|
İdman / 21.12.2008 12:48 Maksim Medvedev: "Ermənilərlə qarşılaşmada meydanda ölməyə hazır idim"
Azərbaycan U-21 milli komandasının da şərəfini qoruyan futbolçu 2008-ci il üçün "Qarabağ"ın ən yaxşı oyunçusu seçilib
"Qarabağ" futbol klubunun kollektivi səsvermə nəticəsində 2008-ci il üçün klubun ən yaxşı oyunçusunu seçib. Səsvermə nəticəsində 19 yaşlı Maksim Medvedev 2008-ci ildə “Qarabağ” Futbol Klubunun ən yaxşısı futbolçusu seçilib. Azərbaycan U-21 milli komandasının da şərəfini qoruyan futbolçu, "Qarabağ"ın ən yaxşısı seçilməsi, eyni zamanda gələcək karyerası barəsində klubun rəsmi saytına müsahibə verib.
-Maksim, “Qarabağ”ın ən yaxşısı seçiləcəyini gözləyirdin? - Açığı, xeyr. Saytımızı açanda şəklimi gördüm. Xəbəri oxuyandan sonra nə baş verdiyini anladım. Mənə səsverənlərə təşəkkür edirəm.
-19 yaşında “Qarabağ” kimi köklü klubun kollektivinin etimadını qazanmısan. Bu sənin üçün son həddi? - Əlbəttə ki, yox. Hələ futbol oynamağa başlamamışam (gülür). İnanın ki, bu mənə sürpriz oldu. İndi məsuliyyətim daha da artıb.
-Səncə, nəticə adalətlidir? - Əgər, səs veriblərsə, seçim ediblərsə demək layiq görüblər. Kollektivimiz futbolla yatıb durur. Onların obyektiv düşüncəyə sahib olduqlarına əminəm.
-Bəs sən ən yaxşı kimi seçərdin? - Vaqif Cavadovu
-Niyə? - Adətən, futbolda hücumçular daha çox yadda qalır. Ona görə də Vaqifin son matçlardakı oyunu hamının yadında qalıb. Amma müdafiəçilər yadda qalmaq üçün daha çox işləməlidirlər.
-Müdafiədən söz düşmüşkən, 3-lü və ya 4-lü müdəfiə məsələlərində daim polimika olur. Səncə hansı sistem daha əlverişlidir? - Təbii ki, hərəsinin özünəməxsus xüsusiyyətləri var. Mənə qalsa 4-lü müdafiə. Çünki belədə daha çox hücuma qoşula bilərəm. Amma arxada 3 nəfər olanda daha çox qara iş görmək məcburiyyətindəsən.
-Yeri gəlmişkən, müdafiədə kimlə oynamaq sənə daha rahatdır? - Həm Aftandil, həm də Zeki yaxşı insan olmaqla yanaşı əla futbol anlayışları var. Gəncəm. Təbii ki səhvlərim qaçılmazdır. Amma adını çəkdiyim müdafiəçilər məni daim başa salırlar, “qaralamırlar”. Biz gənclərin ən böyük üstünlüyü ondadır ki, komandamızda əla kollektiv var. Hər kəs bir-birnə hörmət edir. Bizim uğurlarımızın ən böyük səbəbi məhz hamının bir-biriylə dostluq münasibətinin olmasıdır.
-17 yaşında ilk dəfə “Qarabağ” formasında meydana çıxdın. Həmin gündən çoxmu şey dəyişib? - Yadıma gəlir. “Karvan”la səfərdə qarşılaşırdıq. Yevlaxlılar iddialı idi o zaman. Etiraf edim ki, bir qədər ayaqlarım əsirdi. Amma, özümü ələ ala bildim.
-Bu gün isə “Qarabağ”ın sağ cinahı sənə həvalə olunub - Bizim komandada gənclərə böyük qiymət verirlər. Allah hər kəsə bir şans verir. Ondan maksimum istifadə etmək lazımdır. Şükr olsun ki, mən bu şansımdan yararlandım. Zirvədə qalmaq daha çətindir. Hər gün məşq edirəm. Baxmayaraq ki, hal-hazırda istirahətdəyik. Uşaqlıqdan hər səhər 6-da durub dənizkənarında qaçmağa öyrəşmişəm.
-Məşqçilər də səndə inanılmaz güc olduğunu söyləyir. Bu elə “kross”larınla əlaqədar ola bilər? - Nə deyim. Yəqin təsiri var. Amma tək qaçmaqla iş bitmir. Onsuz da futbol da hamı qaçır(gülür).
