|
Kriminal / 17.12.2008 17:46 Qayınatasını qətlə yetirməkdə təqsirləndirilən tarix müəllimi hepatit C virusuna yoluxduğunu iddia edir
Məhkəmə bununla bağlı həkimlərdən ibarət komissiya yaradılması barədə qərar qəbul edib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə qayınatasını və qaynını qətlə yetirməkdə, 5 nəfərə isə xəsarət yetirməkdə təqsirləndirilən Zaur Həziyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. ANS PRESS-in məlumatına görə, prosesdə təqsirləndirilən Z. Həziyev vəsatətlə çıxış edərək hepatit C virusuna yoluxduğunu bildirib. Bu barədə məhkəməyə yazılı vəsatətlə müraciət edən Z. Həziyev həbsdən əvvəl onda belə xəstəlik olmadığını bildirib: “Bayılda həkim müyinəsindən keçmişəm, məndə belə xəstəlik aşkarlanmayıb. Xahiş edirəm, müalicəm üçün şərait yaradılsın”. Təqsirləndirilən şəxsin vəkili O. Kazımov isə Z. Həziyevin sözügedən virusa yoluxdurulduğunu bildirib. Məhkəmə vəsatəti təmin edərək xəstəliklə bağlı rəy verilməsi üçün həkimlərdən ibarət komissiya yaradılması barədə qərar qəbul edib. Məhkəmə prosesi qeyri-müəyyən vaxta kimi təxirə salınıb. Qeyd edək ki, Füzuli rayonunda tarix müəllimi işləyən Z. Həziyev ötən ilin avqustunda ailə münaqişəsi zəminində qayınatası Cavanşir Zeynalovu və qaynı Fədai Zeynalovu xüsusi amansızlıqla qətlə yetirməkdə və daha beş nəfər qohumunu isə ağır yaralamaqda təqsirləndirilərək həbs edilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 120.2.4-cü, 120.2.7-ci (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla iki və daha artıq şəxsi öldürmə), 29.120.2-ci (qəsdən adam öldürməyə cəhd), 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə), 133. 1-ci (işgəncə vermə), 134.1-ci (öldürməklə və ya ağır xəsarət yetirmə ilə hədələmə), 127. 1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 315. 1-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə ittiham olunur. Anar Məmmədov /ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|