|
Siyasət / 21.11.2008 17:03 Diaspor ilə iş üzrə Dövlət Komitəsi Dünya Azərbaycanlılarının xartiyası üzərində işi yekunlaşdırmaq üzrədir
Xartiya Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının dekabrın 18-də Bakıda keçiriləcək iclasında müzakirə olunacaq
Diaspor ilə İş üzrə Dövlət Komitəsi Dünya Azərbaycanlılarının Xartiyası üzərində işi başa çatdırmaq üzrədir. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, sənədin hazırlanmasına 20-dək alim cəlb olunub. Xartiya Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının dekabrın 18-də Bakıda keçiriləcək iclasında müzakirə olunacaq. Sənədin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında siyasi-iqtisadi, sosial-mənəvi birliyin Azərbaycan dövlətçiliyi və xalqının mənafeyini əks etdirən prinsiplər ətrafında formalaşdıran, diasporumuzun qarşısında duran tarixi vəzifələri özündə əks etdirən, Azərbaycançılıq ideologiyasına əsaslanan vahid konsepsiyanın hazırlamaqdır. Bu sənəd həmçinin soydaşlarımızın məskunlaşdıqları ölkələrdə əsas hüquq və azadlıqlarının yerli qanunvericilik, xüsusilə beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməsinin prinsip və mexanizmlərini müəyyənləşdirəcək. Azərbaycanlıların ictimai-siyasi fəallığının yüksəldilməsi, cəmiyyətə inteqrasiya prosesində qarşıya çıxan problemlərin aradan qaldırılması, milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və təbliği metodologiyasını müəyyən etmək də Xartiyanın məqsədləri sırasına daxildir. Xartiya xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dövlətçiliyi və tarixi Vətənin milli maraqları ətrafında daha sıx birliyinə nail olunmasını, diasporumuzun digər xalqların diasporları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsini, gələcəkdə güclü Azərbaycan lobbisinin formalaşdırılması üçün real zəminin hazırlanmasını tənzimləyəcək. Dünya Azərbaycanlılarının Xartiyasında xarici ölkələrdəki Azərbaycan diasporunun ayrı-ayrı regionlar üzrə fəaliyyətinin əsas istiqamətləri də əksini tapacaq. Tövsiyə xarakteri daşıyan bu sənəd soydaşlarımızda vətənpərvərlik və milli təəssüfkeşlik hisslərinin daha da yüksəldilməsini nəzərdə tutur. Dünya Azərbaycanlılarının Xartiyasının giriş hissəsi Azərbaycan xalqının etnogenezi, milli özünüdərk prosesi, tarixi, özünəməxsus mental xüsusiyyətləri, milli-mənəvi dəyərləri, müasir inkişaf səviyyəsi, nailiyyətləri və perspektivdəki məsələlərdən ibarətdir. Sənədin 3 fəslindən biri «Azərbaycan» və «Azərbaycanlılar» anlayışının etno-sosial-fəlsəfi-coğrafi məzmunu barədə elmi-ideoloji əsasları, digəri azərbaycanlıların tarixi Vətən qarşısında borcu və bu hissdən irəli gələn vəzifələri ilə bağlı müəddəalar, sonuncu fəsli isə azərbaycanlıların cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının qorunması, digər xalqların diasporları ilə əməkdaşlıq perspektivləri ilə bağlı müəddəalar, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanlılara qarşı ermənilərin törətdiyi terror və soyqırımı aktları, saxta «erməni soyqırımı» iddialarının ifşası və digər məsələlərdə bağlı xarici ölkələrdə yaşayan soydaşlarımızın üzərinə düşən vəzifələr üzrə qruplaşdırılıb. Xartiyadakı məqsəd və vəzifələrin həyata keçirilməsinin konkret mexanizmləri də sənəddə öz əksini tapıb./ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|