|
Siyasət / 20.12.2008 18:46 Dağıstan prezidentinin müşaviri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi
Prezident İlham Əliyev, Səid Qurbanova anadan olmasının 80 illiyi münasibətilə təbrik də göndərib
Prezident Ilham Əliyev, Dağıstan prezidentinin müşaviri Səid Camaloviç Qurbanovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Səid Qurbanov, bu diplomla Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişafındakı xidmətlərinə görə təltif edilib. Prezident İlham Əliyev, Səid Qurbanovu anadan olmasının 80 illiyi münasibətilə təbrik də edib. Təbrikdə deyilir: “Sizin Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında qarşılıqlı əlaqələrin daimi inkişafındakı xidmətləriniz təqdirə layiqdir. Müxtəlif dövrlərdə Siz olduqca mötəbər qurumlara başçılıq edərək vətənpərvərlik ruhu və əzmkarlıq nümayiş etdirmisiniz. Yüksək təşkilatçılıq bacarığınız Dərbəndə rəhbərlik etdiyiniz dövrdə özünü xüsusilə büruzə verib. Sizin müdrikliyiniz və böyük həyat təcrübəniz müxtəlif nəsillərin nümayəndələri tərəfindən dərin rəğbət və ehtiramla qarşılanmışdır. Azərbaycan diasporunun təşkilatlanmasında misilsiz xidmətlər göstərmiş ulu öndər Heydər Əliyev həmişə fəaliyyətinizi və şəxsiyyətinizi yüksək dəyərləndirib. Sizin gərgin və məhsuldar əməyiniz lazımınca qiymətləndirilmiş və Siz bir çox mükafatlara, o cümlədən Azərbaycan Respublikasının ali mükafatına – “Şöhrət” ordeninə layiq görülmüsünüz. Bununla yanaşı, sözsüz ki, Sizin ən böyük mükafatınız el ağsaqqalı kimi qazandığınız nüfuz və hörmətdir. Əminəm ki, Siz bundan sonra da özünüzə xas uzaqgörənliklə dünya azərbaycanlılarının həmrəyliyi işinə layiqli töhfələr verəcəksiniz”./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|