|
Xüsusi Reportaj / 21.12.2008 12:51 Yolka bəzəmək neçəyə başa gəlir? (FOTOSESSİYA)
Yolkaların ən ucuzu 3, şaxta babanın ucuzu isə 2 manata satılır
«Nənə, mənə yolka al. Bax, bu yolkanı istəyirəm»,-dükanın qarşısında özündən böyük yolkanın budaqlarından tutan kiçik qızcığaz nənəsindən xahiş edir. Nənəsi isə yolkanın üstündəki qiymətə-250 manata baxıb nəvəsinin əlindən dartır: «Mənim balam, bu yolka bahadır axı. Gəl sənə balaca yolka alım». Dükandakı balaca yolkalar isə 30 manatdan başlayır…
Yeni ilin gəlişinə lap az qalıb. İnsanlar hər yeni ilə ümidlə və bütün problemlərinin həlli ili kimi baxdıqlarından, ili bacardıqları qədər yaxşı qarşılamağa çalışırlar. Yeni il hazırlıqlarına isə əvvəlcə evlərində yolka bəzəməklə başlayırlar. Yolkanın evdə qurulmasına ən çox sevinən uşaqlar olur. Onlar yolkanın bəzənməsində yaxından iştirak edir, hətta qonşu uşaqlarla mübahisə edirlər ki, kimin yolkası daha böyük və oyuncaqları daha çoxdur. Və kimin şaxta babası daha qəşəngdir.
Evdə anaların körpələri üçün bəzədikləri yolkanın neçəyə başa gəldiyini öyrənmək məqsədilə üz tutduq paytaxtdakı bir neçə dükana və qiymətlərlə maraqlandıq. Məlum oldu ki, uşaqların hər il həsrətlə gözlədikləri yolkanı bəzəmək ailəyə heç də ucuz başa gəlmir.
Şəhərin mərkəzindəki dükanlarda qiymətlər olduqca bahadır. Burada yolkalar 80 manatdan 250 manatadək təklif edilir. Hətta daha böyük, hündürlüyü iki metrədək yolkalar 700 manatadır. Dükanın rəhbəri isə deyir ki, ucuz yolkalar da var və bu ucuz, 50 santimetr hündüklüyündə bəzəkli yolkalar 30 manatdan, şaxta babalar isə 30-35 manatdan başlayır. Dükanda 25-40 manata satılan 20-30 sm-lik şaxtababalar da var. Təxminən bir metr boyu olan şaxtababalar isə 100-200 manatadır. Onların gülümsər gözləri, kiçik eynəkləri və hədiyyə torbaları var. 350 manata satılan şaxtababanın isə böyük şeypuru var. Atın üstündə oturmuş və mahnı oxuyan 60 sm.-lik şaxtababa 130 manatadır.
Yolka oyuncaqları da baha qiymətə təklif edilir. Dükandakı ən ucuz oyuncaq 7 sm ölçüdə konfet şəkilli oyuncaqdır. Burada 10-12 oyuncaqdan ibarət dəst 15-20 manata təklif edilir. Zərlər bir manatdan başlayır. Zınqırovlar isə 40-50 manatdır.
Metronun «28 may» stansiyasının qarşısında satılan yolka və oyuncaqlar isə nisbətən ucuzdur. Satıcınn sözlərinə görə, burada yolkalar 2-3 manatdan, 10 sm-lik kiçik şaxtababalar isə 2 manatdan başlayır. Yolka üçün zərlər 30 qəpikdən, şarlar 20 qəpikdən, çılçıraqlar 20 qəpikdən, yolkanın işıqları iki manatdan başlayır. Burada 5-6 manata da yolka işıqları almaq mümkündür. Şaxta babanın papağına bənzər qırmızı papaq isə bir manatdır. Burada 8, hətta 16 manata da 30 sm-ə qədər böyüklüyündə şaxtababalar çatılır. Yolkaların qiyməti isə 30 manata qədərdir. İnək və öküz formalı yumşaq oyuncaqlar üç manatdan başlayır. Kiçik inək formasında üç sm-lik yolka oyuncağı 50 qəpikdir. Kiçik oyuncaqlarının ən ucuzunun dördü bir manata satılır. Burada 6-sı iki manata kiçik zınqırov və nağaralar da satılır. Həmçinin, 6 yumru oyuncaqdan ibarət dəst 3-4, hətta 6 manata təklif edilir. Beləliklə, sadə hesablama aparsaq, bir neçə oyuncaqla bəzədilmiş kiçik bir yolka və kiçik şaxtababa ilə uşaqlarını sevindirmək valideynə ən azı on manata başa gəlir. Çalışın, bayram qabağı körpələrinizi sevindirin…
Şəkillərə burada baxa bilərsiniz. Röya Rəfiyeva /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|