|
İqtisadiyyat / 20.12.2008 16:39 Natiq Əliyev Londonda neft ixrac və idxal edən ölkələrin enerji nazirlərinin görüşündə iştirak edib
Müzakirələrdə neft satışı bazarında şəffaflığın yaradılması diqqət mərkəzində olub
Dekabrın 18-19-da Londonda neft ixrac və idxal edən ölkələrin enerji nazirlərinin görüşü keçirilib. Görüşdə OPEK daxil olmaqla dünyanın 30-a yaxın ölkəsinin enerji və neft nazirləri habelə Beynəlxalq Enerji Agentliyi (BEA), Beynəlxalq Enerji Forumu (BEF), o cümlədən bir sıra milli və beynəlxalq neft şirkətlərinin nümayəndələri iştirak edib. Tədbirdə Böyük Britaniyanı baş nazir Qordon Braun, Enerji və İqlim dəyişikliyi üzrə nazir Ed Miliband təmsil edib.
Azərbaycanın Londondakı səfirliyindən verilən məlumata görə, tədbiri açan baş nazir Qordon Braun bu görüşün neft ixrac və idxal edən ölkələrin əməkdaşlığına, xüsusilə bu ölkələr arasında bilavasitə dialoqun qurulmasına və dünya bazarlarında neftin qiymətinin sabitləşdirilməsinə həsr olunduğunu nəzərə çatdırıb.
Müzakirələr nəticəsində neft ixrac və idxal edən ölkələr arasında birbaşa dialoqun qurulmasının müxtəlif vasitələri, xüsusilə neft satışı bazarında şəffaflığın yaradılması və effektivliyin artırılması xüsusi diqqət mərkəzində olub. Bundan əlavə, tədbirdə alternativ və yenilənən enerji mənbələrinin əldə olunması vasitələri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, tədbirdə sənaye və energetika naziri Natiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib./ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|