|
Ordan-Burdan / 20.12.2008 21:01 Azərbaycanın Cənub bölgəsində “Çillə” bayramı keçiriləcək (FOTOREPORTAJ)
Bu bayramda regionun hər yerində, xüsusilə də bazarlarda canlanma müşahidə olunur
Azərbaycanın Cənub bölgəsində “Çillə” bayramı keçiriləcək. Cənub bölgəsində hamı, xüsusən nişanlı qızlar bu bayramı səbirsizliklə gözləyir. Bu bayram bölgədə novruz bayramı qədər təmtəraqla qarşılanır. Bu bayramda regionun hər yerində, xüsusilə də bazarlarda canlanma müşahidə olunur. Satıcıların dediyinə görə, son günlərdə ən çox satılan boranı və qarpızdır ki, bu də səbəbsiz deyil. Çünki qədim inanclara görə bayram süfrəsinə mütləq boranı və qarpız qoyulmalıdır. Qeyd edək ki, “Çillə” bayramı ancaq Cənub bölgəsində bu cür təmtəraqla qeyd olunur. Bayramın kökü çox qədimlərə, atəşpərəstlik dövrünə gedib çıxır. Yaşı min illiklərlə ölçülən bu qədim adətlərdə xalqın təbiətə münasibəti özünü göstərir. Bu bayramda özünü göstərən həm də qonaqpərvərlik, mehribanlıq, qarşılıqlı hörmət və səxavətdir. İnsanlar ünsiyyəti daha da möhkəmləndirmək üçün yaxın qonum-qonşulara qonaq gedir, bayram payı aparır. bayram süfrələri bəzəyib əzizlərinin yolunu həvəslə gözləyirlər. bayram axşamına qədər bütün nişanlı qızlara çillə xonçaları göndərilir. bu məqsədlə müxtəlif yollarla qışa qədər salamat saxlanılan qarpız, boranı xonçaya qoyulur, müxtəlif növ şirniyyatlarla gəlin qapısına aparılır. çillə bayramında qışın gəlişinin xoş əhval-ruhiyyə ilə qarşılanmasının mənası budur ki, qarşıdakı ağır günlər bayram ovqatında əriyib getsin. Bu axşam təbiətin soyuqluğuna baxmayaraq bütün ocaqlarda, qəlblərdə isti hərarəti, nəfəs duyulur. süfrəyə qoyulan naz-nemət, xüsusən günəşin və hərarətin rəmzi olan boranı və qarpız bu istiliyin, bayram ovqatının daşıyıcılarıdır. /ANSPRESS/ Fotolara burada baxa bilərsiniz
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|