|
İç Xəbər / 20.12.2008 19:19 Prezident İlham Əliyev Yasamal Rayon İcra Hakimiyyətinin yeni binasının açılışında iştirak edib
Bu gün gün Bakının Yasamal rayonunda mədəniyyət və istirahət parkının, Heydər Əliyev məktəb-muzeyinin də açılış mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakının Yasamal rayonunda mədəniyyət və istirahət parkının, Heydər Əliyev məktəb-muzeyinin və rayon icra hakimiyyətinin yeni binasının açılışında iştirak edib.
Prezident İlham Əliyevin Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən, rayonun daxili imkanları hesabına tamamilə yeniləşdirilmiş və paytaxtımızın bu hissəsinə xüsusi yaraşıq verən park şəhər sakinlərinin sevimli istirahət guşələrindən biri olacaq. Rayon İcra hakimiyyətinin başçısı İbrahim Mehdiyev Prezident İlham Əliyevə məlumat verib ki, 1,7 hektar sahəsi olan, vaxtilə Nazim Hikmət küçəsi ilə Mətbuat prospektinin kəsişməsində salınmış və uzun müddət baxımsız qalmış park xüsusi layihə əsasında bir il ərzində müasir səviyyədə tamamilə yenidən qurulub. Burada yaraşıqlı fəvvarələr və şəlalələr kompleksi yaradılıb, ən hündür yerdə Azərbaycanın dövlət bayrağı ucaldılıb. Parkda hər cür hava şəraitinə davamlı materiallardan hazırlanmış 254 oturacaq qoyulub, 8,5 min kvadratmetr sahədə çəmənlik salınıb, 3500-dən çox müxtəlif ağac və gül kolları əkilib. Əraziyə yüksək keyfiyyətli mərmər döşənmiş, ən müasir işıqlandırma sistemi və 20 kvadratmetrlik monitor quraşdırılıb. Ətraf binalarda da əsaslı təmir və abadlıq işləri görülüb. Prezident İlham Əliyev sonra Heydər Əliyev məktəb-muzeyinin açılışında iştirak edib. Dövlət başçısı açılışı bildirən lenti kəsib, məktəb-muzeylə tanış olub. Məktəb-muzeydə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər və eksponatlar nümayiş etdirilir. Dövlətimizin başçısı məktəb-muzeylə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb. Prezident İlham Əliyev daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin yeni binasının açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, beşmərtəbəli binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu isə icra strukturunun işinin daha mükəmməl qurulmasına kömək edəcəkdir. 300 nəfərlik iclas salonunda ən müxtəlif tədbirlər keçirmək mümkün olacaq. Zəruri avadanlıqla təchiz edilmiş binada qonaqlar üçün gözləmə otağı və xidməti otaqlar da var. Prezident İlham Əliyev iş otaqları ilə də tanış oldu, yaradılmış şəraitdən, habelə ərazidə aparılmış yenidənqurma və abadlıq işlərindən razılığını bildirib. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|