|
Ordan-Burdan / 10.11.2008 11:30 Azərbaycanlı Zirəddin Rzayev Rusiyanı şoka salıb!
TNT telekanalında «Bitva ekstrasensov» verilişində fərqlənən həmyerlimiz, ekstrasensor qabiliyyətilə yüz minlərlə tamaşaçının rəğbətini qazanmaqla yanaşı Azərbaycanı təbliğ edir
Rusiyada, elə Azərbaycanın özündə milyonlarla insanın maraqla izlədiyi həftəlik «Bitva ekstrasensov» verilişində Azərbaycan vətəndaşı, Rusiyada üçüncü ali təhsilini alan 26 yaşlı Zirəddin Rzayev öz biliyilə münsiflər heyəti və çəkiliş qrupu ilə yanaşı, bu verilişi izləyən yüz minlərlə tamaşaçını təəccübləndirib. Təəccübləndirməkdə də davam edir.
Əvvəlcə onu qeyd etmək lazımdır ki, son iki il ərzində bu verilişin beş mövsümü işıq üzü görüb. «Bitva ekstrasensov» şou xarakterli deyil. Bu, qeyri-adi bacarıqlı insanların bir növ sınaqdan keçirilməsinə, özünü axtarıb-tapmasına yönəlmiş layihədir. İndiyədək bu verilişin beş mövsümü işıq üzü görüb. Onlardan ikisinin qalibi Rusiya vətəndaşları, digər üçü isə Tacikistan, İran, Özbəkistanlı olub.
Verilişin iştirakçısı olmazdan əvvəl televiziya ilə yayımlanan elan əsasında özünü qeyri-adi bacarıqlı hesab edən yüzlərlə insan seçim mərhələsini keçir. Birinci mərhələ zamanı böyük akt zalında əyləşən insanlar səhnədən asılmış qara, işıq keçirməyən pərdənin arxasında nəyin olduğunu deməlidir. Əgər «altıncı hiss» kömək etsə və özünü ekstrasens sayan, bu yüksək reytinqli verilişdə iştirak etmək istəyən şəxs pərdənin arxasında qoyulan əşyanı (yaxud insanı, onun hansı hərəkətlər etdiyini) «görsə», düzgün deyə bilsə, o, növbəti seçim mərhələsinə keçmiş hesab olunur. Digər seçim turunda bağlı konvertlərə üç şəkil qoyulur. Hansı konvertdə kimin şəklinin olduğunu düzgün tapanlar növbəti mərhələyə addımlayır. Üçüncü mərhələdə isə çəkiliş qrupundan bir nəfər böyük ərazidə qoyulmuş onlarla şkaf, maşın, müxtəlif konteynerlər və digər əşyalardan birinin içərisində gizlənir. Ekstrasensin məqsədi - onu tapmaqdır. Bütün bu mərhələlərdən uğurla keçən həmyerlimiz Zirəddin Rzayev «Bitva ekstrasensov» verilişinin doqquz iştirakçısından biri olub. Artıq beşinci həftədir ki, finala doğru addımlayan soydaşımız ədalətsizliklərlə də üzləşməyə məcbur olur. Amma bu barədə az sonra.
Əvvəlcə onu deyək ki, milyonlarla televiziya tamaşaçısının gözü qarşısında azərbaycanlı Zirəddin Rzayev dörd rus, bir erməni, iki qazax, bir dağıstanlı həmkarı ilə birgə hər həftə müxtəlif sınaqlardan keçir (hər verilişin sonunda münsiflər heyətinin qərarı ilə «Həftənin zəifi» seçilmiş şəxs layihəni tərk edir). Hər verilişdə də onlar üç sınaqdan keçir (sınağın gedişini ayrı otaqda quraşdırılmış monitorla xüsusi adamlar izləyir). Məsələn, verilişlərdən birində ekstrasenslər ayrı-ayrılıqda gözü bağlı (qara, ətrafı görməyə imkan verməyən xüsusi eynəkdə) tarixi binalardan birinə gətirilib. Onlar, dayandığı yerin tarixçəsini, burada baş vermiş hadisələri, binanın sahiblərini «görməli» idi. Bu tip sınaqlardan soydaşımız uğurla keçib. Daha bir verilişdə digər ekstrasenslərdən fərqli olaraq Zirəddin Rzayev bağlı konvertdə məşhur rus şairi Sergey Yeseninin fotosunun olduğunu «görə» bilib və hətta onun ölümünə dair indiyədək heç kimə məlum olmayan məqamları söyləyib.
Son verilişlərdən birində ekstrasenslər onlara verilmiş qanı əllərinə alıb onun kimə məxsus olduğunu söyləməli idi. Zəif olmayan və indiyədək layihədə qalan yeddi iştirakçıdan ikisi bu qanın kişi xeylağına məxsus olduğunu bildirsə də, yalnız Zirəddin Rzayev həmin şəxsi başdan ayağadək təsvir edib, onun həyatından heç kimə bəlli olmayan məqamları, hətta keçirdiyi xəstəlikləri söyləyib. Son verilişdə akt zalında əyləşən müxtəlif milliyyət və cinsdən olan şəxslərin hamısının fevralın 29-da anadan olduğunu yalnız soydaşımız söyləyə bilib.
