|
Hərb / 20.12.2008 16:10 Eldar Sabiroğlu:“Hərbi əsirin təzyiqlər altında televiziyaya çıxarıldığı açıq –aşkar görünürdü"
"Rafiq həyəcanlı və qırıq-qırıq danışır, tez-tez sağa-sola baxırdı ki, ətrafdakılar nəyi işarə edirlər"
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Seyran Şahsuvaryan azərbaycanlı hərbi əsir Rafiq Həsənova təzyiq göstərilməsi barədə Azərbaycanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatı təkzib edib. Bu barədə “Novosti-Armeniya” agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan Silahlı Qüvvələrində qulluq edən 19 yaşlı Rafiq Rəhman oğlu Həsənov oktyabrın 8-də sərhədi keçərək könüllü sürətdə erməni tərəfinə təslim olub. Dekabrın 18-də isə erməni telekanalları hərbi əsirin müraciətini yayımlayıblar. Müraciətdə Rafiq Həsənov Azərbaycana qayıtmaq istəmədiyini və Ermənistan vətəndaşlığı almaq istədiyini bildirib. “Həsənov özü kamera qarşıında çıxış etmək istədi, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri də biliblər”, deyə Şahsuvaryan qeyd edib. Onun sözlərinə görə, erməni tərəfinin Azərbaycan hərbiçisini Ermənistanda saxlamaqla bağlı heç bir niyyəti olmayıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu isə ANS PRESS-ə bildirib ki, Ermənistan Müdafiə Nazirliyi Rafiq Həsənovla bağlı yaydığı bu günkü açıqlama ilə özünün yenidən bir neçə sual qarşısında qoymalı olub. “Hərbi əsirlə necə davranıldığı və onun hansı sıxıntılar, təzyiqlər altında televiziyaya çıxarıldığı açıq –aşkar görünürdü. Ermənistan bu üsuldan birinci dəfə deyil ki, istifadə edir. Əvəllər Samirin də başına həmin oyunlar gətirilmişdi. Ona görə də dünya ictimaiyyətini heç cür aldada bilməzlər. Rafiq həyəcanlı sürətdə, qırıq-qırıq danışır, tez-tez sağa-sola baxırdı ki, ətrafdakılar nəyi işarə edirlər. Bəli, bu çox acı bir mənzərə idi. Guya ki, televiziya ilə müraciət etməyi Rafiqin özü xahiş edib, bundan Qızıl Xaş Komitəsinin nümayəndələri xəbərdardırlar. Bu qətiyyən inandırıcı görünmür. Onu Qızıl Xaç Komitəsinin nümayəndələrinin qarşısına necə hazırlayıb çıxardıqlarını, özləri çox yaxşı bilirlər. Necə oldu ki, bir neçə gün əvvəl vətənə qayıtmaq istəyi ilə valideynlərinə məktub yazan əsir az keçməmiş fikrini dəyişdi? Ağır təzyiqlər və qorxu altında Rafiq bu sözləri dilinə gətirib”. Xatırladaq ki, Azərbaycanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı bəyanatda deyilirdi ki, bu il oktyabrın 8-də qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri, 1989-cu il təvəllüdlü Rafiq Rəhman oğlu Həsənovun guya Vətənə qayıtmaq istəməməsi barədə Ermənistan mətbuatındakı məlumatlar həqiqətə uyğun deyil: “İki aydan artıq əsirlikdə saxlanılan və daim psixoloji təzyiqlərə məruz qalan Rafiq Həsənov 2008-ci il dekabrın 9-da Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə valideynlərinə göndərdiyi məktubunda Vətənə qayıtmaq arzusunda olduğunu bildirib: «Mən çox fikirləşdim və Vətənə, anamın yanına qayıtmaq barədə qərar verdim. Ümid edirəm ki, tezliklə görüşəcəyik. Narahat olmayın. Bir az da səbr edin, mən tezliklə qayıdacağıma ümid edirəm». Bu faktı beynəlxalq Qızıl Xaç Komitəsi də telefon vasitəsilə Dövlət Komissiyasının İşçi Qrupunun diqqətinə çatdırıb. Vətənə qayıtmaq barədə beynəlxalq təşkilatlara məlumat vermiş və valideynlərinə məktub yazmış R.Həsənovun bir neçə gündən sonra «fikrini dəyişərək» Ermənistan televiziya kanallarına «müsahibə» verməsinin səbəbini izah etmək çətin deyil”. Məlumatda o da deyilir ki, müsahibə barədə Ermənistan kütləvi informasiya vasitələrindəki məlumatdan R.Həsənova mənəvi-psixoloji təzyiqlərin göstərildiyi aydın hiss edilir: “Bu isə öz növbəsində Ermənistan Respublikasının qoşulduğu beynəlxalq humanitar hüquq normaları və əsirlərlə davranış qaydalarını pozmaqda davam etdiyini bir daha təsdiqləyir. Məlumat belə «təsəvvür yaradır» ki, guya Ermənistanda insan hüquqlarına və ali insani dəyərlərə münasibət o qədər yüksək səviyyədədir ki, hətta əsir götürülmüş Azərbaycan əsgəri bunu «etiraf edir». Əsirlikdən azad olunmuş Azərbaycan vətəndaşlarının Dövlət Komissiyasına verdiyi ifadələr isə Ermənistanda olan rejimin insanlığa və bəşəriyyətə qarşı dəhşətli cinayətlər törətdiyini sübuta yetirir”. Aytən Həmidova /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|