|
Hadisə / 21.12.2008 12:20 Yunanıstanda polislə anarxist gənclər arasında qarşıdurmalar davam edir
Etirazçılar polisə yanacaq bombaları və daşlarla hücum ediblər
Yunanıstanın paytaxtı Afinada anarxist gənclərlə polis arasında toqquşmalar bu gecə davam edib. Üsyançılar şəhərin müxtəlif obyektlərinə hücum edəblər. Etirazçılar polisə yanacaq bombaları və daşlarla hücum edib. Hadisələr əsasən ölkənin Texniki Universitetinin binası yaxınlığında baş verib. Aksiya iştirakçılarını dağıtmaq üçün polis göz yaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb. İnsident nəticəsində xəsarət alanlar və saxlanılanlar barədə məlumat verilmir. Digər toqquşma isə paytaxtın maliyə mərkəzlərindən birinin qarşısında baş verib. Etirazçılar mərkəzin binasını yandırıblar. Binaya ciddi ziyan dəydiyi bildirilir. Həmçinin maliyə mərkəzinin qarşısında olan, iki avtomobil də yandırılıb. İnsident paytaxt Afinada qurulan yeni il ağacının ətrafında da davam edib. Etirazçılar ilk əvvəl ağaca çirkli əşyalar ataraq zibil bağlamalarını ağacın budaqlarından asıblar. Daha sonra isə polislə etirazçılar arasında qarşıdurma baş verib. Hüquq mühafizə orqanı əməkdaşları nümayişçiləri ərazidən uzaqlaşdırmaq üçün göz yaşardıcı qazdan istifadə edib. Xatıraladaq ki, Afinanın bundan əvvəlki əsas yeni il küknarı kütləvi ixtişaşlar zamanı yandırılmışdı. Anarxistlər mütamadi olaraq yeni il ağacının ətrafında gərginlik yaradırlar. Ölkənin ikinci ən böyük şəhəri Salonikidə də ixtişaşlar səngimək bilmir. Anarxistlər burada şəhərin 4 radio stansiyasını qısa müddətliyinə tutublar. Onlar həmçinin şəhər kinoteatrına da soxulublar. Radio stansiyalarda anarxistlər özlərinin hazırladıqları verilişin efirə verilməsini tələb edib. Beynəlxalq film festivalının mərkəzi olan «Olimpion» kinoteatrında da anarxistlər oxşar ssenarıni təkrarlayaraq özlərinin hazırladıqları filmin nümayiş etdirilməsini tələb ediblər. Qeyd edək ki, Yunanıstanda kütləvi ixtişaşlar 15 yaşlı Aleksandros Qriqoropoulosun polisin açdığı atəş nəticəsində dünyasını dəyişməsindən sonra başlayıb. Daha sonra isə etirazlar mühafizəkar hökümətin apardığı iqtisadi siyasətə etiraz fonunda davam etməyə başlayıb. Anarxistlər polisin silahsızlaşdırılmasından tutmuş az təminatlı ailələrə böyük maddi dəstəyin edilməsi istiqamətində tələblər irəli sürürlər./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|