|
İqtisadiyyat / 19.12.2008 12:09 Maliyyə böhranı Azərbaycanın səhm bazarına təsir etməyə başlayıb
Ölkədə özəl müəssisələrin və bankların səhmləri ucuzlaşır
Dünya maliyyə böhranı Azərbaycanın səhm bazarına təsir etməyə başlayıb. Ölkədə özəl müəssisələrin və bankların səhmləri ucuzlaşmağa başlayıb. Ən çox qiymət azalmasının bankların qiymətli kağızlarında qeydə alındığını deyən mütəxəssislər, investisiyalarını səhmlərə yerləşdirənlərin artıq səhmlərini satmağa başladığını bildirir. Səhm bazarını araşdıran ekspert Hafiz Babalının sözlərinə görə, böhran başlanandan Azərbaycan bazarında aktivlik 50 faiz aşağı düşüb. Səhmlərin qiyməti isə 30-50 faiz ucuzlaşıb. «Əksər səhmdar cəmiyətlərin səhmlərində qiymətlər kəskin şəkildə aşağı düşüb, bazarda kiçik ölçülü səhm zərfləri üzrə alqı-satqılarda da xeyli həcmdə geriləmə müşahidə olunur. Bazarda ümumiyyətlə maliyyə resurslarının qıtlığı hiss olunur». Səhm bazarında tənəzzülün digər səbəbi isə bazarda iştirakçıların azlığıdır. Hazırda Azərbaycan səhm bazarında 100 minə qədər səhmdar var. Amma onların cəmi 5 minə qədəri aktiv fəaliyyət göstərir. Ekspertin sözlərinə görə, böhran daha çox kiçik səhmdarlara təsir edir. İri səhmdarların səhmlərini bazara çıxarması isə ümumiyyətlə müşahidə olunmur: «Bazarda oyunçu olan şəxslər az olduğuna, bazara giriş imkanları məhdud olduğuna görə bazar maliyyə resursları azdığı nəticəsində bir an içində çökə bilər». Mütəxəssislərin fikrincə, səhm təklifinin artması gələn ilin yazına qədər davam edəcək. Qeyd edək ki, səhmdarlar dividentlərini adətən mart ayında alır. Mütəxəssislərin proqnozuna görə, gələn il dividentlərin verilməsindən sonra payçıların çoxu səhmlərini satışa çıxaracaq. /ANS TV/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|