|
Hadisə / 21.11.2008 17:41 Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilib
Aksiya iştirakçıları xarici işlər naziri Edvard Nalbandyandan bir qarış belə torpağı güzəştə getməməyi tələb edib
“Reqnum” informasiya agentliyi xəbər verir ki, aksiya iştirakçıları XİN-ə müraciət göndəriblər. Müraciətdə deyilir: "Azad edilmiş ərazinin hansısa bir hissəsinin mümkün güzəşti erməni dövlətçiliyinə qarşı yönəlmiş cinayətdir və vətəndaşların həyatına qəsd baxımından yolverilən deyil”.Piket zamanı polislə aksiya iştirakçıları arasında hər hansı insident qeydə alınmayıb. Qeyd edək ki, aksiynın təşkilatçısı “Miasum” təşkilatı olub. Xatırladaq ki, Dağlıq Qarabağda yaşayan yerli azərbaycanlılara nisbətən az olan ermənilərin müstəqillik tələbləri 1989-cu ildən bəri Azərbaycanla Ermənistan arasında silahlı münaqişəyə səbəb olub. Hal-hazırda Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonu Ermənistanın işğalı altındadır. İşğal altında olan ərazi Azərbaycanın ümumi ərazisinin 20%-ni təşkil edir. Silahlı münaqişə nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlardan 1 000 000-a yaxın azərbaycanlı əhali öz yaşayış yerlərini tərk edib, 24 000-dən çox insan həlak olub, 50 000 nəfər yaralanıb və ya şikəst olub. Hazırda erməni tərəfin müntəzəm olaraq atəşkəsi pozması nəticəsində hər gün Azərbaycan əsgərləri və mülki əhali həlak olur. Qeyd edək ki, XVIII əsrdə Azərbaycanda müstəqil xanlıqlar mövcud olub. Azərbaycan ərazisi Çar Rusiyası tərəfindən XIX əsrdə işğal olunduqdan sonra, Qarabağ xanlığı da ləğv olunub. Bundan sonra Rusiya hokuməti Türkiyədən və İrandan 1 milyondan çox ermənini Azərbaycan ərazisinə, əsasən də Qarabağ bölgəsinə köçürüb. 1923-cü ildə SSRİ tərəfindən zorla Dağlıq Qarabağ Muxtar Vilayəti qurulub. 1989-cu ildə Azərbaycan Ali Sovetinin qərarı ilə muxtariyyət ləğv olunub. 1991-ci ildə Dağlıq Qarabağdakı separatçı ermənilər müstəqillik elan ediblər. Heç bir beynəlxalq qanuna uyğun gəlməyən bu “müstəqillik” indiyə kimi haqlı olaraq heç bir ölkə tərəfindən tanınmayıb. İşğal olunmuş ərazilərdə olan tarixi abidələr dağıdılıb, ərazidə olan təbii sərvətlər, xüsusilə qızıl yataqları separatçı rejim tərəfindən qanunsuz olaraq istismar olunur. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir. Cəbhə bölgəsində yerləşən Azərbaycan kəndləri daim atəşə tutulur./ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|