|
Mədəniyyət / 21.12.2008 10:52 Kukla Teatrında böyüklər üçün tamaşa hazırlanır
Finlandiyanın əməkdar incəsənət xadimi Kamran Şahmərdanın hazırladığı tamaşa «Ağ və qara» adlanır
Bu dəfə Kukla Teatrı öz qapılarını böyüklər üçün açacaq. Finlandiyanın əməkdar incəsənət xadimi, həmyerlimiz Kamran Şahmərdan Abdulla Şaiq adına Kukla Teatrında «Ağ və qara» adlı tamaşa səhnələşdirir. Hazırda səhnə əsəri üzərində məşqlər aparan rejissor uşaqların sevimli məkanında böyüklər üçün tamaşa hazırlamaq niyyətinin də təsadüfi olmadığını deyir. «Kukla teatrı tək uşaqlar üçün deyil. Birinci böyüklər üçündür. Ona görə ki, hər insan ürəyində uşaq qalır». Kamran Şahmərda «Ağ və qara» tamaşasına Fransız yazıçısı Antuan de Sent-Eqziperinin eyniadlı pyesi əsasında quruluş verir. Rusiyanın tanınmış rəssamı, Qızıl maska mükafatı laureatı Tatyana Melnikovanın səhnə tərtibatında hazırlanan tamaşada rolları Cavidan Hüseynzadə, Rəhim Rəhimov, Afət Zülfüqarova və başqaları ifa edir. Səhnə əsəri insan tənhalığından bəhs edir. Qeyd edək ki, tamaşada Kukla Teatrı tarixində ilk dəfə olaraq Kamran Şahmərdanın Finlandiyadan gətirdiyi qara kabinet dekorasiyasından istifadə edilir. Kamran Şahmərdan 7 ildir Finlandiyada yaratdığı «Ağ və Qara» teatrının bədii rəhbəridir. Rejissor bu yaxında Finlandiyanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Sehirli ağ və qara məkanda baş verənləri bilmək istəyənlər dekabrın 28-də Kukla Teatrına gələ bilərlər. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|