|
Hadisə / 20.12.2008 19:56 Naxçıvan MR-də yerli hakimiyyətin qərarı ilə peyk antennaları sökülür (FOTOREPORTAJ)
Bundan sonra çoxmərtəbəli binalarda yalnız "Türksat" peykinin radiusuna daxil olan TV proqramların yayımlanması üçün mərkəzləşdirilmiş paylayıcı avadanlıq quraşdırılacaq
Naxçıvan Muxtar Respublikasında yerli sakinlərə məxsus fərdi peyk antenalarının sökülməsinə qərar verilib. Artıq Naxçıvandakı çoxmərtəbəli binaların əksəriyyətində bu proses başa çatdırılıb və bütün eyvanlardan sakinlərə məxsus peyk antenaları üçün nəzərdə tutulmuş çanaqlar yığışdırılıb. Əvəzində Muxtar Respublika Ali Məclisi sədrinin göstərişinə uyğun olaraq, yerli büdcədən ayrılmış vəsait hesabına çoxmərtəbəli binalarda yalnız "Türksat" peykinin radiusuna daxil olan televuziya proqramlarının yayımlanması üçün mərkəzləşdirilmiş paylayıcı avadanlıq quraşdırılıb. Bu avadanlıq vasitəsi ilə çoxmərtəbəli yaşayış binalarındakı bütün mənzillərin "Türksat" peykindən yayımlanan TV proqramların hamısının eyni vaxta qəbul etməsi üçün şərait yaradılıb. Fərdi surətdə peyk antennasının quraşdırılmasına qoyulan qadağa isə hələlik yalnız çoxmərtəbəli binaların sakinlərinə şamil olunur. Amma Muxtar Respublikanın yerli hakimiyyət qurumları bu prosesi peyk antenalarından istifadə edilməsinə qoyulan məhdudiyyət kimi qiymətləndirmir. Muxtar Respublikanın Ali Məclisindən verilən məlumata görə, binalarda pərakəndə surətdə qoyulmuş peyk antenaları şəhərin ümumi görünüşünə xələl gətirdiyindən və əlavə şüalanma mənbəyi hesab olunduğundan mərkəzləşdirilmiş peyk antennaları sisteminə keçilməsinə qərar verilib: “Belə sistem həm sakinlərin rahatlığına, həm də Naxçıvan şəhərinin gözəlliyinə xidmət edir”. /ANSPRESS/ Fotolara buradan baxa bilərsiniz
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|