|
İç Xəbər / 19.12.2008 11:31 Naftalan və Bərdədə məskunlaşan Xocalıdan olan qaçqınların köçürülməsinə başlanılıb
380 ailə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi,Börü Meşəli kəndlərində salınan yeni yaşayış məntəqələrində məskunlaşdırılırlar
Xocalıdan olan 380 məcburi köçkün ailəsi 2009-cu ili yeni evlərində qarşılayacaq. Bu məqsədlə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi, Börü Meşəli kəndlərində 3 qəsəbə salınıb və yeni yaşayış məntəqələri artıq lazımi infrastrukturla təmin olunub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, artıq Naftalan və Bərdədə məskunlaşan ailələrin yeni evlərə köçürülməsinə başlanıb. İlk növbədə çətin şəraitdə yaşayan ailələr evlə təmin olunur. Artıq 70 ailə yeni evlərə köçürülüb. Qəsəbələrdəki hər bir evə həyətyanı sahə ayrılıb, məktəb və inzibati binalar tikilib. Xocalı rayon icra hakimiyyəti başçısının müavini Vahid Əliyev ailənin tərkibindən asılı olaraq, hər bir ailə üzvünə 10 sot əkin, 10 sot biçənək sahəsi ayrılması nəzərdə tutulduğunu bildirib. Qeyd edək ki, qəsəbələrin salınması üçün xüsusi proqram hazırlanıb və proqrama əsasən yeni yaşayış massivlərinin ərazisində iş yerləri də açılacaq. /ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|