|
Siyasət / 22.12.2008 10:16 İsrailin baş naziri Ehud Olmert Türkiyəyə işgüzar səfərə gedəcək
O Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşəcək
İsrailin baş naziri Ehud Olmert bu gün Türkiyəyə işgüzar səfərə gedir. Türkiyənin İsraildəki səfirliyindən «Trend» agentliyinə verilən məlumata görə, səfərin məqsədi İsrail və Suriya arasındakı təmaslarda vasitəçisi rolunda çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşməkdir. Xatırladaq ki, bundan əvvəl, iki həftə ərzində İsrail və Türkiyə liderləri telefon vasitəsilə İsraillə Suriya arasında sülh nizamlanmasının problemləri və perspektivlərini, eləcə də rəsmi Dəməşqin Ankaraya təqdim etdiyi sənədi müzakirə ediblər. Həmin sənəddə isə Suriyanın İsrailə qarşı iddiaları əks olunub. Siyasi müşahidəçilər hesab edir ki, istefaya getməyə hazırlaşan Ehud Olmert Suriya ilə sülh prosesinin irəliləməsi üçün son addımlarını atmağa cəhd göstərir. Ümumiyyətlə isə, rəsmi Təl-Əviv ümid edir ki, Ehud Olmertin Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra İsraillə Suriya arasında birbaşa danışıqlar mərhələsi başlayacaq. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|