|
Kriminal / 20.12.2008 13:08 Türkiyədə Əl-Qaidə terror təşkilatının üzvü olan 38 nəfər saxlanılıb
Terrorçuların öz fəaliyyətlərini İstanbuldakı dini mədrəsə vasitəsilə həyata keçirdikləri məlum olub
Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində İstanbulda 23, İzmirdə 12, Manisada isə 3 nəfər olmaqla ümumilikdə 38 nəfər Əl Qaidə üzvü həbs edilib. Digər əməliyyat tədbirləri nəticəsində terrorçuların öz fəaliyyətlərini İstanbuldakı dini mədrəsə vasitəsilə həyata keçirdikləri ortaya çıxıb. Onların özlərinin qurduqları təhsil mərkəzlərində öz uşaqlarına dini və siyasi təhsil verdikləri məlum olub. Polis hücumları helikopterlər vasitəsilə həyata keçirib. Terrorçuların əsl liderinin Mustafa Günəş adlı biri olduğu, lakin onun 6 ay öncə Misirə getdiyi və rəhbərliyi Əkrəm Karakuşa ötürdüyü aydınlaşıb. İstanbul Ədliyyə müdirliyinin rəisi Cəlaləddin Cərrahın bildirdiyinə görə, terrorçular ölkə ərazisində müxtəlif silahlı basqınlarda iştirak ediblər. Cərrah həmçinin onu da qeyd edib ki, silahlıların evlərində və onların üzərində aparılan axtarışlar zamanı 7 tapanca, 2 tüfəng, 4 oğurlanmış maşın və öz təhsil mərkəzlərində tələbələrə verdikləri diplom və şəhadətnamələr aşkar edilib. Həbs edilənlərin Çeçenistan, Əfqanıstan, İraq, Pakistan kimi ölkələrdəki terror düşərgələrində təlim keçmiş terrorçularla əlaqə saxladıqları və Türkiyədə müxtəlif terror aksiyalarını planlaşdırdıqları bildrilir. Vəhabi təriqətinə etigad edən terrorçular özlərinin cihad bölgələri adlandırılan yerlərdə təhsil aldıqlarını söyləyiblər. Onların terror aksiyalarından əldə edəcəkləri pulla silah-sursat alacaqları və Türkiyədə yerləşən İsrail, Birləşmiş Ştatlar və Rusiya iş adamlarına məxsus firmalara qarşı terror hücumlarını həyata keçirmək istədikləri bildirilir. İstanbul ədliyyə müdirliyinin rəisi Cəlaləddin Cərrah əməliyyatların davam etdirildiyini bildirib. Cərrah tutulanların sayı barədə dəqiq məlumat verməkdən də imtina edib. /ANS TV/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|