|
İqtisadiyyat / 22.12.2008 11:27 2009-cu ildə Azərbaycanda əmək pensiyalarının ödənilməsinə 1 milyard 660 milyon manat xərclənəcək
Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün gəlir və xərcləri 2008-ci ilin büdcəsindən 26, 3 faiz çoxdur
2009-cu ildə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərclərinin 93,5 faizi və ya 1 660 000 000,0 manat əmək pensiyalarının ödənilməsinə yönəldiləcək. DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, həmin vəsaitin 1 milyard 210 milyon manatı əmək pensiyalarının baza hissəsinə (cari ilin proqnozuna nisbətən 237 mln. manat və ya 24,4 faiz çox), 450 milyon manatı isə əmək pensiyalarının sığorta hissəsinə (cari ilə nisbətən 112 mln.manat, yaxud 33,1 faiz çox) yönəldiləcək. Pensiya xərclərinin tərkibində sığorta hissəsinin payı 27,1 faiz təşkil edir ki, bu da bu ilə nisbətən 1,2 bənd yuxarıdır. Ümumilikdə DSMF-nin gələn il üçün gəlir və xərcləri 1 775 547 400,0 manat (2194,7 mln ABŞ dolları) məbləğində proqnozlaşdırılır ki, bu da 2008-ci ilin büdcəsinə nisbətən 370 mln. manat və ya 26, 3 faiz çoxdur. DSMF bildirir ki, 2009-cu ildə məcburi dövlət sosial sığorta haqlarının yığımına xüsusi diqqət göstəriləcək. Gələn il ümumi məbləği 1 milyard 278 milyon 47 min 400 manat təşkil edəcək məcburi dövlət sosial sığorta haqlarının 542, 7 milyon manatı büdcədən maliyyələşən təşkilatlardan, 735 milyon 320 min 100 manatı digər sığortaedənlərdən daxil olacaq./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|