|
Siyasət / 19.12.2008 19:56 Belçikanın yeni səfiri etimadnaməsini Azərbaycan prezidentinə təqdim edib
“Azərbaycan və Belçika arasında qarşılıqlı əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirmək üçün geniş imkanlar mövcuddur"
Azərbaycan prezidenti İlham Əliyev Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Filippe Jottardın etimadnaməsini qəbul edib. Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçib. Filippe Jottard etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib. Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu bildirib. Prezident İlham Əliyev qarşılıqlı əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirmək üçün geniş imkanların mövcudluğunu qeyd edib. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa toxunan Prezident İlham Əliyev bu əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Səfirə fəaliyyətində müvəffəqiyyətlər arzulayan dövlətimizin başçısı ümidvar olduğunu bildirib ki, onun ölkəmizdə fəaliyyəti əlaqələrin daha da genişlənməsinə töhfə verəcək. Filippe Jottard səfir kimi ölkəmizdə fəaliyyət göstərməsindən məmnunluğunu bildirib. O, dövlətimizin başçısını əmin etdi ki, səfirlik fəaliyyəti müddətində Azərbaycan-Belçika və Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsi işində öz səylərini əsirgəməyəcək./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|