ANS PRESS-in əldə etdiyi məlumata görə, Tarkanın menecerinin bu xəbəri təkzib etməsinə baxmayaraq indiyədək meqastar Tarkanın özündən bununla bağlı rəsmi açıqlama verilməyib.
ANS PRESS-in əldə etdiyi məlumata görə, Tarkanın Azərbaycanda konsertini təşkil edən menecer Nahid Emiloğlu hazırda Türkiyədədir. Onun Türkiyəyə qəfil səfər etməsinə səbəb isə Tarkanın imza kampaniyasına qoşulmaması ilə bağlı rəsmi açıqlama verməyini təmin etməkdir. Qeyd edək ki, Tarkanın konserti ilə bağlı ölkə mətbuatında anonslar gedir və biletlərin demək olar ki, əksəriyyəti satılıb. Xatırladaq ki, "ozurdiliyorum.com" internet saytı ilə aparılan kampaniyaya bir nəfər Tarkan Tevet oğlu imzası ilə qoşulub. Bu isə meqastarın qondarma erməni soyqırımını qəbul etməsi ilə bağlı şübhələr yaradıb. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|