|
Hərb / 17.12.2008 12:57 Yaxın günlərdə Azərbaycanın yeni hərbi kontingenti Əfqanıstana yola düşəcək
Bu barədə müdafiə naziri Səfər Əbiyev Əfqanıstanın xarici işlər naziri Rangin Dartfar Spanta ilə görüşündə bildirib
Bu gün müdafiə naziri Səfər Əbiyev Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Rangin Dartfar Spanta ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verildən məlumata görə, hər iki nazir Azərbaycan və Əfqanıstan arasında əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və onun daha da inkişaf etdirilməsi barədə ətraflı fikir mübadiləsi aparıb. Səfər Əbiyev Azərbaycan prezidenti İlham Əliyevin Əfqanıstanla əlaqələrə böyük əhəmiyyət verdiyini xarici işlər nazirinin diqqətinə çatdırıb. Görüş zamanı nazirlər Əfqanıstanda xidmət göstərən Azərbaycan sülhməramlılarının fəaliyyətini yüksək qiymətləndiriblər. S.Əbiyev yaxın günlərdə yeni hərbi kontingentin Əfqanıstana yola düşəcəyini bildirib. Görüşdə Azərbaycan Respublikasının Pakistan və Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli də iştirak edib. Xatırladaq ki, Azərbaycan parlamenti oktyabrda Əfqanıstandakı sülhməramlı kontingentin iki dəfə artırılması haqqında qanun layihəsi qəbul edib. Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda 45 azərbaycanlı sülhməramlı xidmət edir. Onlar Kabildə post - patrul nəzarəti həyata keçirirlər. Bu artımdan sonra say 90 - a qaldırılıb. ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|