Hər həftə yayımlanan verilişlərdə sonuncu, üçüncü sınaq çox ağır olur. Burada qətlə yetirilmiş, özünə qəsd etmiş, itkin düşmüş, bir sözlə, çoxlu sual doğuran, müəmmalı hadisələrin qurbanı olmuş şəxslərin yaxınları ekstrasenslərin köməyinə ehtiyac duyur. Verilişlərdən birində ekstrasenslər Yaroslavl şəhəri ərazisində yerləşən meşəliyə, dörd məktəblinin vəhşicəsinə qətlə yetirildiyi yerə aparılıb. Burada da yalnız Zirəddin Rzayev hadisəni bütün xırda detallarınadək söyləyib və bununla da verilişə müraciət edən valideynləri şoka salıb.
Ümumiyyətlə, Azərbaycanda da «Bitva ekstrasensov» layihəsini izləyən yüz minlərlə tamaşaçı da sınaqların əksəriyyətini fərqli, özü də uğurla keçən soydaşımıza qarşı münsiflər heyətinin qeyri-obyektivliyinin şahidi olur. Bu qəbildəndir ki, «Həftənin qalibi»ni seçərkən münsiflər heyəti daha çox ya rus, ya da erməni ekstrasensləri müdafiə edir, onlar güclü elan olunur, Z.Rzayevin faktiki olaraq verilişboyu üç sınaqdan üçünü də uğurla keçdiyi həftədə isə münsiflər, nədənsə, yekdil qərara gələ bilmir və güclü iştirakçının fotosunun olduğu ağ konvert, hansısa səbəbdən, boş çıxır... Bundan başqa, layihənin əvvəlində milyonlarla tamaşaçının maraqla izlədiyi, yüksək reytinqə malik olan bu verilişdə soydaşımız dağıstanlı kimi təqdim olunurdu. Rusiyanın müxtəlif internet saytlarında adı hallandırılan, öz bacarığı ilə Rusiyanı bir növ şoka salan Z.Rzayev buna qəti etirazını bildirdikdən sonra, həmyerlimizi, rəhbəri erməni olan TNT telekanalı nəhayət ki, Azərbaycanlı kimi təqdim etməyə başladı. Amma bütün çətinliklərə baxmayaraq, soydaşımız çox inamlı görünür və hiss olunur ki, o, öz gücünə əmindir. Başqa cür ola da bilməz. Azərbaycan onun qələbəsini istəyir. Z.Rzayevin özü ilə əlaqə saxlaya bilməsək də, əldə etdiyimiz məlumata əsasən, verdiyi müsahibələrdə və iştirak etdiyi verilişlərdə həmyerlimiz fürsətdən istifadə edərək Azərbaycanı və İslam dinini təbliğ edir. Rus saytlarından birində dərc edilmiş məqalədə bildirilir ki, həmyerlimiz Z.Rzayev anadan olarkən müsəlman olub. Bu yaşınadək qabiliyyətindən çəkinən, Allaha ibadət edən 26 yaşlı Zirəddin Moskva Tibb Universitetinin Psixosomatika fakültəsində üçüncü təhsil almaq qərarına gəlib ki, gələcəkdə öz bacarığından insanların müalicəsində istifadə edə bilsin. Televizorla «Bitva ekstrasensov» verilişinin elanını gördükdən sonra dostunun təkidilə ora yollanıb və bütün seçim mərhələlərindən uğurla keçib. Məqalədə habelə deyilir ki, 26 yaşlı Zirəddin Rzayev özünü ekstrasens hesab edir və əsasən telepatiya vasitəsilə informasiya əldə edir: "Anam mənə hamilə olanda peyğəmbərlərlə bağlı yuxu görür və başa düşür ki, doğulacaq övladı unikal adam olacaq. Bir dəfə mən sağalması mümkün olmayan əsəb xəstəliyindən əziyyət çəkən qızın həyatını xilas etmişəm, amma artıq həkimlər ondan əllərini üzmüşdülər. Sonra mən həmin qızla ailə həyatı qurdum ki, insanların qınağından qaçım. Mən uzun müddət istəmişəm ki, peşəkar həkim olum. Ancaq "Битва экстрасенсов" verilişinin bütün mövsümlərinə baxandan sonra başa düşdüm ki, mənim peşəmdə ayıb sayılacaq bir şey yoxdur". Onu da qeyd edək ki, proqramda müxtəlif sınaqlardan keçdikdən sonra 3 nəfər finala qalır, finalda isə hər şey tamaşaçıların rəyindən asılı olur. Bir nəfər qalib gəlir və mükafatlandırılır. Qələbə qazanmış şəxs ABŞ-da keçiriləcək ekstrasenslər arasında dünya çempionatına vəsiqə qazanmış olur. Xatırladaq ki, veriliş hər şənbə saat 11.00-da və bazar günü saat 19.00-da yayımlanır.
/ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|