|
Hərb / 22.12.2008 11:03 «İsrail hökuməti Yaxın Şərq münaqişəsi ilə bağlı sərt addımlar atmalıdır»
İsrail və Qəzzanın bir-birinə endirdiyi raket zərbələrindən sonra İsrail hökumətinin bir neçə nazirinin iştirakı ilə görüş keçirilib
«İsrail hökuməti Yaxın Şərq münaqişəsi ilə bağlı sərt addımlar atmalı və fəal hücum mövqeyinə keçməlidir». Bu fikir İsrail hökumətinin keçirdiyi görüşdə səsləndirilib.
İsrail və Qəzzanın bir-birinə endirdiyi raket zərbələrindən sonra İsrail hökumətinin bir neçə nazirinin iştirakı ilə görüş keçirilib. Görüşdə bəzi nazirlər Qəzzaya daha sərt cavabının verilməli olduğunu bildirib, digərləri isə terror təşkilatı olan «Həmas» rejimini hakimiyyətdən salmaq üçün geniş miqyaslı hərbi əməliyyatların başlanmasını və Qəzza bölgəsinə hərbi müdaxilə edilməsini təklif edib. Xarici işlər naziri Tsipi Livni öz çıxışında deyib ki, gələn ilin fevralın 10-da o,baş nazir seçilsə sərt tədbirlərə əl atacaq: «İrəlidə görəcəyimiz işlərlə biz atəşin qarşısını almalıyıq. Bizim fəaliyyət prinsiplərimiz var. Mən bu yolla fəaliyyət göstərməyi planlaşdırıram və hökumətin də bu yolla getməsi məqsədəuyğundur». Tsipi Livni bildirib ki, Qəzzada sakitlik yoxdur və Qəzza terror təşkilatı olan «Həmas» tərəfindən idarə olunur: «İsrail dövləti və mənim başçılıq edəcəyim hökumət Qəzzadakı «Həmas» hökumətini hakimiyyətinə son qoymağı qarşısında duran strateji məqsəd kimi görəcək. Bu məqsədə çatmaq üçün hərbi, iqtisadi və diplomatik vasitələrdən istifadə olunmalıdır. Onlar İsrailə atəş açan kimi İsrail dərhal cavab verməlidir».
İsrailin «Likud» partiyasının lideri Benyamin Netanyahu isə şənbə günü raket zərbəsi endirilən evə baş çəkib və jurnalistlərə bildirib ki, İsrail passiv gözləmə mövqeyindən fəal hücum mövqeyinə keçməlidir: «Biz bu yolla davam edə bilmərik. Biz öz şəhərlərimizin raket zərbələrinə tutulmasını seyr etməməliyik. Tələb olunun budur. İrəlidəki fəaliyyətimizdə biz iranlıların dəstəklədiyi «Həmas» təşkilatının şəhərlərimizi atəşə tutmasına dözə bilməyəcəyik. Qısa müddətdə İsrail hökuməti fəal mövqe nümayiş etdirməlidir və hökumət bu yolda bizim dəstəyimizi mütləq görəcək».
İsrailə endirilən raket zərbələrinə görə məsuliyyəti Fələstinin dini ekstremist qruplaşması olan «Cihad» təşkilatı öz üzərinə götürüb. Qeyd edək ki, ərazisinə endirlən raket zərbələrinə görə İsrail Qəzzadakı Rəfah keçid məntəqəsini bağlayıb, bu isə həmin bölgədə yanacaq və əsas ərzaq məhsulları qıtlığına səbəb olub. İsrail tərəfinin bildirdiyinə görə, Qəzzadakı silahlılar raketləri hazırlayırlar və daha sonra nisbətən təhlükəsiz məsafədən onları İsrail ərazisinə buraxırlar. Fələstin qanunvericilik komitəsinin Qəzzada keçirilən iclasında çıxış edən «Həmas» lideri İsmail Haniye İsrail liderlərinin bəyanatlarına cavab verib. İsmail Həniyə isə bildirib ki, «Fələstin xalqını məhv edə biləcək heç bir ölümcül zərbə mövcud deyil: «İsrail işğalçıdır. Onlar atəşkəs üçün bizim nəzərdə tutduğumuz şərtlərə sadiq qalmalıdırlar». «Assoşieyted press» agentliyi «Həmas»ın silahlı qolu olan Qəssam briqadasının hərbi təlimlər keçirilməsi kadrlarının əks olunduğu videonu əldə edib. Lakin kadrların təxribat məqsədilə kütləvi informasiya vasitələrinə ötürülməsi istisna olunmur. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|