|
Hadisə / 21.12.2008 16:20 İşlədiyi ferma sahibinin qızıllarını oğurlayan qadın tutulub
27 yaşlı Könül Məmmədova bu yolla ərinin əzablarından yaxa qurmarmaq istəyib
Bərdə polisi işlədiyi ferma sahibinin qızıllarını oğurlayan qadını tutub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bu Gəncə sakini 27 yaşlı Könül Məmmədovadır. Saxlanılan şəxsin sözlərinə görə, o 3 ay əvvəl Yevlax sakini Röyal Mustafayevlə qeyri rəsmi ailə həyatı qurub. Əvvəl də evli olan Könülün dediyinə görə bu dəfə də bəxti gətirməyib. Həyat yoldaşı onu tez-tez döyüb incidirmiş. 2 ay əvvəl isə onlar Bərdə rayonunun Samux kəndi ərazisində yerləşən Rəvan Əliyevə məxsus fermaya işləməyə gəliblər. Yoldaşının əzablarından yaxa qurtarmaq istəyən qadın ev sahibinin qızıllarını oğurlayaraq qaçmaq fikrinə gəlib. Bərdə polisindən verilən məlumata görə Könül Əliyevlərin evindən 2 qolbağ, 1 boyunbağı, 3 ədəd üzük və 50 manat pul aparıb. Müstəntiq Ramazan Qasımovun ANS PRESS-ə verdiyi məlumata görə, K. Məmmədova qızılları Yevlax şəhərinin mərkəzi bazarında qızıl dükanlaından birinə 200 manata satıb, sonra isə Gəncə şəhərinə gedib. Faktla əlaqədar Bərdə rayon polis şöbəsində cinayət işi açılıb. İstintaq aparılır. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|