-Yeri gəlmişkən, bəzi xarici mənbələr səni milliləşdirilmiş futbolçu kimi təqdim etmişdi. - Artıq bu söhbətdən bezmişəm. Mən təmiz Bayıl “uşağıyam” (gülür). Bakıda doğulmuşam. Adım-soyadım rus mənşəli olsa da Azərbaycanlıyam. Bura mənim vətənimdir. Başqa söz-söhbətə ehtiyac yoxdur.
-Əslən rus olsan da ünsiyyət üçün Azərbaycan dilini istifadə edirsən. - 60-70 faiz. Kim mənimlə hansı dildə danışırsa mən də həmin dildə danışıram. Niyə rus dilində danışmalıyam ki. Yenə də qeyd edirəm bura mənim vətənimdir. Bəziləri, məni görəndə birbaşa rusca danışır. Mənim azərbaycanca danışmağıma təəccüblənirlər. İngilis dilini də bilirəm. Amma bu o demək deyil ki, 4-5 dili bilən Zekiylə ingilis dilində danışmalıyam.
-Qarabağ haqqında çox şey bilirsən? - Dedim axı mən Azərbaycan vətəndaşıyam. Ermənilərlə qarşılaşmada meydanda ölməyə belə hazır idim. Belə qələbələrin çox böyük əhəmiyyəti var. Xalqda inam yaranır özünə qarşı. İnanıram ki, tezliklə torpaqlarımızı qaytaracğıq. O gün mütləq olacaq.
-Maks, hal-hazırda U-21-in şərəfini qoruyursan. Aşağı yaş qrupların hamısında iştirak etmisən. Nə zaman səni əsas millidə görəcəyik? - İnşallah, vaxtı çatanda.
-Bilirsən nə demək istəyirəm? Hal-hazırda millidə gəncləşdirmə gedir. Amma heç bir iddialı klubda sənin yaşında yerli futbolçu müntəzəm forma geymir. Amma sən yada düşmürsən sanki... - Belə baxanda çağrılmamağıma sevinirəm.
-Niyə? - İndi gəncləşdirmə getdiyi söylənilir. Gündə bir futbolçu çağrılır yığmaya. Təbii ki, onların hamısı orda qalmayacaq. Məncə milliyə “bişmiş” getmək lazımdır. Rahid Əmirquliyev kimi istedadlı futbolçu 1 dəfə çağrıldı, “yandı” getdi. Eyniylə, Nodar da hər hansısa bir səhvə görə “silindi”. Eyni aqibəti yaşamaq istəmirəm. Hələ gəncəm. Milliyə o vaxt getmək istəyirəm ki, məni ordan tərpətmək olmasın.
-Belə çıxır ki, özünü hazır saymırsan? -Yox niyə ki. hazıram. Pis çıxmasın. Özümü heç də millidə mənim mövqeyimdə oynayanlardan zəif saymıram. Amma dediyim kimi, yanmaq istəmirəm.
-İdealın kimdir? - Eşli Koul, Evra
-Nə zaman səni onlarla birlikdə görəcəyik. - Vaxtı çatanda. Amma bun 100 faiz olacaq. Buna əmin ola bilərsiz.
-Hansı komandada oynamaq istərdin? - Azərbaycanda oynayacağım tək komanda “Qarabağ”dır. Bu klub mənə hələ uşaqkən sahib çıxıb. Amma komandamı sırf Avropada oynamaq üçün tərk edəcəm.
-Hansı klub sənin üçün zirvədi? -Uşaqlıqdan “Yuventusu” sevmişəm. Yəqin elə Turin klubunda.
-Maks, bir qədər də “Qarabağ” haqqında . Qarşıdan çətin ikinci dövrə gəlir. - Deməyə çox şey yoxdur. Sözümüzü meydanda deyəcəyik. Ən azından birinci dövrədəkindən yaxşı çıxş edəcəyik. 7 xallıq fəriq aradan qaldırmaq mümkündür. Artıq, hər kəs “Qarabağ”ın asan tikə olmadığını başa düşür. Son turlardakı qələbələrlə nəyə qadir olduğumuzu göstərmişik.
-“Qarabağ” mövsümün sonunda nə qazanacaq? -Yüz faiz nəsə qazanacaq. Buna əmin ola bilərsiz. “Qarabağ” bu il avrokuboklarda olacaq./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|