|
Siyasət / 21.11.2008 16:31 Abdullah Gül: "Bu tarixi arzunun gerçəkləşməsi böyük əhəmiyyət kəsb edir"
Abdullah Gül Türk Dövlətləri Parlament Assamleyasının yaradılması ideyasını dəstəklədiyini, bu tarixi arzunun gerçəkləşməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb
Türkiyənin İstanbul şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÖ PA) yaradılması ilə bağlı toplantı keçirilir. Azərbaycanının İstanbuldakı baş konsulu Səyyad Aran müzakirələrin birinci hissəsinin artıq başa çatdığını, ilk hissədə Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın çıxış edərək sözügedən qurumun yaradılmasının vacib olduğunu bildirdiyini deyib. "Zaman-Azərbaycan" xəbər verir ki, tədbirdə çıxış edən Türkiyə prezidenti Abdullah Gül də çıxışında Türk Dövlətləri Parlament Assamleyasının yaradılması ideyasını dəstəklədiyini, bu tarixi arzunun gerçəkləşməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bundan sonra Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Nizami Cəfərov və digər iştirakçılar da qısa nitq söyləyiblər. S.Aran Türk Dövlətləri Parlament Assamleyasının yaradılması ilə bağlı sənədin iclasın sonunda imzalanacağını bildirib. Baş konsul toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın nümayəndə heyətlərinin iştirak etdiyini deyib: “Belə bir arzu ifadə olundu ki, yaxın gələcəkdə Özbəkistanla Türkmənistan da bu ölkələr sırasına qoşulsun”.
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|