|
Siyasət / 21.12.2008 13:27 Bu gün MDB-nin yaranmasından 17 il ötür
Keçmiş sovet ittifaqı ölkələrinin daxil olduğu Müstəqil Dövlətlər Birliyi çərçivəsində 60-dan artıq dövlətlərarası əlaqələndirmə və məşvərət orqanı fəaliyyət göstərir
Bu gün Müstəqil Dövlətlər Birliyinin yaranmasından 17 il ötür. 1991-ci il dekabrın 8-də Belarus hökumətinin Viskulidəki iqamətgahında Rusiya, Belarus və Ukraynanın dövlət başçıları MDB-nin yaradılmasına dair saziş imzalayıblar. Həmin ayın 21-də isə Qazaxıstanın Almaatı şəhərində 11 keçmiş SSRİ respublikasının başçısının iştirakı ilə bu sazişə dair protokolun imzalanma mərasimi keçirilib. Sənədə imza atan Azərbaycan, Ermənistan, Rusiya, Ukrayna, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bərabər hüquqlarla MDB-yə üzv olmasına razılıq verib. İki ildən sonra, 1993-cü ilin dekabrında Gürcüstan da birliyə qoşulub. Keçmiş SSRİ respublikalarından yalnız Baltikyanı respublikalar - Latviya, Litva və Estoniya MDB-yə üzv olmayıb. 2008-ci ildə isə Rusiya-Gürcüstan müharibəsindən sonra rəsmi Tiflis qurumdan çıxıb. Qeyd edək ki, hazırda MDB çərçivəsində 60-dan artıq dövlətlərarası əlaqələndirmə və məşvərət orqanı fəaliyyət göstərir. Bunların arasında əsas rolu dövlət və hökumət başçıları, müdafiə nazirləri şuraları, xarici işlər nazirləri, iqtisadi məhkəmə, dövlətlərarası bank, parlamentlərarası assambleya, icraiyyə komitəsi oynayır./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|