|
İç Xəbər / 20.11.2008 19:43 200 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğu quraşdırılacaq
Prezident İlham Əliyevin sərəncamı ilə bu məqsədlə 2 milyon manat məbləğində vəsait ayrılıb
Prezident İlham Əliyev, “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Respublikasında əhalinin ekoloji tələblərə cavab verən keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən keçirilmiş bir sıra tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarında, habelə Yevlax, Zərdab, Ağcabədi, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan, Neftçala və Biləsuvar rayonlarının 100 yaşayış məntəqəsində 2007-2008-ci illərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılmış və bir çoxunda qurğular artıq əhalinin istifadəsinə verilib: “Ölkənin regionlarında modul tipli sutəmizləyici qurğuların quraşdırılmasının gələcəkdə də davam etdirilməsi keyfiyyətli içməli su ilə bağlı problemləri olan yaşayış məntəqələrini ekoloji cəhətdən təmiz su ilə təmin edəcək və ümumilikdə əhalinin sosial rifahının yaxşılaşdırılmasına səbəb olacaq”.
Dövlət başçısı modul tipli sutəmizləyici qurğulardan istifadə edilməsi nəticəsində ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində əldə edilmiş müsbət nəticələri nəzərə alaraq qərara alır ki, Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədi ilə həmin çayların sahilboyunca yerləşən rayonların əlavə 200 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılması üçün 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2 (iki) milyon manat məbləğində vəsait ayrılsın. Nazirlər Kabinetinə tapşırılır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifləri əsasında yuxarıda göstərilən tədbirin həyata keçirilməsi üçün tələb olunan əlavə vəsaiti 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulacaq dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsü zamanı nəzərə alsın. /ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|