|
İç Xəbər / 20.12.2008 13:52 Nizami rayonundakı yaşayış binasında partlayış zamanı mənzilləri dağılmış sakinlərə kirayə yaşamaq təklif olunub FOTOREPORTAJ
Sakinlərə kirayə haqqını ödəmələri üçün hər ay 250-300 manat pul ödənəcək
Nizami rayonu Naxçıvanski küçəsi 34 nömrəli yaşayış binasında partlayış zamanı mənzilləri dağılmış sakinlər rayon icra hakimiyyətinin qarşısına toplaşıblar. Sakinlərin ANS PRESS-ə verdiyi məlumata görə, buna səbəb onların uşaq bağçasında yaşamaq istəməməsidir. İcra hakimiyyətindən sakinlərə müvəqqəti yaşamaları üçün 250-300 manat məbləğində kirayə ev tapmaları təklif olunub. Sakinlərin sözlərinə görə, kirayə haqqı yüksək olduğundan bu qiymətə mənzil tapmaq mümkün deyil. Nizami rayon icra hakimiyyəti başçısının müavini Əlirəhman Həsənov ANS PRESS-ə bildirib ki, partlayış nəticəsində evsiz qalmış sakinlərə kirayə ev tapmaqla bağlı göstəriş verilib. Onun sözlərinə görə, sakinlərə yaşamaları üçün 250-300 manat dəyərində kirayə ev tapmaları təklif olunub. Həmin məbləğ hər ay “Kapitalbank” vasitəsilə ödənəcək. Binanın sökülüb-sökülməməsi ilə bağlı məsələyə münasibət bildirən Ə. Həsənov bununla bağlı Nazirlər Kabinetində yaradılmış komissiyanın qərarının hazır olduğunu, ancaq hələlik icra hakimiyyətinə verilmədiyini vurğulayıb. Xatırladaq ki, dekabrın 13-də saat 8.00 radələrində rayonun Naxçıvanski küçəsi 34 ünvanında beşmərtəbəli yaşayış binasının mənzillərindən birində partlayış olub. Nəticədə binanın 2-ci blokunda 12-13 mənzil tamamilə dağılıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Hadisə ilə bağlı bir nəfər həbs olunub.
Anar Məmmədov /ANS PRESS/ Fotolara burada baxa bilərsiniz
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|