|
Nəzər Nöqtəsi / 18.11.2008 00:00 «Azərbaycan iqtisadiyyatından ehtiyaс meyarı anlayışı götürülməlidir»
Vahid Əhmədov: «Son illər ərzində büdcənin təqdimatında müsbət irəliləyişlər çoxdur»
Milli Məclis 2009-cu ilin dövlət büdcəsinin və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi başa çatdırıb. Sənədin təkmilləşdirilməsi üçün hökumətə 10 gün vaxt verilib. Hökumət 10 gün müddətində deputatların təkliflərinə baxdıqdan sonra yaxın günlərdə Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsi haqqında qanun layihəsinə bütövlükdə münasibət bildiriləcək. Milli Məclisin iqtisadi siyasət komissiyasının üzvü Vahid Əhmədov hesab edir ki, təyin olunmuş müddət ərzində büdcədə dəyişikliklər baş verəcək: - Büdcədə müəyyən dəyişikliklər olmalıdır. Büdcənin həm gəlir, həm də xərclər hissəsi ilə bağlı təkliflər həddindən artıq çoxdur. Biz bu məsələyə bir neçə gündən sonra yenidən qayıdacağıq. Görək hökumət hansı təklifləri qəbul edəcək, hansıları yox. - Sizcə, fundomental dəyişikliklər nədən ibarət olmalıdır? - Əsas mübahisə mövzularından birin neftin qiymətidir. Bunun büdcəyə o qədər də böyük təsiri olmasa da, Neft Fonduna təsiri olacaq. Dünyadakı maliyyə böhranı ilə bağlı müəyyən məsələlər, o cümlədən, Azərbaycanda qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı ilə bağlı məsələlər çox ciddi qoyulub. Bu sahələrə maliyyə ayırımı, həm də məsələlərə baxış tamamilə dəyişməlidir. Eləcə də dünyada baş verən maliyyə böhranının Azərbaycana təsirini minimuma endirmək üçün görüləcək tədbirlərə baxılmalıdır. Hər bir millət vəkili təmsil etdiyi bölgənin probelmləri ilə də bağlı məsələlər qaldırıb. Bir neçə gündən sonra həmin məsələlərə cavab verilməlidir. - Bir iqtisadçı kimi necə qiymətləndirirsiniz, dövlət büdcəsi layihəsində peşəkarlıq səviyyəsi yüksəkdirmi? - Mən iclasda da qeyd etdim ki, maliyyə nazirinin təqdimatı yüksək səviyyədə idi. Biz hələ komissiyada müzakirə edəndə də bu barədə fikirlərimizi söyləmişik. Ümumiyyətlə, son illər ərzində büdcənin təqdimatında müsbət irəliləyişlər çoxdur. Çünki müəyyən məsələlər əvvəllər bizə təqdim olunmurdu. Xüsusilə hansı sahəyə nə qədər maliyyə ayrılması və s. Ümumiyyətlə, büdcənin Milli Məclisdə təqdimatı yüksək səviyyədədir. Düzdür, ola bilsin ki, bizim təkliflərimizin hamısı nəzərə alınmır. Amma biz təkliflərimizin keçməsinə çalışırıq. Məsələn, Milli Məclisin son iclasında ehtiyac meyarı, yaşayış minimumu ilə bağlı ciddi fikir mübadiləsi oldu. Biz istəyirik ki, ehtiyac meyarı anlayışı Azərbaycan iqtisadiyyatından götürülsün və hər şey yaşayış minimumuna bağlansın. - Səslənən əsas təkliflərdən biri də orduya ayrılan vəsaitin azlığı ilə bağlı idi. Siz bununla razılaşırsınızmı? - Bu məsələni komissiyanın iclasında mən də qaldırmışdım. Düzdür, orduya ayrılan vaəsait keçən ildəkindən çoxdur. Amma 2008-ci ildə büdcə dürüstləşməsi zamanı biz orduya ayrılan vəsaiti təxminən 200 milyon manat artırmışdıq. Bu rəqəmi də nəzərə alsaq, gələn ilin büdcəsində nəzərdə tutulmuş vəsait azdır. Qeyd edim ki, bu rəqəm 1,5 milyard dollara yaxındır. Lakin hər şey normal getsə, orduya ayrılan vəsaitə 2009-cu ilin ikinci yarısında bir daha baxıla bilər. Mahir Məmmədli /ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|